ABŞ və Rusiyanın xarici siyasət idarəsi rəhbərləri Cenevrədə görüşüblər. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, görüşün məqsədi Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi planını müzakirə etmək olub.
Danışıqlar Bakı vaxtı ilə ötən gün saat 23.00-da başlayıb. Daha sonra Con Kerri və Sergey Lavrov mətbuat üçün qısa bəyanatlarla çıxış ediblər. Sergey Lavrovun sözlərinə görə, Moskva hesab edir ki, Dəməşq kimyəvi silahların qadağan edilməsi ilə bağlı Konvensiyaya qoşulsa, Suriyaya hərbi müdaxiləyə ehtiyac qalmayacaq.
Con Kerri isə bəyan edib ki, Birləşmiş Ştatlar Suriyanın kimyəvi silahdan imtinaya hazır olmasına şübhə ilə baxır: “Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə olunmasından imtina etməyə hazır olub-olmadığı hələ məlum deyil”.