Əsəd: «Suriya ABŞ-ın hücum təhdidinə görə yox, məhz Rusiya təklif etdiyi üçün razılıq verib»
Putin: «ABŞ-ın Suriyaya zərbəsi yeni terror dalğasına səbəb ola bilər»
Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi yalnız bu ölkəyə qarşı güc tətbiqindən imtina şərti ilə mümkündür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Suriya kimyəvi silahların yayılmaması haqda konvensiyaya qoşulmalıdır.
Rusiya prezidenti Vladimir Putin isə “New York Times” qəzetində dərc olunan məqaləsində bildirib ki, ABŞ-ın Suriyaya planlaşdırılan zərbəsi münaqişəni Suriya ərazisindən kənara çıxara, yeni terror dalğasına səbəb ola bilər: “ABŞ-ın Suriyaya zərbəsi günahsız qurbanların sayının artmasına və vəziyyətin daha da mürrəkəbləşməsinə gətirib çıxaracaq. Bu, hətta münaqişənin Suriya sərhədlərindən kənara yayılmasına səbəb ola bilər”.
Bu arada, Rusiya Suriyaya hərbi əməliyyatların olacağı təqdirdə ona məxsus gəmilərin təhlükəsiz yerə çəkiləcəyini bəyan edib: “Xarici müdaxilə olsa, rus gəmiləri təhlükəli yerlərdən uzaqlaşacaq. Onların əsas vəzifəsi insanların xilas edilməsi və yaralılara yardım olacaq”.
“Suriya ABŞ-ın hücum təhdidinə görə yox, məhz Rusiya təklif etdiyi üçün kimyəvi silahlarını beynəlxalq ictimaiyyətin nəzarətinə verməyə razılaşıb”. Bunu dünən “Rossiya 24″ telekanalına müsahibəsində Bəşər Əsəd deyib. Əsəd bildirib ki, ABŞ-ın təhdidi kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi barədə qərarına təsir göstərməyib.
Dəməşq kimyəvi silahı təhvil vermək istəmir
Yeri gəlmişkən, Suriyada Rusiyanın məlum təklifi ilə razılaşmayanlar da var. Məsələn, Azad Suriya ordusunun rəhbərliyi bu təkliflə qətiyyən razılaşmadığını bəyan edib. Deməli, üsyançılar kimyəvi silahın çıxarılmasına yardım etməyəcəklər. Rəsmi Dəməşqin bu əməliyyatda iştirak edib-etməyəcəyi də bəlli deyil. Suriyalı nazir Əli Heydərin sözlərinə görə, Suriya hökuməti kimyəvi silah üzərində beynəlxalq nəzarətə razılıq verib. Amma silahların yerdəyişməsinə hələ qərar verilməyib. “Assoşieyted press”in yazdığına görə, kimyəvi silah Suriyaya Israillə münasibətlərdə strateji balansı saxlamaq üçün lazımdır.
“Nə qədər ki, Əsəd özünü məğlubedilməz sayır, o, danışıqlara getməyəcək”
Fransanın xarici işlər naziri Loran Fabius Suriyada kimyəvi silahın müxalifət tərəfindən tətbiq olunması barədə Rusiyanın iddialarının inandırıcı olmadığını bildirib: “Bu versiyanı ruslar çoxdan irəli sürür. Həmkarım Sergey Lavrov da Sankt-Peterburqda bu inandırıcı olmayan versiyanı səsləndirdi”. L.Fabius bəyan edib ki, hər şey kimyəvi silahın Suriya rejimi tərəfindən tətbiq olunduğunu göstərir: “Yalnız onlar bu ehtiyatlara malikdir və bu silahın tətbiqində maraqlıdır”. Nazir onu da əlavə edib ki, Suriyaya qarşı hərbi əməliyyat təhlükəsindən Bəşər Əsədi Cenevrədə müxalifətlə masaya oturmağa məcbur etmək üçün istifadə etmək lazımdır: “Nə qədər ki, Bəşər Əsəd özünü məğlubedilməz sayır, o, danışıqlara getməyəcək. Ciddi təzyiq lazımdır ki, Əsəd Cenevrədə milli müxalifət koalisiyası ilə danışıqlara getsin. Fransa diplomatiyası bu istiqamətdə irəliləyir”.
L.Fabius BMT müfəttişlərinin Suriyada kimyəvi silahdan istifadə ilə bağlı hazırladıqları hesabatın sentyabrın 16-da açıqlanacağını bəyan edib. Fabius deyib ki, avqustun 21-də Şamın Quta qəsəbəsində tətbiq olunan kimyəvi silahla bağlı BMT müfəttişlərinin hazırladığı hesabatda qətliamın necə həyata keçirildiyi detallı şəkildə əksini tapacaq. Onun sözlərinə görə, Suriyada kimyəvi silah bazalarının yalnız hakim rejimin nəzarətində olduğu nəzərə alınsa, hesabatda da kimyəvi silahdan Suriya rejiminin istifadə etdiyi qənaəti əksini tapa bilər. Fransa xarici işlər naziri Rusiyanın təklifi əsasında Suriyanın kimyəvi silahlarına nəzarət edilib-edilməyəcəyinin də gələn həftə məlum olacağını söyləyib.
Dünən BMT Təhlükəsizlik Şurasının 5 daimi nümayəndəsinin görüşü başa çatıb. Nyu-Yorkda baş tutan görüşdə Suriyadakı vəziyyətin müzakirə edildiyi güman olunur. Rusiya diplomatik missiyasında bir saat davam edən görüşün sonunda diplomatlar hər hansı şərh verməkdən boyun qaçırıb(APA).
Eşton TŞ üzvlərini məsuliyyətə çağırdı
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Fransanın Strasbuqr şəhərində Suriya ilə bağlı təşkil edlən debatdakı çıxışında BMT Təhlükəsizlik Şurasının üzvlərini Suriya ilə bağlı məsuliyyətli davranmağa səsləyib. O tərəfləri razılığa gəlməyə dəvət edib. Eşton nitqi zamanı BMT Təhlükəsizlik Şurasının üzvlərinin rolunu əvəzedilməz adlandırıb: “Lakin Təhlükəsizlik Şurası üzvlərinin bu münaqişə ilə bağlı öz məsuliyyətlərini yerinə yetirməmələri təəssüf doğurur”. Eşton Suriyadakı münaqişənin siyasi yolla nizamlanmasına tərəfdar olduğunu, bu mövzuda “Cenevrə-2″ konfransının keçirilməsinin də lehinə olduğunu bildirib.
“Demokratik Suriyada Bəşər Əsədə yer yoxdur”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Iraq parlamentinin spikeri Üsamə Nüceyfi ilə görüşündə Suriyada baş verənləri müzakirə edib. Davudoğlu bildirib ki, bölgə ölkələri Suriya məsələsində kəskin mövqe nümayiş etdirməlidir. Onun sözlərinə görə, demokratik Suriyada Bəşər Əsədə yer yoxdur: “Necə ki, insanlara qarşı kütləvi qətl həyata keçirən Səddam Hüseynin indiki demokratik Iraqda yeri yoxdursa, xalqına qarşı kimyəvi silahdan istifadə etmiş Əsədin də gələcəyin Suriyasında yeri yoxdur”.
Avropa Parlamenti Əsədə çağırış etdi
Dünən Avropa Parlamenti Strasburqda keçirdiyi plenar iclasda Suriya ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Suriyadakı münaqişənin sülh yolu ilə tənzimlənməsinə çağırış edilir. Və Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə verilməsi ilə bağlı təklifinə dəstək ifadə olunur: “Avropa Parlamenti Suriyadakı kimyəvi silahın tezliklə məhvinə gətirib çıxaracaq bu təklifi alqışlayır”.
Parlament üzvləri BMT ekspertlərini Suriyada kimyəvi silahdan istifadə ilə bağlı araşdırmalarını tezliklə başa çatdırmağa, nəticələri Təhlükəsizlik Şurasına təqdim etməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Sənəddə deyilir ki, müxtəlif mənbələrin məlumatları kimyəvi silahdan istifadəyə görə məhz Əsəd rejiminin günahkar olduğunu göstərir. Avropa Parlamenti Bəşər Əsədə də müraciət edərək onu hakimiyyətdən getməyə çağırıb(news.ru).