Müxalifət mitinq yerlərini bəyənmədi

Asəf Quliyev: «Mitinq üçün ayrılmış yerlər onu göstərir ki, hakimiyyət sağlam rəqabət mühitində mübarizə aparmaqdan qorxur»

Gülağa Aslanlı: «Kütləvi tədbirlər üçün bu ərazilərin ayrılması Azərbaycan seçicisini təhqir etmək deməkdir»

 

Hakimiyyət açıq və qapalı yerlərdə mitinq keçirilməsi üçün təyin olunmuş yerlərin siyahısı açıqlayıb. Siyahıda Bakı ilə yanaşı əyalət rayonlarında da mitinq keçirmək üçün müxtəlif yerlər göstərilib.

Kütləvi mitinqlər açıq yerlərdə və paytaxtda təşkil olunur.  Bakı şəhərində açıq yerlərdə mitinq keçirilməsi üçün təyin olunmuş ərazilərə aşağıdakılardı. 

Binəqədi rayonu – Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə, Xətai rayonu – Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydança, Xəzər rayonu – Türkan qəsəbə parkının yanındakı meydan, Qaradağ rayonu -Sahil qəsəbəsiÿtamponaj idarəsinin qarşısındakı boş meydança, Nərimanov rayonu – “Ulduz” metrostansiyasının qarşısındakı meydan, Nizami rayonu – 8 km. yaşayış sahəsi ərazisindəki idman meydançası, Nəsimi rayonu – 1-ci mikrorayon ərazisində yerləşən parkdakı meydança, Sabunçu rayonu – Bakıxanov qəsəbəsində yerləşən “Azneftgeofizika” Trestinin qarşısındakı idman meydançası, Səbail rayonu – 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança, Suraxanı rayonu – Hövsan qəsəbəsi, Mədəniyyət evinin qarşısındakı meydança, Yasamal rayonu – Yasamal Rayon Idman-Sağlamlıq mərkəzinin ərazisi.

Xəbər verildiyi kimi Milli Şura sentyabrın 22-də mitinq qərarı verib. Bəs, müxalifət bu yerlərdə mitinq keçirməyi necə qiymətləndirir və bu ərazilərin hansı daha məqsəduyğun hesab edilir?

Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev hesab edir ki, ayrılmış yerlər kütləvi mitinqlər üçün uyğun deyil və hakimiyyət müxalifətin mitinqlərində kütləviliyi azaltmaq üçün bu yerləri təyin edib: “Istənilən halda biz mitinq keçirmək üçün ayrılmış yerlər arasında seçim etməli olacağıq. Ancaq Milli Şuranın seçicilərlə görüşməsi, müxalifətin effektli mitinq təşkil etməsi üçün bu yerlər standartlara cavab vermir. Biz ayrılmış yerlərə baxış keçirmişik, bu yerlərdən eləsi var ki, 100-150 adamın toplaşması üçün uyğundur. Biz, belə bir siyahı tərtib edilməsini müxalifətin fəaliyyətini məhdudlaşdırmaq kimi qiymətləndiririk. Bu həm də qanun pozuntusu, müxalifətin namizədinə qarşı hörmətsizlikdir. Görünür, hakimiyyət növbəti dəfə sağlam rəqabət mühitində mübarizə aparmaq üçün özündə güc tapmır. Ayrılmış yerlərdən nisbətən uyğun olan Qələbə meydanı yaxınlığındakı ərazidir”.

Milli Şura üzvü Gülağa Aslanlı bildirdi ki, 70-dən çox ərazi mitinqlər üçün təyin edilsə də, bu ərazilərdən 7-si bu tipli tədbirlər üçün keçərli sayıla bilər. “Mən siyahıdakı yerlərlə tanış olmuşam və bunu Azərbaycan seçicisini təhqir etmək kimi qiymətləndirirəm. Məsələn, Xocəsən ərazisində mitinq üçün yer ayırmaq absurddur. Binəqədi rayonunda xeyli meydanlar var. Yaxud, Masallının bir kəndində yer ayırıblar, hansı ki, həmin yer ağaclarla əhatə olunub, 70 adam ancaq dayana bilər. Hakimiyyət bu siyahını tərtib etməklə beynəlxalq təşkilatları aldatmağa çalışır və ölkədə sərbəst toplaşma azadlığının olması görüntüsünü yaradır”.

Ilham Hüseyn