«Sərhədsiz Reportyorların hesabatlarına təzyiqlə cavab verirlər»
«Xədicə Ismayılla bağlı baş verənlər senzuradan betər idi»
Azərbaycan jurnalistləri Almaniyaya səfərin dördüncü günündə Sərhədsiz Reportyorlar Təşkilatının icraçı direktoru Kristian Meeromun qonağı olublar. Qeyd edək ki, səfəri Azadlıq Naminə Fridrix Nauman Fondu təşkil edib.
Görüş zamanı təşkilatın rəhbəri iki dəfə Azərbaycanda olduğunu, “Eurovision” musiqi yarışması zamanı Azərbaycanda çox işləyib ölkəmiz barədə çox yazdıqlarını bildirdi. Onun sözlərinə görə, Sərhədsiz Reportyorlar Təşkilarının Berlin ofisi Fransa ofisindən kiçik olsa da, qlobal təşkilatdır və axtarışlarını davam etdirir: “Biz azad söz və müstəqil jurnalsitika uğrunda mübarizə aparırıq. Azərbaycandakı fəaliyyətimizin də əsas istiqaməti bunlardır. Düzdür, ölkəniz Rusiya qədər böyük deyil. Amma hər şey diqqətdə saxlanılır. Hazırda Soçi Olimpiadasına hazırlaşan şimal qonşunuzla bağlı kampaniyaya başlamışıq. Əsas istiqamət də internet azadlığıdır”.
Kristian Meron təşkilatın alman ofisinin ianə və üzvlük haqları hesabına maliyyələşdiyini bildirib: “Təşkilatın 1100 üzvü var. Hər il mayın 3-də 1200 tirajla fotoalbom çap olunur və dünyanın bütün ölkələrinə yayılır. Albomun qiyməti 12 avrodur. Fransa sektoru bu cür 4 albom buraxır. Biz ölkələrdəki mediaya münasibəti reytinqlər vasitəsilə öyrənirik. Xüsusən də mətbuata iqtisadi, hüquqi, siyasi təzyiqləri araşdırırq”.
K.Meron keçmiş vicdan məhbusu Eynulla Fətullayevlə bağlı suala belə cavab verib: “O, yenə həbs olunsa, yenə də müdafiə olunacaq. Onun bizim haqqımızda son hərəkəti həyasızlıq idi. Onun materiallarında əsas arqument o idi ki, guya Almaniya və Avropada insan haqları pozulur. Bunu əsas götürərək Sərhədsiz Reportyorları bu problemləri qabartmaqda yox, başqa ölkələrin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Halbuki insan haqları coğrafi məsələ deyil. Onsuz da biz Almaniyada və başqa Avropa ölkələrində insan haqlarının durumu və media ilə bağlı hesabatlar hazırlayırıq. Iddia etmirik ki, Almaniyada hər şey yaxşıdır. Ancaq Azərbaycandan fərqli olaraq Almaniyada jurnalistlər istənilən mövzuya müraciət edib, sərbəst şəkildə işləyirlər. Bu da dövlət idarəetməsindən irəli gəlir. Ona görə də Fətullayevin materiallarını hökumətin mövqeyi kimi qəbul edirik”. O, bildirdi ki, hər il təşkilata miqrasiya ilə bağlı 15-20 jurnalist müraciət edir: “Bunlar daha çox Iran, Suriya, Rusiya jurnalistləri olur. Hətta gözlənilmədən Meksikadan da belə müraciət almışıq”. K.Meron Azərbaycanda medianın durumunun pisləşdiyini qeyd etdi: “Amma Azərbaycanda başqa ölkələrdən fərqli olaraq birbaşa senzura yoxdur, sadəcə, özünüsenzura var. Biz jurnalistlərin döyüldüyünü bilirik. Məsələn, SOCAR-ın mühafizəçilərinin bir jurnalisti döyməsi haqda məlumatlıyıq. Xədicə Ismayıl məsələsi birbaşa senzura deyildi, daha pis idi. Sizin hakimiyyət azad mətbuatın zəif olmasında maraqlıdır. Və bizim hesabatlarımıza 3 formada reaksiya verir: qeyri-mədəni, təzyiqlə və nəhayət indiki apardığı siyasətin davam etdirilməsi ilə. Bu mənada Eynulla Fətullayevin bizə reaksiyasını hökumətin bizə cavabı kimi qiymətləndiririk”.
Aytən