BMT çox yaramaz bir iş tutub: dünyanın ən xoşbəxt ölkələrinin reytinqini açıqlayıb. Yox, məni düz başa düşün: mən BMT-ni buna görə yaramaz adlandırmıram. Adlandırmaram da. Mən özüm çox istərdim bilim dünyanın ən xoşbəxt ölkələri hansılardır, ən başlıcası bizim sevimli Azərbaycanımız xoşbəxt ölkələrin sıralamasında neçənci yeri tutur.
Bir dostum mənə “Azərbaycan” qəzetini gətirib. Qəzetin o sayında Ilham Əliyevin Sabirabadla Saqatlıdakı çıxışlarını oxudum. Oxudum, sevindiyimdən ürəyim getdi: I.Əliyev Sabirabadla Saqatlı başda olmaqla Azərbaycan adamlarının sonu görünməz xoşbəxtlik okeanında belədən-belə, elədən elə üzdüyündən danışır. Özü də qadınlı-kişili, uşaqlı-böyüklü. Bildiyiniz kimi, okean üzmək üçün olduqca qorxulu yerdir, başlıcası da qadınlarla uşaqlar üçün. Ancaq okean var, okean var. Bir var yırtıcı köpəkbalıqlarının qaynaşdığı, Bermud üçbucağının yüzlər, minlərlə adamı uçaq, gəmiqarışıq birdən udduğu okean, bir də var uzun illərdən bəri başında Əliyevlərin durduğu Azərbaycan adlı xoşbəxtlik okeanı.
Kimsə mənə inanmaya bilər, ancaq siz I.Əliyevin bircə elə Sabirabad çıxışını oxuyun, görün belədir, belə deyil. I.Əliyev o çıxışında Azərbaycanı dünyanın ən güclü, ən xoşbəxt ölkələrindən biri adlandırır. Inanmayan inanmasın. Bir ölkənin prezidenti bircə Dubayda 11 yaşlı oğluna 44 milyon dollarlıq mülk alırsa, Karlovı-Varıda bir məhəlləni bütünlüklə alırsa, o ölkə varlı olmaya bilərmi? Bir ölkənin preizidentinin təkcə ofşor zonada 48 milyard pulu olursa, o ölkə güclü, xoşbəxt olmaya bilərmi? Yooox, o ölkə adamlarının yoxsulluqdan, məmur, polis, məhkəmə qansızlığından canı çıxsa da, güclü, xoşbəxt olmalıdır. Bu xoşbəxtliyin haralardan qaynaqlandığını xalqın prezidenti çəkinmədən, birbaşa göstərir: “Bütün bunların təməlində güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Neftdən gələn gəlirləri biz insan kapitalına yönəldirik”. Britaniyada I.Əliyevi düşməncəsinə IFŞA kampaniyasına başlayanlar görün nə deyirlər: “Azərbaycan yurddaşlarına çatası neft-qaz gəlirləri Britaniya parlamentarilərinin susdurulmasına yönəldilir”. Siz bir ara qarışdırmağa, xalqla xalqın prezidentinin arasına girməyə baxın. Bax, buna deyərlər: ingilis barmağı. I.Əliyevin Sabirabadda dediyi kimi: “Azərbaycanda xalqla iqtidarın birliyi sarsılmazdır”. Sabirabadda, Suqovuşan deyilən yerdə Kürlə Araz bir-birinə necə qaynayıb-qarışırsa, əliyevçi rejimlə Azərbaycan xalqı da eləcə bir-birinə qaynayıb-qarışıb. Burası da olduqca simvolik bir görsənişdir: Kürün, Arazın başlanğıcı necə gedib Türkiyəyə çıxırsa, əliyevçi rejimin də başlanğıcı eləcə gedib Türkiyəyə, daha doğrusu, Süleyman Dəmirəl Türkiyəsinə çıxır. Qardaş dediyin nədi bə?!
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır…”, deyən (bə de da bə!) I.Əliyev dünyanın qabaqcıl sayılan ölkələrinin acınacaqlı durumundan danışmağı da unutmayıb: “Dünyada böhran davam edir. Amma bizdə bu hiss olunmur. Bəzi ölkələrdə maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisara düşür. Amma bizdə maaşlar, pensiyalar artır, iş yerləri açılır. Budur bizim reallıqlarımız”. Doğrudan da gözəl reallıqdır. Düzdür, Avropanın ən geridə qalmış, ən ac-yalavac ölkəsi olan Almaniyada həkim 5, müəllim minimum 1500 avro aylıq alır, ancaq nə olsun? Azərbaycanda həkim, müəllim aldığı 150 manat aylıqla hakimiyəti alman həkimlərinin, müəllimlərinin sevdiyindən qat-qat artıq sevir – AzTV-lərə söykənən bu hakimiyət onları Azərbaycan kimi xoşbəxt ölkədə yaşatdığına görə!
Desəm inanmazsız: yaramaz BMT bizi özünün yalançı reytinq sıralamasında Afrikanın Zimbabve, Tunis, Qana kimi ölkələrindən belə, sonrakı yerdə – bədbəxtlərin bədbəxtləri arasında göstərir. Bütün bunlara görə mən Pan Gi Mun yoldaşa yurddaşlarımız adından kəskin protestimi bildirirəm. Ən azı, seçkiöncəsi adam kişi olar!
BMT buraxılsın!
•