Bal yarmarkasında nələr gördük?
Sentyabrın 5-dən Bakıda ənənəvi bal yarmarkası keçirilir. “Dəniz vağzalı”nda təşkil edilən yarmarka bir ay – 5 oktyabra qədər davam edəcək. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 300 arıçının iştirak etdiyi yarmarkada 500 ton bal satışa çıxarılıb. Ötənilki yarmarkada iştikarçıların sayı 200, satışa çıxarılan balın miqdarı isə 300 ton idi.
Yarmarkada balın bir kiloqramının satışı 15 manat müəyyənləşib.
Ötən gün yarmarkaya baş çəkib, satıcı və alıcıların rəyini almağa çalışdıq.
Yarmarkada sıxlıq idi. Müşahidələr alıcıların az olmadığını göstərsə də satıcılar deyir ki, belə tünlüyə səbəb əslində yerin darlığıdır. Arıçıların ən çox narazılıq etdiyi məqam da yarmarkanın yeri və vaxtı ilə bağlıdır.
Onlar yarmarkanın şəhərin mərkəzinə gətirilməsini təqdir edirlər, məsələn, iki il əvvəl yarmarka Əhmədlidə, demək olar, açıq havada keçirilib, bu isə işin hərtərəfli göstəricilərinə mənfi təsir edib.
Arıçılar deyir ki, indiki yer yaxşıdır, lakin yerə uyğun sayda adam dəvət edilməyib, buna görə də içəridə hərəkət etmək də müşkülə dönüb, nəfəs almaq da (havasızlıq).
Arıçıların daha bir narahatlığı yarmarkada nəzarətin zəif olmasıdır. Əslində bu həm də alıcıların narahatlığdır.
Iş ondandır ki, keçənilki yarmarkada polis binanın önündə, nazirlik işçiləri ilə güdükçülük edirmiş, labaratoriyadan sertifikat almayan ballar ora buraxılmırmış. Indi isə vəziyyət ayrı-cürdür, azacıq diribaş olanlar yarmarkaya saxta balı rahatlıqla keçirə bilir.
Belə hal isə təmiz məhsul satanlar, qədər müştəriləri də pis durumda qoyur. Alıcı belə dolaşıq vəziyyətdən necə baş çıxarmalıdır bəs?
Belə bir sualı mən Qax rayonundan olan Mahmud Qurbanova verdim. Bildiyiniz kimi saxta balı təmiz baldan fərqləndirməyin yolları barədə el arasında çoxlu əfsanələr dolaşır, onlar nə qədər həqiqətə uyğundur, sual da marağım daxilindəydi.
Mahmud bəyin cavabı çox qaneedici oldu: “Siz təmiz bal axtarmayın, təmiz vicdanlı arıçı axtarın. Çünki doğrudan o danışılan söhbətlərin elmi əsası yoxdu. Biri deyir, təmiz bal boğazı yandırmalıdır, o biri deyir süzəndə qırılmamalıdır və s. 21-ci əsrdə, elmin bu sualları həll etdiyi vaxtda belə saya yollarla bal tanımaq gülməlidir.
Təmiz balı tanımanın iki yolu var. Bir, labarotor qiymət. Iki, bal aldığınız adamın vicdanının təmiz olması”.
Həmsöhbətimiz Azərbaycan laboratoriyalarına da çox güvənmir və bunu öz təcrübəsindən keçirdiyi hadisə ilə sübut etməyə çalışır. O deyir ki, balın keyfiyyətini müəyyən edən ən əsas göstərici diastaza rəqəmidir. Bu rəqəm 5-6-dan yuxarıdırsa, demək bal baldır. Amma… “Son 3 ilin yarmarkasında Qax balı birinci olub. Bizim balın diastaza göstəricisi yarmarkanın nəticələrinə görə 17.9 olurdu. Keçən il bu rəqəm 13.9-a endi. Mən özüm müstəqil qaydada bu işin ardına düşüb böyük çətinliklə Sankt-Peterburq laboratoriyasında yoxlama apardım. Bizim laboratoriyanın 13.9 göstərdiyi rəqəm orda 20.9 oldu”.
Arıçıların daha bir etirazı yarmarkanın keçirilmə vaxtına görədir. Həmişə bu yarmarka oktyabrda keçirilib. Arıçılar oktyabrı əlverişli sayır. Bəs sentyabra etiraz nədir?
Onlar bunu bir çox faktorla əlaqələndirirlər.
Əvvəla, sentyabrda arı təsərrüfatında işin başdan aşan vaxtıdır. Bu halda yarmarkaya çıxmaq arı təsərrüfatındakı işləri axsadır,- deyir həmsöhbətlərim.
Bundan başqa, məsələn, arıçı Şahrəddin Orucov deyir ki, sentyabrda alıcı qüvvəsi az olur, bu da təbiidir. Çünki birincisi, hava istidir, belə havada bala tələbat az olur. Başqa yandan da sentyabrda dərs açılır, hamının uşağı məktəbə gedir, məktəb bazarlığı nə qədər pula başa gəlir; kimdi balasına ayaqqabı, paltar almayıb bal almağa gələn?”.
Rəsmi izahat verilməsə də yarmarkanın bu vaxta salınması qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirilir.
Qiymətlərə gəldikdə, qeyd etdiyimiz kimi, balın kq 15 manat müəyyənləşib. Başqa arı məhsullarının qiymətində isə sərbəstlikdir. Çiçək tozunun 100 qr 7-10 manat, arı südünün 1 qr 3-5 manat, prapolisin 100 qramı 8-10 manat arası dəyişir.
Alıcılar “saxta deyilsə” şərti ilə qiymətlərdən narazılıq eləmirlər. Satıcılar isə bildirirlər ki, qiymətlər uzucdur və əslində onlara bu ucuzluqda satış sərf eləmir. Eləsə, onlar niyə yarmarkadadılar.
Arçıların izahı belədir ki, onlara yarmarka daha çox reklam üçün lazımdır. Burdan yeni müştərilər qazanıb sonra onlara il boyu məhsullarını öz istədikləri qiymətə satırlar.
Yarmarka iştirakçılarının ümumi arzusu isə belədir: Bakıda heç olmaya il ərzində fəaliyyət göstərən bir bal dükanı olsun.
Natiq