BMT-də Azərbaycanla Rusiya arasında şok toqquşma

Rusiya Türkiyənin “İmkander” təşkilatının “əl-Qaidə” ilə bağlılığını deyib ona qarşı sanksiya tələb etdi; Azərbaycan və ABŞ təşəbbüsü blokladı, rəsmi Moskva bərk qəzəbləndi…

BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanla Rusiya arasında “əl-Qaidə” ilə bağlı şok qarşıdurma yaranıb. Virtualaz.org Rusiya rəsmi qaynaqlarına istinadən xəbər verir ki,  bu sensasion qarşıdurma barədə Rusiya Xarici İşlər Nazirliyi bu gün – sentyabrın 12-də bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu ilin mart ayında Rusiya BMT Təhlükəsizlik Şurasının Sanksiyalar üzrə Komitəsinə baxılmaq üçün “əl-Qaidə” ilə bağlılığı olan şəxslər və təşkilatlar barədə müraciət təqdim edib. Söhbət iki fiziki şəxsdən – Finlandiya vətəndaşı Mikael Sturşedən və keçmiş SSRİ-nin sakini olmuş, hazırda İsveçdə yaşayan İsa Cəbrayılovdan, habelə bir hüquqi şəxsdən – Türkiyənin qeyri-hökumət təşkilatı olan “İmkander”dən gedir.

Bəyanatda deyilir: “Rusiya tərəfinin Sturşe, Cəbrayılov və “İmkander”in beynəlxalq terror şəbəkəsi “əl-Qaidə”nin bir qolu olan “Qafqaz əmirliyi” və onun informasiya orqanı “Kavkaz-sentr”lə bağlılığına dair tutarlı sübutlar təqdim etməsinə baxmayaraq sentyabrın 6-da Böyük Britaniya, Fransa və Lüksemburq Sturşe və Cəbrayılova qarşı sanksiyalar tətbiq olunmasına dair ərizəni bloklayıblar. Azərbaycan və ABŞ isə bundan əlavə sanksiyaların “İmkander”ə şamil olunmasına qarşı çıxıblar”.

Rusiya XİN daha sonra bəyan edir ki, tərəfdaşların bu yanaşması qeyri-konstruktiv və beynəlxalq terrorçuluqla mübarizə üzrə ümumi maraqlara zidd, habelə BMT Təhlükəsizlik Şurasının bu problemə münasibətdə uzlaşdırılmış yanaşma prinsipinə ziddir: “Dar, məkrli məqsəd güdən “ikili standartlar” siyasətinin və BMT Təhlükəsizlik Şurasının antiterror məqsədli sanksiyalar rejiminin effektiv tətbiqinə təsir edən məsələlərdə manipulyasiyanın daha bir bariz nümunəsi ortadadır”.

Rusiya XİN əlavə edir ki, tərəfdaşların şəxs və təşkilatların fəaliyyətinin terrorçuluq baxımından qiymətləndirilməsində seçimli yanaşma terror təhdidi ilə mübarizədə birgə, həmrəy mübarizədə özünü dəfələrlə “bumeranq effekti” şəklində büruzə verib: “Rusiya tərəfi Təhlükəsizlik Şurasının 1267/1989 Komitəsinin mandatına və prosedurlarına ciddi riayət edilməsi çərçivəsində hərəkət edərək və beynəlxalq, milli təhlükəsizlik maraqlarından çıxış edərək onun antiterror potensialının möhkəmləndirilməsinə yönələn ardıcıl xətti davam etdirmək niyyətindədir”.

Bəs Azərbaycanın ABŞ-la birlikdə BMT sanksiyalarından qoruduğu “İmkander” nə təşkilatdır?

Təşkilatın internet saytında göstərilir ki, “İmkander” bütün İslam coğrafiyasında “zülmə uğramış və zor durumda qalmış bütün müsəlmanlara”, xüsusən də Qafqazda, savaşlara görə zərərçəkən durumuna düşmüş bütün qafqazlı (çeçen, inquş, dağıstanlı, karaçay türkü, Noğay türkü, Kabardin Balkar) dul, yetim, xəstə, qazi və qaçqınlara maddi, mənəvi və hüquqi məsələlərdə imkanlar ölçüsündə yardım göstərən təşkilatdır. Təşkilatın rəhbəri Murat Özerdir.

Təşkilatın saytında Qafqazda həyata keçirilmiş xeyriyyə aksiyaları barədə geniş məlumatlar var.

Göründüyü kimi, BMT TŞ-nin qeyri-daimi üzvü olan Azərbaycanın bu təşkilatı sanksiyalardan müdafiə etməsi rəsmi Moskvanı möhkəm qəzəbləndirib. Azərbaycan “İmkander”ə qarşı ABŞ-la eyni mövqedən çıxış edib. Çox güman ki, “İmkander”in sanksiyalardan müdafiə edilməsini Türkiyə Azərbaycan və digər müttəfiqlərindən xahiş edib. Azərbaycandan fərqli olaraq Rusiya BMT TŞ-də veto hüququna malik daimi üzvdür və belə görünür ki, rəsmi Moskva bu davranışın heyfini gələcəkdə Təhlükəsizlik Şurasına çıxarılan məsələlərdə hansısa formada çıxmağa çalışacaq.

Virtualaz.org