«20 il ərzində törətdiyi cinayətlər iqtidarın hazırda təbliğ etməyə çalışdığı əməlləri kölgədə qoyur»
Namizəd Səfərov: «Ölkə vətəndaşına seçim hüququ tanınsa, saxtalaşdırma olmasa Cəmil Həsənli ən azı 80 faiz səs ala bilər»
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyinə namizədi Cəmil Həsənlinin namizədliyini dəstəkləyən bir qrup tanınmış hüquqşünas məhz Milli Şuranın ölkədə zəruri olan dəyişiklikləri reallaşdıracağına inanır. Müsahibimiz sözügedən bəyanata imza atan hüquqşünaslardan biridir. Namizəd Səfərovla söhbətimizin ilk sualı elə niyə məhz C.Həsənlinin namizədliyi üzərində dayanıldığı ilə bağlı oldu.
– Cəmil Həsənli real müxalifətin vahid namizədidir. Prezidentliyə 14 nəfərin namizədliyini irəli sürməsinə baxmayaraq, onların içərisində demokratik düşərgənin geniş spektrını təmsil edən yeganə namizəd Cəmil Həsənlidir. Yəni ölkənin əsas müxalifət qüvvələri məhz Cəmil Həsənlinin namizədliyini dəstəkləyirlər. Ölkənin tanınmış hüquqşünasları kimi biz Azərbaycanda baş verən olaylara biganə qala bilməzdik. Baş verənlərin mahiyyətini çox gözəl anlayırıq. Artıq 20 ildir ki, Azərbaycanda eyni sülalə, rejim hakimiyyətdədir. Onlar demokratik dünyanın bütün normalarını tapdalayırlar. Hakimiyyət bu gün ölkədə normal seçki keçirərək iqtidardan könüllü getməliydi ki, xalqın dəstəklədiyi yeni bir qüvvə hakimiyyətə gəlsin. Amma hadisələrin inkişafı göstərir ki, bu rejim hakimiyyətdən beşəlli yapışıb durmaqdadır. Hətta hakimiyyət nümayəndələri qanuna qarşı hörmətsizlik göstərərək bəyan ediblər ki, onlardan iqtidarı yalnız qan tökərək almaq olar. Hakimiyyət bütün vasitələrdən istifadə edərək iqtidarda zorla qalmaq istəyir.
– Cəmil Həsənliyə dəstək verən hüquqşünasların sayı kifayət qədərdir. Amma onlardan yalnız bəzisinin adı siyahıya düşüb. Bu siyahının genişləndirilməsi istiqamətində başqa hansı addımlar atılacaq?
– Bu, qısa müddətdə belə bir bəyanatın verildiyindən xəbər tutaraq onun altına imza atan hüquqşünasların siyahısıdır. Mən inanıram ki, ölkənin tanınmış, nüfuzlu hüquqşünaslarının əksəriyyəti də Cəmil Həsənliyə dəstək verməyə hazırdır. Bir çoxları mənə zəng edərək nəyə görə onlara bu barədə məlumat verilmədiyini soruşurlar. Ona görə on altı nəfərlik siyahının artacağı gözlənilir. Bizimlə əlaqə saxlayanlar öz imzalarını Cəmil Həsənlinin müdafiəsi naminə atmağa hazır olduqlarını bəyan ediblər. Ölkədəki yüzlərlə hüquqşünas bu bəyanatın altından imza etməyə hazırdır. Çünki onların da tanıdığı və dəstəklədiyi namizəd məhz Cəmil Həsənlidir.
“Seçki ərəfəsində demokratik mühit hiss olunmur”
– Hakimiyyət nəyə görə ölkədə seçki ab-havasının hiss olunmaması üçün əlindən gələni edir?
– Bir aydan sonra ölkənin taleyində mühüm rol oynayan prezident seçkiləri keçiriləcək. Seçki ərəfəsində isə demokratik mühit hiss olunmur. Seçkilər elə bir şeydir ki, seçkilərə bir ay qalmış bəzi addımların atılması o seçkinin demokratik keçdiyinə dəlalət etmir. Demokratik seçki demokratik ölkədə mümkündür. Ona görə də bu seçkiyə hazırlıq bir neçə ayda deyil, keçmiş prezidentin fəaliyyət göstərdiyi beş ildə ortaya qoyulur. Bu gün üçün ölkədə söz, ifadə, sərbəst toplaşmaq azadlığı məhduddur. Ölkədə bir aydan sonra prezident seçkiləri keçiriləcək. Amma hakimiyyət namizədindən savayı bir namizədin belə seçicilərlə görüşü keçirilməyib. Müxalifət bir neçə dəfə əhali ilə geniş görüşün keçirilməsi üçün hakimiyyət orqanlarına müraciət edib. Amma geniş təbliğat üçün imkanlar yaradılmır. Hazırda hakimiyyət öz namizədinin təbliğat kampaniyasını nəzarətində olan kanallarda başlatsa da, digər namizədlərə bu şərait yaradılmır. Budəfəki seçkilərdə də hakimiyyət tapşırığı ilə namizədliyini verən şəxslər də kifayət qədərdir. On dörd nəfərin namizədliyini irəli sürməsi görüntü məqsədi daşıyır. Imzatoplama kampaniyası da bunu sübut etdi. Yalnız bir neçə siyasi qüvvə imzatoplama kampaniyasına qatılaraq namizədi üçün imza topladılar. Əgər namizədlərə bu cür şərait yaradılırsa, ölkədə normal seçki mühitinin olduğundan danışmağa belə dəyməz. Hakimiyyət bütün vasitələrdən istifadə edərək müxalifətin namizədinin seçicilərlə görüşünün qarşısını almağa çalışır. Müxalifətin əlində olan yeganə təbliğat vasitəsi mitinqdə seçicilərlə görüşməkdir. Hazırda bu imkan da müxalifətin əlindən alınıb. Hazırkı hakimiyyətin mahiyyəti, yürütdüyü siyasət barəsində seçicilər önündə müxalifətin təbliğatına imkan verilmir. Yəni müxalifətin növbəti mitinqi sentyabrın 22-nə təyin edilib. Ondan sonra seçki gününə az vaxt qalır. Bu müddət normal təbliğat aparmaq üçün imkan vermir.
– Cəmil Həsənli kimi tanınmış elm xadiminə qarşı qarayaxma kampaniyası aparmaq, onu “arxiveşələyən” adlandırmaq nə dərəcədə düzgün addımdır. Bir vaxtlar Rüstəm Ibrahimbəyova qarşı aparılan kampaniya hazırda Cəmil Həsənliyə yönəlib…
– Doğurdan da çox qəribədir. Hakimiyyət 20 ildir iqtidarda olduğu müddətdə xalqın rifahı naminə hansı addımlar atdığı barədə yox, müxalifət namizədinə qarşı kampaniya aparır. Cəmil Həsənliyə qarşı hansı təbliğatı aparmaq olar? Cəmil Həsənli tanınmış alim, ziyalı, tarixşünasdır. Cəmil Həsənli barədə kampaniya keçirmək mənəviyyatdan da uzaqdır. Hakimiyyətin 20 il ərzində törətdiyi cinayətlər iqtidarın hazırda təbliğ etməyə çalışdığı əməlləri kölgədə qoyur. Cəmil Həsənli bu hakimiyyətdə təmsil olunmayıb, ona görə onun heç bir çirkin əməli yoxdur. Qoy hakimiyyət öz namizədinin gəlirləri haqqında bəyannaməni mətbuata təqdim etsin. Bütün bunlar araşdırma predmeti olmalıdır, nəinki Cəmil Həsənli.
“Hakimiyyət vətəndaşını saymır”
– Ölkədə normal seçkilər keçirilərsə, Milli Şuranın namizədi seçkidə neçə faiz səs yığa bilər?
– Burada iki amil var. Birincisi, bu xalq 20 il ərzində bu hakimiyyətin idarəçiliyindən cana doyub. Hər addımda korrupsiya, vətəndaşlara saysız problemlərin yaradılmasının şahidiyik. Azərbaycan vətəndaşı problemlərin ağırlığı altında əzab çəkir. Hazırda ciddi problemlərin içərisində olan vətəndaş heç cür bu hakimiyyətə səs verə bilməz. Vətəndaşlar artıq hakimiyyətddən cana doyub. Ona görə vətəndaşlar hakimiyyətə real alternativ olan qüvvə axtarırlar ki, dəstəkləsinlər. Bu gün alternativ qüvvə kimi Milli Şura və onun namizədi Cəmil Həsənli çıxış edir. Əgər ölkə vətəndaşına seçim hüququ tanınarsa və onun verdiyi səslər saxtalaşdırılmazsa, Cəmil Həsənli ən azı 80 faiz səs ala bilər.
– Hakimiyyət müxtəlif rəy sorğuları keçirir və həmin sorğularda, əlbəttə, hakimiyyətin namizədi qalib elan edilir. Eyni zamanda açıq formada bəyan olunur ki, hakimiyyət namizədi üçün təbliğat kampaniyası aparmayacaq və təşviqat dövründə dövlət başçısı iş qrafikini dəyişmək niyyətində deyil. Dünyanın hər yerində namizədliyini irəli sürən şəxs bilavasitə seçki yarışına qatılır. Azərbaycanda isə tam fərqli situasiya müşahidə olunur.
– Bu, hakimiyyətin vətəndaşını saymamasının nəticəsidir. Bu, əslində cəmiyyətə bir çağırışdır. Hakimiyyət bəyan edir ki, kimin hansı təbliğatı aparmasından, hansı bəyanatları verməsindən asılı olmayaraq biz hakimiyyətdə qalacağıq. Əslində bu, cəmiyyətə qarşı zorakılıq nümayişi, hədə gəlinməsidir. Hakimiyyət bu gün müxtəlif sorğular keçirərək guya cəmiyyətin ona səs verəcəyini bəyan edir. Bütün bu sorğular uydurmadır. Biz son 20 ildə Azərbaycanda seçkilərin hansı formada keçirildiyini gözəl bilirik. Seçki məntəqələrindən tutmuş, MSK-ya kimi üzvlər hakimiyyətin adamlarıdır. Əslində seçki məntəqələrində nəticələr real səsverməyə əsasən deyil, saxtakarlığa əsasən protokollara qeyd edilir. Səsvermənin həlledici zamanında müxalifətdən olan müşahidəçilər məntəqələrdən çıxarılır, səsvermənin nəticələrinin hesablanmasına imkan verilmir. Hazırda hakimiyyət keçirdiyi sorğularla seçkiləri saxtalaşdırmaq niyyətində olmasının anonsunu verir. Ona görə də hakimiyyət əlavə olaraq təbliğat kampaniyası aparmağa ehtiyac duymur.
“İlham Əliyev seçki qanununu pozur”
– Dövlət başçısının əyalətlərə səfəri zamanı onun yalnız məhdud bir dairə ilə görüş keçirdiyi müşahidə olunur. Ilham Əliyevin geniş kütlələr qarşısında çıxışdan çəkinməsinin səbəbi nədir?
– Hətta belə məlumatlar da var ki, dövlət başçısının rayonlarda vətəndaşlarla görüşü kimi təqdim olunan tədbirin iştirakçılarının bir qismi paytaxtdan rayona aparılır. Insanların farağat komandasında dayandığı və dialoqdan çox, monoloqu xatırladan bu görüşlər xalqın mövqeyini əks etdirmir. Əgər dövlət başçısı ölkəni növbəti beş ildə də idarə etməyə iddialıdırsa, o, rayonlara səfəri zamanı əhali qarşısında çıxış etməli, onların problemləri ilə maraqlanmalıdır. Vətəndaşları dövlət başçısına yaxın buraxsalar, əhalinin hamısı ona şikayət məktubları təqdim edəcək. Hakimiyyət minlərlə şikayət məktubunun qarşısını yalnız kiçik formatlı görüşləri keçirməklə alır. Əhalinin kütləvi şikayətləri ölkədəki real durumu göstərəcəkdi. Bu zaman isə xalqın hakimiyyəti istəmədiyi ortaya çıxacaq. Əslində dövlət başçısının əyalətlərdəki görüşləri özlüyündə bir seçki kampaniyasıdır. Əslində namizədlərdən biri seçki qanunvericiliyini kobud şəkildə pozaraq fərdi qaydada təbliğat kampaniyası həyata keçirir. Bu birtərəfli təbliğat da hakimiyyətin nəzarəti altında olan kanallar, qəzetlər vasitəsilə yayılır. Digər namizədlərdən heç birinin vətəndaşlara müraciət etmək imkanı olmayıb.
– Dövlət başçısı regionlara səfəri zamanı növbəti dəfə məmurlara xəbərdarlıq etdi. Amma dövlət başçısı yenə də heç bir məmurun adını çəkmədi. Bu nəyin görsənişidir?
– Əslində Azərbaycanda bir şəxsi diktatura formalaşdırılıb. Hesab etmirəm ki, Ilham Əliyev oliqarxlardan kimdənsə qorxur. Ölkədə elə situasiya yaranıb ki, istənilən məmur, istənilən oliqarx əldə etdiyi bütün imkanlarını bir dəqiqənin içində itirə və həbsə düşə, bu şəxslərə qarşı istənilən ittihamlar verilə bilər. Biz Fərhad Əliyev və Əli Insanova qarşı atılan addımlarda bunu gördük. Hakimiyyəti hazırda birləşdirən, monolitliyini təmin edən hamının oğurluq və korrupsiyada birgə iştirakıdır. Ona görə də hazırkı dönəmdə məmurlara hədə-qorxu gəlmək cəmiyyətin gözünə kül üfürməkdir. Əslində yaradılan mühit, dövlətdəki şərait məmurlara öz cinayətlərini necə törədirlərsə, elə də davam etdirməyə imkan verir. Məmurların heç nədən qorxmayaraq özlərinə sərvət toplamalarını, rüşvət almalarını cəmiyyət gözəl bilir. Məgər dövlət başçısı bunları bilmir? Ilham Əliyev bunları açıq formada deyə bilməz. Çünki məmurlar da öz növbəsində açıq formada olmasa da, sonradan işarə vura bilərlər ki, dövlət başçısının onlardan yüz dəfələrlə artıq qanunsuz əldə etdiyi əmlakı var. Ona görə bütün bu şəxslər zəncirin halqaları kimi bir-biriylə bağlıdır və mahiyyət etibarilə oxşardır.
– Son zamanlar vəkillər institutuna hakimiyyətin basqılarını necə dəyərləndirmək olar? Aslan Ismayılov, Qurban Məmmədov və başqalarına qarşı atılan addımlar da bunu sübut edir…
– Oxşar addımlar tanınmış vəkillər Yalçın Imanova, Elçin Namazova qarşı da atılıb. Öz fikrini ifadə edən vəkillərə qarşı aparılan təqiblər daim olub və davam edir. Amma Vəkillər Kollegiyası bu sistemin bir hissəsidir. Orada da vəziyyət digər hüquqi institutlardan fərqlənmir. Bu yuxarıların göstərişi, aparılan ümumi siyasətin tərkib hissəsidir.
Xəyal