İşçilər dəyişdi, ictimainin efiri dəyişmədi

Dörd ay ərzində 48 nəfər işdən çıxarılıb

Birinci yazı

 

Yazdığımızın üstündən heç bir ay ötmədi. Ictimai televiziyadakı mənbələrdən aldığımız məlumatlar doğruldu. Adbad sadaladığımız departament rəhbərləri televiziyadan uzaqlaşdırıldı. Sentyabrda bir xeyli əməkdaş tələm-tələsik işdən çıxarıldı. Amma bunun hesabını ITV rəhbərliyindən soran olmadı. Tələskənlik növbəti üç aylıq əmək müqaviləsinin bağlanması üçünmüş.

Dörd ay ərzində Ictimai televiziyanın 48 əməkdaşı işdən çıxarılıb, yaxud aşağı vəzifəyə keçirilib. Və bu adamlar çox müxtəlif sahələri əhatə edirlər – texniki işçidən başlamış direktor müavini səlahiyyətində olan departament rəhbərlərinəcən. Onların kimliyini maraqlı oxucularımıza çatdıracağıq. Ilk baxışda sual yaranır: kütləvi işdənçıxarılmalar yaradıcı kollektivin yararsızlığının göstəricisidir, yoxsa televiziyanın baş direktoru Cəmil Quliyevin köhnə kadrlara qarşı qərəzli davranışı? Əgər “təmizləmələrin” səbəbi birincisi olsaydı gərək indiyəcən Ictimai tv reytinqinə görə ölkə telekanalları arasında sonuncu sırada olaydı. Amma biz ITV-nin balanslı olmamasından, siyasi plüralizmə qadağa qoymasından, ictimai maraqlara xidmət etməməsindən, siyasi proqramları birtərəfli hazırlanmasından nə qədər narazı olsaq da maarifçilik proqramlarından, intellektual yarışmalardan, sənədli-bədii proqramlarında bir elə şikayətçi olmamışıq. Bilirik ki, bu cür siyasi fəaliyyət hakimiyyətin tələbidir. Indiki durumda ölkə televiziyalarının hakimiyyətin deyil, xalqın xidmətində durması çətin məsələdir. Sualın birinci hissəsi sıradan çıxdığıdan qalır Ictimainin direktorunun qərəzli münasibətinə, şəxsi parametrlərə görə davranmasına, onun AzTV rəhbərliyinin göstərişlərinə sözsüz əməl etməsinə. ITV-çilərin seçilib işdən uzaqlaşdırılması heç də onların bacarığı, peşəkarlığı ilə əlaqəli deyil. Sadəcə keçmiş direktorun kadrı sayılanlar televiziyadan uzaqlaşdırılır. Əslində bu insanların çoxu illərlə I.Ömərovla kəlmə belə kəsməyiblər, aylarla üzünü görməyiblər. Onların hamısına “Maddə ilə çıxarılmaq, əmək kitabçanı korlamaq istəmirsənsə könüllü ərizə yaz” təklifi edilir. Çıxış yolu qalmadığından təklif qəbul olunur. Ərizələr alınır və ITV direktorunun mediaya açıqlamasında qeyd olunduğu kimi “masanın üstünə yığılır”. Cəmil Quliyevin direktor təyin olunmasından 100 gün də ötdü, 140 gün də. 140 gün ərzində nə Milli Televiziya və Radio Şurası, nə də Ictimai Teleradio Yayım Şurası ITV-də baş verənlərə münasibət bildirib. Onlar sadəcə gördüklərinə göz yumublar. Yayım Şurası fəaliyyətsiz, səlahiyyətsiz quruma çevrilib. Cəmil Quliyev əməkdaşların bir-bir, iki-bir ərizəsini alıb yola salır, onların yerinə AzTV-dən kadrlar gətirir (Elə bil ayrı televiziya yoxdur), Yayım Şurası da direktorun əsassız qərarlarını təsdiqləyir. Niyəsini soran yoxdur. Deyən yoxdur ki, görmürsünüz, televiziyanın iş qaydalarına, proqram siyasətinə bələd olanlar işdən uzaqlaşdırılıblar, onların yerinə gələnlər dostluq, qohumluq prinsipləri ilə gətirildiyindən işə yararlı deyillər. Əldə etdiyimiz məlumata görə, televiziyada gərgin və görünməmiş atmosfer yaranıb; kim işdə qalmaq, vəzifəyə irəli çəkilmək, təzə rəhbərliyin adamı olmaq istəyirsə, danosbazlıq edir, yoldaşını tovlayıb danışdırır, sonra da səsini lentə yazıb gərəkən yerlərə çatdırır. Bu sayaq informasiyalar direktora, onun sağ əli olan müavininə də ötürülə bilər, birbaşa AzTV sədri Arif Alışanova da. Sonuc eynidir. Tələyə düşən departament rəhbəri gedir, onun yerini danosçu tutur. Savadı, qabiliyyəti, idarəçilik bacarığı olmayanlar vəzifə başına gətirilir. Onlar da əldə etdikləri imtiyazdan cəsarətlənib “asaram, kəsərəm, qovacam” deyə hökmranlıq edirlər. Indilikdə “Xəbərlər” departamenti çalxalanır. Hər kəs son dəyişikliyin şokunu yaşayır, intriqaların güdazına gedəcəyi günü gözləyir. Mehparə Quliyevanın əməkdaşlarla dil tapa biləcəyi çətin. Analitik proqramlarda çalışanlar nədən hər şeyin tərsinə dövran etdiyini anlaya bilmirlər. Füzuli Ismayılovun “Aktual”ı köhnə “Aktual”dan heç nəyi ilə fərqlənmir. Kino dublyaj redaksiyası “Carçı film”ə birləşib. Hikmət Yaqubovun səlahiyyətləri geniş olsun deyəmi? Deyilənə görə o, AzTV sədri Arif Alışanovun qaynı ilə yaxınlığı olduğuna görə vəzifə alıb. Cavid Cahangirov üç aydır AzTV-də sədr müavini olan atasının hesabına gün keçirir. Hələ də işə-gücə alışa bilməyib.

Aprel ayından fəaliyyət başlayan və AzTV-də çalışdıqları zaman heç nəylə fərqlənməyənləri ətrafına yığan Cəmil Quliyev və onun komandası bu günəcən yeni, sanballı bir veriliş belə hazırlamayıb. Yeni efir ili başlayıb, telekanallar sentyabrdan yayımlanacaq proqramların anonsuna başlayıblar. Hətta hər zaman yüngül şou proqramları ilə tanınan ATV belə efirinə əl gəzdirir, fərqli layihələrə başlayır, ANS tez-tez verilişlərini təzələyir, Ictimai isə yerində sayır. O, AzTV yerişi yeriyir. Efirdə az-çox tamaşaçı auditoriyası toplamış tək-tük verilişdən savayı heç nə yoxdur. 140 gün ərzində bir televiziyanı bərbad günə salmaq da olar, onu birincilər sırasına çatdırmaq da. Ictimai televiziya bir az da yaman günə qalıb. Yeni layihələrə isə qadaca qoyulub. Hər kəsə “veriliş açmağa pulumuz yoxdur” cavabı verilir. Pulun niyə yox olmasını isə nə bilən var, nə soran, nə də səbəbini izah edən.

Aydın Türkoğlu