Eynulla Fətullayev «Yeni Müsavat»ı ittiham etdi, Rauf Arifoğlu cavab verdi
“Biz araşdırmışıq ki, bu məlumat tamamilə saxtadır. Ona görə hesab edirəm ki, ”Yeni Müsavat” qəzetinin və mənim ünvanıma səsləndirilən ittihamlar yersizdir və haqsızdır”. Bu sözləri “Azadlıq”a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqqin.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevin ittihamlarını cavablandırarkən bildirib.
Məlumat üçün deyək ki, Eynulla Fətullayevin rəhbərlik etdiyi portallarda Türkiyənin “Habertürk” saytına istinadən bir xəbər yerləşdirilib. Həmin material Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidovun Türkiyənin Istanbul şəhərində “qanuni oğru” Rövşən Lənkəranski ilə görüşü barədədir. Materialda Mirqafar Seyidova oxşayan bir şəxsin şəkli verilib. Eynulla Fətullayev materialın “skrin şot” (materialın fotosu) edilmiş variantını da xəbərə əlavə edib.
musavat.com saytı isə “Habertürk”də belə bir materialın yayımlanmadığını “skrin şot”un saxta olduğunu yazıb.
Bundan sonra Eynulla Fətullayev “Yeni Müsavat” qəzetini və Rauf Arifoğlunu Mirqafar Seyidovu müdafiə etməkdə suçlayıb. Lakin axşam saatlarında baş redaktor sərt yazıya əl gəzdirib, ittihamları yumşaldıb.
Rauf Arifoğlu “Azadlıq”a deyib ki, o, həmin yazıdan sonra Eynulla Fətullayevlə əlaqə saxlayıb və iradını bildirib: “O da üzrxahlıq elədi. Və sonra yazıya dəyişiklik edildi. Bir daha qeyd edirəm ki, həmin məlumat saxtadır. O məlumatı guya Türkiyə mediasından Azərbaycan qəzetlərinə göndərilməsində istifadə olunan elektron poçt ünvanı da saxtadır. Guya bu ünvan ”Habertürk” qəzetinin redaktoru Murad Bardakçıya aiddir. Lakin onun ünvanı başqadır və müsavat.cos-da bu çap olunub. Araşdırma nəticəsində məlum oldu ki, ümumiyyətə belə bir yazı o saytda çap olunmayıb. General haqqında nə yazırlar yazsınlar. Əgər o xəbər doğru olsaydı biz manşetdə verərdik. Amma olmayan yazını mən necə dərc edim? Buna görə də kim məni ittiham edirsə, mən buna heyrətlənirəm. Eynulla Fətullayevlə də anlaşmışıq, bu məsələdə heç bir problem yoxdur”.
Eynulla Fətullayev isə “Azadlıq”a bildirib ki, o həmin materialın saxta olduğuna inanmır: “O ”skrin şot” mənim email ünvanıma göndərilib. Mən ona lupa ilə baxmışam, çox diqqətlə tədqiq etmişəm. Və bu qənaətə gəlmişəm ki, bu fotoşop ola bilməz. Digər tərəfdən araşdırmalarımıza görə həmin material yerləşdirildikdən bir neçə saat sonra saytdan yığışdırılıb. Əgər bu fotomantaj idisə Mirqafar Seyidova oxşayan adamla yanaşı Rövşən Lənkəranskinin də şəklini yerləşdirərdilər. Bundan başqa “Habertürk”ün Əlibala Həmidovun qətli ilə bağlı hazırladığı video süjetdə Qafar adlı azərbaycanlı xüsusi xidmət orqanı əməkdaşından söhbət gedirdi. Mən bu qədər təsadüfün olmasına inanmıram.
“Yeni Müsavat”a gəlincə, mən Rauf bəyə bildirdim ki, siz bizi pis vəziyyətdə qoyursunuz. Deyirsiniz ki, bizə də göndərilmişdi dərc etməkdik, amma haqqin.az dərc etdi. Digər tərəfdən axı nəyə görə müxalifyönlü qəzet olduğunu deyən “Yeni Müsavat” Mirqafar Seyidovu müdafiə etməli, onun vəkili rolunda çıxış etməlidir?! Mən buna görə məsələyə sərt reaksiya verdim. Hesab edirəm ki, biz jurnalistlər daha çox bir-birimizin mənafelərini müdafiə etməliyik, nəinki adları müxtəlif qalmaqallarda hallanan dövlət məmurlarının maraqlarını”.
Azad