Ilham Ismayıl: «Putinin əsas narahatçılığı olimpiada ilə bağlıdır»
Rusiya prezidenti Vladimir Putin bildirib ki, bir sıra ölkələr yenə də Şimali Qafqazda vəziyyəti gərginləşdirməkdə maraqlıdır. ANS Press-in məlumatına görə, Putin Rusiya Təhlükəsizlik Şurasının geniş iclasında deyib: “Biz bir sıra xarici ölkələrin, onların nəzarəti altında olan ictimai və beynəlxalq təşkilatların Rusiya əleyhinə destruktiv fəaliyyəti ilə rastlaşırıq. Onlar əvvəlki kimi Rusiyada vəziyyəti gərginləşdirmək üçün Şimali Qafqaza əməliyyat meydanı kimi baxırlar”.
O, “bu cür cəhdlərin qarşısını biryolluq kəsməyə və lazımi cavab verməyə” çağırıb. Putin həmçinin bildirib ki, Şimali Qafqazda terror təhlükəsi hələ də qalmaqdadır.
Rusiya prezidentinin bu narahatçılığının əsas səbəbi nə ilə bağlıdır və təhlükəni hansı ölkələrdən gözləyir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın sözlərinə görə, Suriyadakı nəzərdə tutulan əməliyyatlarla bağlı Səudiyyə Ərəbistanı kəşfiyyat xidməti rəhbərinin Putinlə görüşməsi, həmçinin Soçi olimpiadasının problemsiz ötüşməsi üçün müəyyən fikirlər irəli sürməsi Rusiya prezidentində əlavə şübhələr yaradıb. Çünki məhz Şimali Qafqazdan ola biləcək terrorçular 2014-cü ildə keçiriləcək Soçi olimpiadasını hədəfə götürər, terror hadisələri həyata keçirə bilər. Putinin əsas narahatçılığı da məhz olimpiada ilə bağlıdır. Terrorun da əsas mənbəyi məhz Şimali Qafqazdan olan müəyyən terror dəstələridir.
Ekspert olimpiada yaxınlaşdıqca Şimali Qafqaza terror qruplarının diqqətinin artacağını da qeyd etdi: “Putin hər zaman öyünürdü ki, Şimali Qafqazda rahatlıq yaranıb, bütün terror qrupları dağıdılıb, sakitçilikdir, inkişaf gedir, Çeçenistan Ramzan Kadırovun nəzarətindədir. Indiki isə olimpiada ilə bağlı narahatlığını dilə gətirir”.
Ekspertin sözlərinə görə, Putin xarici qüvvələr deyəndə terrorçu dəstələri maliyyələşdirən, onları silahla təhdid edənləri nəzərdə tuturdu. Bu da əsasən Səudidiyyə Ərəbistanı və bu işdə maraqlı olan digər ölkələrdir. Eyni zamanda Qərb dövlətlərində də bəzilərinin bu məsələ maraqlı olması mümkündür.
Fizzə