Guya bizim ölkədə bircə problem varmış, o da bəzi məmurların öz şənliklərinə xaricdən müğənni gətirməsidir və Ilham Əliyev də bunu qəzəblə bəyan edib: “Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır”.
Bu sözləri eşidəndə mən fikirləşmədim ki, görürsüz, biz də elə bunu deyirdik. Sadəcə onu düşünürdüm ki, axı niyə də onlar xarici müğənniləri öz şənliklərinə gətirməsinlər?! Bir də ki, məgər onlar bunu etmədikdə dönüb olacaqlar qüsursuz, qiymətli?
Bu məmurların hərəkətlərinə qalsa, qudurğanlıq illərdir Azərbaycanı başına bürüyüb, dayanmaq da bilmir. Əslində bu, YAP məmurlarının adi və normal halıdır. Ayrı-seçkilik, rüşvətxorluq, vəzifələrindən sui-istifadə, qanuni öhdəliklərə əməl etməkdən boyun qaçırmaq da qudurğanlıqdır. Vətəndaşın ən sadə arayışını gecikdirmək də. Bütün bunlar adi hal alıb və hər gün, hər yerdə var və total qaydada davam edir. Məqsəd də aydındır. Nəticədə məmurlar görünməmiş dərəcədə varlanır və hallanır. Varlandıqca və hallandıqca özlərini az qala dünyanın ağası sayırlar. Fikirləşirlər ki, nə üçün onlar yerli müğənnilərlə kifayətlənməlidirlər?
Az qala hamının toya, yubileyə gətirdiyi Aygünü, Faiqi, Röyanı çağırmaq onlara yaraşarmı? Bəs onlar nə ilə fərqlənsinlər başqa vətəndaşlardan? Ona görə də xaricdən müğənni gətizdirirlər və niyə gətizdirməsinlər? Pul nə qədər istəsən var, həm də qazanılması üçün əlin-ayağın ağrımayıb ki!
Digər tərəfdən, yetərincə ciddi xərclər tələb edən mürəbbə festivalı, plov bayramı, müxtəlif musiqi konsertləri, “Eurovizion” və idman yarışları təşkil edilən bir ölkədə bu hərəkətlər niyə təəccüb doğurur ki? Hələ böyük pullara Ispaniyanın “Atletiko” futbol klubunun geyimlərinə “Azərbaycan” yazdırılması, müxtəlif ölkələrdə büdcə pullarına parklar salınması, ölkə ilə kifayətlənməyib oralarda da Heydər Əliyevin heykəllərinin qoyulması, xaricdə məşhur muzeylərin təmir edilməsi, bahalı gül bayramı və s. Azərbaycan xalqı bunların hamısına yana-yana tamaşa etmirmi?
Gələk Ilham Əliyevin oğlunun Azərbaycanda oxuması ilə bağlı dediklərinə: “Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da məktəbi Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaq”.
Axı Azərbaycanda oxumağa nə var! Imtahan qiymətini pulla da yazdırmaq olur. Ilham Əliyevin oğlunun isə buna da ehtiyacı yoxdur. Istəsə o, müəllimi imtahandan kəsər. Məsələ Ilham Əliyevin oğlu məsələsi də deyil. Bu gün xaricdə orta reytinqli universitetlərdə oxuya bilmək Azərbaycanın rüşvət içində batan ali məktəblərində oxumaqdan dəfələrlə yaxşıdır. Dünyanın 200 ən yaxşı universiteti arasında bizim bir ali məktəbimiz də yoxdur. Bu halda necə iddia edə bilərik ki, burada oxumaq xaricdə oxumaqdan yaxşıdır?
ABŞ dünyanın ən yaxşı ali məktəblərinə sahibdir, amma bəzi ixtisaslar üzrə Çinə oxumağa tələbə göndərir. Eləcə də Avropa ölkələri. Bizim ali məktəblərdə oxumağa isə Avropa ölkələrindən gələn bircə nəfər də yoxdur.
Paradoksa baxın ki, belə bir şəraitdə xalq xaricdə oxuyan övladları ilə öyünür, prezident isə oğlunun Azərbaycanda oxuması ilə.
İlham Əliyevin çıxışında növbəti təzadlar
•