NİDA həbsdəki üzvlərinə qarşı yeni ittihamı absurd adlandırdı

NİDA Vətəndaş Hərəkatı həbsdə olan 7 üzvünə qarşı yeni ittihamın irəli sürülməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Hərəkat üzvlərinə qarşı irəli sürülən yeni ittiham tamamilə əsassızdır və heç bir hüquqi arqumentə söykənmir. Seçkiyə bir aydan da az qalmış vaxtda NİDA üzvlərinə qarşı irəli sürülən yeni ittiham seçki dövründə Azərbaycanda siyasi aktivlik göstərən gənclərin susdurulmasına hesablanıb: “Üzvlərimizə verilən ittiham birbaşa olaraq N!DA Vətəndaş Hərəkatının seçki öncəsi fəallığı ilə bağlıdır. Hakimiyyət bu vasitə ilə seçkiöncəsi proseslərdə kifayət qədər aktiv iştirak edən N!DA-nı cəzalandırdığını düşünür. N!DA üzvlərini ölkədə kütləvi iğtişaş törətməkdə ittiham etməklə Azərbaycan hakimiyyəti ümumilikdə ölkə gənclərinin gözünü qorxutmaq, seçki ilində onların siyasi fəallığını minimuma endirmək məqsədi güdür”.
Bəyanatda deyilir ki, bu cür siyasi gedişlər NİDA VH-nin fəaliyyətini heç bir halda əngəlləyə, onun demokratik dəyişikliklər uğrunda gördüyü işlərə mane ola bilməz: “N!DA VH hesab edir ki, üzvlərinə qarşı irəli sürülmüş bu yeni ittiham mart ayının 7-dən bəri hərəkata qarşı başladılmış repressiya dalğasının növbəti mərhələsidir. Hərəkat bəyan edir ki, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işinin motivinin dəyişdirilərək N!DA-çıların işinə birləşdirilməsi hakimiyyətin seçki ilində belə absurd qərarlar qəbul edəcək qədər narahat olduğunun göstəricisidir. İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işinin N!DA üzvlərinin işi ilə birləşdirilməsi bu cinayət işinin tamamilə qurama olduğunun və hüquq-mühafizə orqanlarının gəncləri repressiya məruz qoymaq üçün görülməmiş qanunsuzluqlara əl atmaqdan çəkinmədiyinin bariz sübutudur”.
NİDA VH Avropaya inteqrasiya xətti tutduğunu iddia edən Azərbaycan hakimiyyətini demokratik dəyişikliklər uğrunda fəaliyyət göstərən ölkə gəncliyinə qarşı yürütdüyü bu repressiya siyasətini dayandırmağa və əsassız şəkildə həbs edilən üzvləri dərhal azadlığa buraxmağa çağırır. Hərəkat bəyan edir ki, üzvlərinə verilmiş qanunsuz ittihamların saxta olduğu məhkəmə prosesində hər bir halda sübuta yetiriləcək. NİDA Azərbaycan hakimiyyətindən bu cür qanunsuz addımlar atmaqla dövlətin nüfuzuna xələl gətirməyi dayandırmağı tələb edir.
Qeyd edək ki, sentyabrın 12-də NİDA VH-nin həbsdə olan üzvlərinə qarşı Cinayət Məcəlləsinin 220.1-ci maddəsi (kütləvi iğtişaş törətmək) ilə yeni ittiham irəli sürülüb.