Seçicilərin dəqiq sayı nə qədərdir?

Həsən Kərimov: «Bu rəqəmlərin ictimaiyyətə açıqlanmaması seçkinin demokratik keçiriləcəyini şübhə altına alır»

 

Bəlli olduğu kimi, bir müddət öncə Dövlət Statistika Komitəsilə MSK əhalinin, eləcə də real seçicilərin sayıyla bağlı statistika açıqlamışdı. Statistika Komitəsinin açıqlamasında göstərilmişdi ki, Azərbaycan əhalisinin sayı 9 mlyon 356 mindən artıqdır ki, bunun da 6 milyon 467 mindən çoxu 20 yaş və ondan yuxarı insanı təşkil edir. MSK isə seçicilərin sayının 4 milyon 986 min nəfər olduğunu bildirmişdi. Bununla da milyon yarım fərqin olduğu görünürdü. 

Sözügedən statistikanın nəticəsi barədə “Azadlıq”a açıqlama verən MSK sözçüsü Azər Sarıyev seçkilərə start veriləndən sonra qurumun ikinci dəqiqləşdirməni apardığı və başa çatdırdığını bildirib. A.Sarıyevin məlumatına görə, bu iş yüksək səviyyədə həyata keçirilərək yekunlaşdırılıb. Səsvermə ərəfəsində isə yekun siyahıda nə qədər seçicinin olduğu ictimaiyyətə açıqlanacaq.

Məsələni şərh edən AXCP Ali Məclisinin sədri Həsən Kərimov hər iki qurumun açıqladığı statistikanın bir-birini təkzib etdiyini bildirib. Həsən bəy bunun hamısını seçkilərin saxtalaşdırılmasına hesablanmış məsələ adlandırır: “Şəxsiyyət vəsiqələrinin yığılması, Azərbaycandan kənarda yaşayan seçicilərin sayının indiyədək dəqiq məlum olmaması və hərbi xidmətdə olanların sayının dəqiqləşdirilməməsi onu göstərir ki, seçki üçün böyük saxtakarlıq əməliyyatı həyata keçiriləcək. Seçicilərin sayını göstərən rəqəmlərin araşdırılaraq ictimaiyyətə açıqlanmaması seçkinin bəri başdan demokratik keçiriləcəyini şübhə altına salır”.

Nigar