“Əgər insan hüquqları, demokratiya sahəsində problemlər varsa, buna necə göz yumasan?”
Azərbaycan hakimiyyəti barədə tənqidi məqalələr hazırlamış alman jurnalistlərin seçki ilə əlaqədar ölkəmizə gəlişinə imkan verilmir. Bəzi almaniyalı jurnalistlərə viza verilməsindən imtina olunub. Bunu hazırda Almaniyada olan azərbaycanlı əhmkarlarına bu ölkənin “Der Tagesspiegel” qəzetinin siyasət şöbəsinin müdiri Klaudia von Salzen bildirib.
Von Salzenin özü də “Eurovision” musiqi yarısması ərəfəsində Bakıda səfərdə olub, Azərbaycan hökumətini tənqid edən məqalə hazırlayıb. Lakin bu dəfə seçki ilə əlaqədar Bakıya “Der Tagesspiegel”dən o yox, başqa əməkdaş göndəriləcək.
“Eurovision” zamanı Azərbaycan hökumətini tənqid etməsindən danışan xanım jurnalist deyir ki, təkcə neft və siyasət haqda danışmaq olmaz. “Əgər insan hüquqları, demokratiya sahəsində problemlər varsa, buna necə göz yumasan?”.
Klaudia von Salzen azərbaycanlı həmkarı Xədicə İsmayılovanın başına gələnlər haqda da ayrıca danışıb: “Onun başına gələnlər əslində, Azərbaycanda nə baş verdiyinə işıq salır. Mən Xədicə İsmayılova ilə görüşmüşəm, onun haqqında məqalə də yazmışam. Onun mövqeyi məni qürurlandırır. Mən Azərbaycana baxanda hər sşeyi parlaq göstərə bilmərəm, axı orada nə baş verdiyini anlayıram…”.
Von Salzen hesab edir ki, xüsusən də siyasət mövzusunda yazan jurnalist tənqidçi jurnalist olmalıdır.
Azərbaycanın hökumət mediasında Almaniya əleyhinə aparılan təbliğat kampaniyasına münasibət bildirən, xanım jurnalist deyir ki, bu barədə məlumatlıdırlar: “Hətta, bir dəfə süjet vermişdilər ki, guya, Frankfurtda polislər etirazçıları döyür, adamlar çadırlar qurublar vı s. Biz bu cür şeylərə ancaq gülürük…”.
Aytən Məmmədova