Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il Azərbaycanı xoşbəxtlik reytinqinə görə 156 ölkə sırasında 116-cı yerə qoyub. Bu o deməkdir ki, biz siyahının ən yuxarı yerlərini tutan Danimarka, Norveç, Isveçrə, Niderland, Isveç, Kanada vətəndaşı qədər xoşbəxt olmaq üçün hələ ən azı 110 mərtəbə yuxarı çıxmalıyıq. Şübhəsiz, xoşbəxt olmaq asan məsələ deyil. Son nəfəsinə qədər o “nazlı pərini” yaxalamaq üçün yol yormağa dəyər…
BMT hər il bu siyahını dünya ölkələrində müxtəlif həyat göstəriciləri üzrə tədqiqat apararaq müəyyənləşdirir. Bura siyasi azadlıqlar, əhalinin sosial müdafiəsi, korrupsiyanın mövcudluğu kimi meyarlar daxil olur.
Təşkilatın heç kimlə qərəzi-filan da yoxdur. Kor-kor, gör-gör! Hər şey ki, göz önündədir! Hələ, BMT daha insaflı çıxıb. Məncə, dünya alimləri xoşbəxtlik ölçən cihaz icad etmiş olsaydılar, onu burada qurmağın bir anlamı olmazdı, sayğac həmən sıradan çıxardı. Təkcə məsələnin iqtisadi tərəfini götürsək… Axı 100 manat alan pensiyaçı nənənin, 150 manat alan müəllimin və ya həkimin, 70-80 manat alan veteranın bədbəxtliyinə hansı cihaz davam gətirər? Hələ bunun başqa min dərdi, pulsuz açılmayan qapıları, davası-dərmanı, təhsil və başqa xırda-para xərcləri var. Bu qədər qazancla bu qədər yükün ağırlığı altında özünüzü nə qədər bədbəxt hiss edərsiniz, ondan danışın!
Siyasi azadlıqlar haqqında danışmağa da adamın dili heç gəlmir. Bu ölkənin vətəndaşı gözünü açandan bir seçki ənənəsi görür: o, qutuya kimin xeyrinə bülleten atırsa-atsın, oradan məlum “sehrbaz”ın istədiyi ad çıxacaq. Ölkədə 10 nəfərin bir yerə toplanması belə yasaqlanıb. Bu “pozuntuya” yol verənləri ən yaxşı halda 10 sutkayla “mükafatlandırarlar”. Korrupsiya ilə bağlı dəlil göstərməyə də ehtiyac yox, heç şübhəsiz.
Qonşuluqda durumunu daha acınacaqlı hesab etdiyimiz Rusiya(68), Iran(115) belə xoşbəxtlik sarıdan bizdən irəlidədir. Türkiyənin xoşbəxtlər sırasındakı yeri də təxminən şkalanın ortalarına düşür – 77-ci yer.
Əslində, xoşbəxtliyin formulu hər kəsə və hər yerə dəyişir. Bu dərəcələmə şkalasında iqtisadi amillər ilk yerdə dayansa da, onu belə dəyişkən hesab etmək olar. Kim deyir ki, özünə hüzurlu həyat qurmuş orta qazanclı bir afrikalı böyük zənginlik içində yaşayan bir amerikalıdan xoşbəxt ola bilməz?
Təbii, məsələnin mənəvi tərəfi də o biri amillərdən sıx dərəcədə asılıdır. Yaxın günlərdə belə bir ibrətamiz hekayət oxudum. Afrikada çalışan antropoloq bir qəbilənin uşaqlarına oyun oynamaq təklifi verir. Şərtə görə, ağacın altına qoyulan meyvələrə ilk çatanın mükafatı o meyvələri yemək olacaqdı.
Antropoloq onlara, “Haydı, indi başlayın! Birinci olan alacaq!”- deyir. O an bütün uşaqlar əl-ələ tutuşub qaçır ağacın altına və birlikdə meyvələri yeməyə başlayırlar.
Antropoloq nədən belə etdiklərini soruşduqda, uşaqlar cavab verirlər:
“Biz ”ubuntu” etdik: Yarışsaydıq, yarışı qazanan bir kişi olacaqdı. Başqaları xoşbəxt deyilsə, yarışı udan bir kişi qazandığı meyvələri necə yeyə bilər?
Bizsə “ubuntu” edərək hamımız yedik. Uşaqlar “ubuntu”nun anlamını da belə açıqlayırlar öz dillərində: “Mən, biz olduğumuz zaman mənəm!”.
Məncə, sistemin kiçik azlığın böyük çoxluğun bədbəxtliyi üzərində qurulduğu hazırkı Azərbaycan cəmiyyəti üçün ən uyğun xoşbəxtlik formulu bu ola bilər. O ki qaldı, ayrı-ayrı fərdlərin xoşbəxtliyinə… Əgər cəmiyyət öz uğurlu formulunu tapıb depressiyadan çıxarsa, bir-birindən azad olan fərdlərin öz xoşbəxtlik pərisini yaxalaması da daha asan olar…