Məmurlar nümunəni kimdən götürüb?

Ötən gün dövlət başçısı Ilham Əliyev Bərdədə məcburi köçkünlərlə görüş keçirib. Görüşdə prezident bildirib ki, rəhbər kadrlar öz fəaliyyətləri ilə cəmiyyətə nümunə olmalıdır. Əks halda belə məmurlar vəzifədə olmamalıdır. “Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər, xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə hesab edirəm ki, bu da dərs oldu. Yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmaz. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar” – deyə dövlət başçısı bildirib.

Bu fikirləri eşidəndə insan müxtəlif hisslərin burulğanında çabalayır. Düşünürsən ki, ilahi, mən hansı ölkədə yaşayıram, bura doğrudan da Azərbaycandırmı? Bu sözləri deyən bizim prezidentdirmi?

Məmurları nümunə olmağa səsləyən adam, bu nümunəni şəxsi fəaliyyəti ilə göstəribmi?

Biz hansısa nazirin, komitə sədrinin atasının adını daşıyan muzey tikdirməsinə, park salmasına şahid olmamışıq. Hansısa nazirin atasının doğum günündə 10 milyonlarla manatlıq gül gətirib bayram keçirməsinə də şahidlik etməmişik. Heç, hansısa nazirin doğum günündə 45-50 metrlik tort bişirilməsini, hansısa məmurun uşaqlarının qızıl yataqlarına sahiblik etməsini də görməmişik. Hətta bu faktları hansısa məmurun fəaliyyətində görsək də, həmin məmuru qınamaqda çətinlik çəkərik.

Çünki bu faktların nümunəsini həmin məmurlardan nümunə tələb edən adam göstərib.

Necə olur ki, bu ölkəyə xaricdən gül gətirmək yaxşı nümunə, xaricdən müğənni gətirmək isə pis nümunə sayılır? Yoxsa, əsas olan büdcəni talamaq yox, büdcəni necə talamaqdı?

Bərdədə məmurlardan nümunə tələb edən prezident təkcə bu “nümunə”ləri göstərməyib. O, həm də 10 illik hakimiyyəti dövründə 1 qarış torpaq almadığının nümunəsini, 10 faizlik maaş artımının nümunəsini, məcburi köçkünlərə 1 manat 65 qəpik “sürpriz” etməyin nümunəsini göstərib. Eyni zamanda vətənpərvər, intellektual gəncləri “ünsür”, “element”, “antimilli” adlandırmaq təcrübəsini göstərib.

Bu ölkədə müsbət məmur nümunəsi yoxdur. Bu ölkənin vətəndaşı hansısa məmur kimi varlı, pullu olmaq istəyir, amma hansısa məmura oxşamaq istəmir. Çünki bu ölkədə heç bir məmur öz intellekti, səmimiyyəti, mənəvi zənginliyi ilə xalqı “qida”landırmayıb. 

Artıq bu ölkədə həkimə cəllad, müəllimə saxtakar, polisə işverən kimi baxırlar. Bu ölkədə müsbət nümunələr məhv edilib. 

Məmurlardan cəmiyyətə nümunə olmağı tələb edən ölkə başçısı “Xalq artisti” adlandırdığı, “Şərəf”, “Şöhrət” ordeni verdiyi şəxslərə nəzər salmırmı? Bu admların neçə faizi xalqın sevimlisidir?

Bu hakimiyyət bütün fəaliyyəti ilə bu ölkəyə pis nümunələr gətirdi. Biz dərk etdik ki, oxumadan alim olmaq, dərsə getməyib attestat almaq, səs olmadan müğənnilik etmək olar.

Məcburi köçkünlər illərdi ata-analarının qəbrini ziyarət edə bilmir. Çünki ali baş komandan “Lazım”ın nümunəsini göstərmir. Əvəzində hərbi xidmətə gedən gənc oğulların geri qayıdan cəsədinin nümunəsini görür. Bu ölkədə əsl insanlıq nümunəsi göstərmək adamları ac qoyur. Bu ölkədə “nümunə” göstərib yaltaq olmalısan, tərifləməlisən.

Nədənsə bu ölkədə nümunə göstərmək, insanları nümunəvi olmağa çağırmaq seçkidə yada düşür. Insanlardan mövsümi nümunələr tələb edib, bütün mövsümlərdə pis nümunə göstərməyin adı nədir?

Bu xalqı 20 ildir zəlil vəziyyətə salmağın nümunəsini göstərib, sonra da bunun “pis nümunə” olmasını deməyə “cəsarət” lazımdır.

Bu xalq, hakimiyyətindən heç vaxt çox şey tələb etməyib. Sadəcə, bu hakimiyyətdən, övladına valideynlik nümunəsi göstərə bilmək üçün şərait istəyib. 

Kaş bu millət, tezliklə dünyaya NÜMUNƏ göstərəydi.