Hakimiyyət ölkəni “risk zonaları”na bölüb

Kəmaləddin Heydərov və Kərəm Həsənov seçkinin qurbanı olacaqlarından narahatdırlar

Azərbaycan hakimiyyət seçki ərəfəsində ölkə boyu monitorinq aparıb və iqtidar üçün təhlükəli nəticələrlə üzləşib. Ölkədə total narazılığın olduğu müəyyən edilib. Hakimiyyət mətbəxindən sızan xəbərlərə görə, iqtidar bundan ciddi narahat olub. Xəbərlərdə deyilir ki, monitorinqdən sonra Azərbaycan “risk zonaları”na bölünüb. Yəni, narazılığın pik həddə olduğu bölgələr qruplaşdırılıb.
Birinci qrupda şimal zonası, ikinci qrupda aran zonası, üçüncü qrupda isə cənub zonası yer alır. Şimal zonasında Zaqatala və Balakəndən, aran zonasında Sabirabad, Saatlı və Imişlidən, cənub zonasında isə Cəlilabad, Biləsuvar və Lənkərandan xüsusi narahatlıq var. Əgər şimal və aran zonalarında narazılığın kökündə məmur özbaşınalıqları ilə yanaşı baş verən təbii fəlakətlərin (zəlzələ və sel daşqınları) nəticələrinin aradan qaldırılmaması dayanırsa, cənub zonasında sosial problemlərin böhran həddində olması narazılığın pik həddə çatmasına səbəb olub. Digər tərəfdən Ilham Əliyevin seçkidə əsas alternativi, Milli Şuranın vahid namizədi Cəmil Həsənli cənub bölgəsindəòndir. Yeri gəlmişkən, Ilham Əliyevin digər bölgələrə 2 milyon manat vəsait ayırdığı halda, Cəlilabada 4 milyon manat ayırması təsadüfi deyildi. Bunun kökündə “Cəmil Həsənli” təhlükəsi dayanır.
Hakimiyyət hesab edir ki, seçki vaxtı məhz bu zonalarda ciddi etirazla üzləşə bilər. Bu baxımdan həmin bölgələrin yerli rəhbərliyi ilə yanaşı onlara nəzarət edən oliqarxlara  xəbərdarlıq edilib. Bildirilib ki, bu zonalarda baş verə biləcək hər hansı olayın hesabı onlardan sorulacaq. Əgər adıçəkilən zonalarda hakimiyyət əhalinin müqaviməti ilə üzləşəcəksə, o zaman oraya nəzarət edən məmur və yerli rəhbərlik sərt şəkildə cəzalandırılacaq.
Əldə etdiyimiz məlumatlara görə, bu xəbərdarlıqdan ən çox narahat olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovdur. Yuxarıda qeyd etdik ki, Şimal və aran zonalarında baş verən təbii fəlakətlərin nəticələri aradan qaldırılmayıb. Buna isə birbaşa Kəmaləddin Heydərov məsuliyyət daşıyır. Kərəm Həsənova gəlincə, o, Cəlilabadda Cəmil Həsənlinin böyük nüfuza malik olduğunu bilir. Bundan başqa yerli əhali Həsənovların Cəlilabaddakı ağalığından ciddi narazıdır və Kərəm Həsənov bu narazılığın seçki vaxtı sosial partlayışa çevriləcəyindən ehtiyat edir.