“Xalqın Cəmil Həsənli kimi rəhbərə ehtiyacı var”

«Ziyalılarımız susmamalıdır, hazırda xeyirlə şərin mübarizəsindən söhbət gedir»

Mətləb Mütəllimli: «Sadə vətəndaşa Heydər parklarının açılışı yox, iş yerləri lazımdır»

Bir qrup tanınmış hüquqşünas Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli ilə bağlı bəyanat veriblər. Hazırda Azərbaycanın siyası həyatında mühüm bir tarixi hadisəni yaşadığımızı vurğulayan bəyanat müəllifləri vurğulayıblar ki, son iyirmi ildə Azərbaycanda baş verən qanunsuzlıqlar, oturuşmuş korrupsiya, rüşvət mexanizmi, insan hüquqlarının ardıcıl pozulmasının dövlət siyasətinə çevrilməsi, ölkəmizin işğalda olan ərazi sayağı idarəçiliyi kimi hallar daim Cəmil Həsənlinin mübarizə hədəfi olub.
Bəyanatı imzalayan müstəqil hüquşünaslar C.Həsənlinin xalqın etimadını doğruldacaq şəxs kimi tam dəstəklədiklədiklərini ifadə ediblər. Bəs belə bir bəyanatı hazırkı dönəmdə zəruri edən səbəb nədən ibarətdir? Bəyanat müəlliflərindən olan “Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimliyə ilk sualımız bu istiqamətdə oldu.

– Vətəndaşlarımızın əksəriyyəti hazırda yürüdülən siyasət üzündən öz hüquqlarını bilmirlər. Bunun nəticəsidir ki, əhalinin böyük əksəriyyəti seçkilərə getmir və bundan da hakimiyyət istifadə edərək seçkiləri saxtalaşdırmağa çalışır. Biz, bu bəyanatı imzalayan hüquqşünaslar, hesab edirik ki, hüquqşünaslar xalqın maarifləndirilməsi prosesində fəal iştirak etməliyik. Bu bəyanata imza atan və bu bəyanatda imzası olmasa da bizim təşəbbüsü dəstəkləyən bütün hüquqşünaslara, siyasi fəallara təşəkkürümüzü bildiririk.
Bəyanatda da göstərildiyi kimi, hüquqşünas qrupu həm seçki dövründə, həm də seçkidən sonra fəaliyyət göstərək. Divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin də canı saxtakarlıqdadır. Hakimiyyətin hazırda atdığı addımlardan onların növbəti saxtakarlığa hazırlaşdığı hiss olunur. Ona görə biz seçkidən sonra da fəaliyyət göstərərək saxtakarlıqla bağlı faktları araşdıraraq beynəlxalq məhkəməyə təqdim etməyə çalışacağıq.

– Bu bəynatdan savayı siz özünüz tanınmış hüquqşünas kimi Cəmil Həsənlinin namizədliyinin müdafiəsi üçün hansı addımları atacaqsınız?
– Bu prosesdə elə məsələlər var ki, onlar barəsində danışmaq olar. Amma elə məsələlər də var ki, onlar barəsində danışmaq yox, konkret iş görmək lazımdır. Vətəndaşların seçki hüquqlarının onlara izah olunması, indiki hakimiyyətin əhalini bu duruma salmasının səbəbləri, ümumiyyətlə, bu məsələlərin xalqa çatdırılması əsas məsələlərdəndir. Biz Konstitusiya çərçivəsində fəaliyyət göstərərək, baş verənlərə mövqeyimizi nümayiş etdirmək niyyətindəyik.

“Cəmil Həsənli Azərbaycanı dünyaya tanıdıb”

– Cəmil Həsənlinin namizədliyi irəli sürüldükdən dərhal sonra hakimiyyətin nəzarətində olan mətbuatda ona qarşı təbliğat kampaniyası başladıldı. Amma hakimiyyətin bütün səylərinə baxmayaraq iqtidar təmsilçiləri özləri də etiraf edirlər ki, Cəmil Həsənli tanınmış el xadimi, xalqının gələcəyini düşünən bir ziyalıdır. Amma o siyasətçi deyil və o, dövlət başçısı postuna iddia etməməlidir. Hakimiyyətin məntiqindən belə çıxır ki, dövlətə saf insan rəhbərlik etməməlidir?
– Hər gün mətbuatdan cəfəng iddialar səsləndirən YAP funksionerləri guya siyasətçilərdir? Cəmil Həsənli uzun müddətdir ki, siyasi arenadadır. On il parlamentin deputatı olub. Cəmil bəy həmişə xalqın haqq səsini çatdırıb, beynəlxalq səviyyədə Azərbaycanı tanıdan çıxışları olub. Cəmil Həsənli Azərbaycanın dünyada tanınan, seçilən ziyalılarından biridir. Hazırkı hakimiyyətin namizədinə qarşı hətta mələk də namizədliyini versəydi, ona qarşı müxtəlif “arqumentlər” tapmağa çalışacaqdılar. Amma ən böyük qüsur bu hakimiyyətin özüdür. Bu hakimiyyət xalq tərəfindən dəstəklənmir və bu fikir birmənalıdır. Cəmil Həsənlinin hörməti bütün dünyada tanınır. Biz hüquqşünaslar olaraq Cəmil Həsənlinin namizədliyini, şəxsiyyətini xalqa hərtərəfli çatdırmağa çalşacağıq. Xalqın hazırda Cəmil Həsənli kimi ədalətli dövlət başçısına böyük ehtiyacı var. O baxımdan da hakimiyyətin təbliğatı bir nəticə verə bilməz. Bizim tanınmış ziyalılarımız hazırkı dönəmdə belə gözləmə mövqeyində qalırlar. Burada xalqın mövqeyinin nümayiş etdirilməsindən, xeyirlə şərin mübarizəsindən söhbət gedir. Bir qrup insan isə dəstək verməkdən çəkinir. Belə bir deyim var – cəsarət zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır. Əgər insanlar dubinka zərbəsindən, beş gün həbsxanada yatmaqdan qorxacaqsa, rejimə qarşı kim mübarizə aparmalıdır.

– Budəfəki seçki prezidentliyə namizədlərin sayına görə yadda qaldı. Indiyə qədər 21 namizəd irəli sürülmüşdü, onlardan 14-ü sənədlərini MSK-ya təqdim edib. Bu dəfə namizədlərin sayının çox olmasının məqsədinin müxalifət namizədinə pulsuz efir vaxtının mümkün qədər az düşməsi olduğu vurğulanır. Eyni zamanda seçkidən sonra hakimiyyət namizədinin rəqibləri tərəfindən təbrik edilməsi fonunu yaratmaq üçün indidən hazırlıq görülür…
– Prezidentliyə namizədlərin sayının çoxluğu heç də Azərbaycanda demokratiyanın olmasına dəlalət etmir. 2010-cu ildə keçirilən parlament seçkilərini yadınıza salın. O zaman mənim də tanıdığım bəzi adamlar özləri də gözəl bilirdilər ki, parlament seçkilərində qələbə qazana bilməzlər. Amma onlara məsləhət görülmüşdü ki, namizədliyinizi verin. Onlar da böyük sevinclə bu addımı atmışdılar. Beləliklə də saxta keçirilən parlament seçkilərində 16 partiyanın nümayəndəsi iştirak etdi. O zaman Ilham Əliyev seçkinin nəticəsi kimi Azərbaycanda 16 partiyanın seçkiyə qatılmasını böyük uğur kimi qələmə verirdi. Nə olsun. Seçkidə 16 partiya iştirak etdi, amma parlamentdəki yerlərin böyük əksəriyyətini hakim partiyanın nümayəndələri götürdü. Indiki dövrdə də namizədlərin sayının çoxluğu məhz bu məqsədlərə dəlalət edir. Namizədlərin böyük əksəriyyəti ağılsız çıxışları ilə səs toplamağa çalışırlar. Əgər bir namizəd tələb olunan 40 min imzanı toplaya bilmirsə və ya bunu yalnız hakimiyyətin dəstəyi ilə reallaşdırırsa, bu böyük xəcalətdir. Hakimiyyət namizədlərin adından istifadə edərək Avropa dövlətlərində bu məsələni bayrağa çevirəcəklər. Bu namizədlərin böyük əksəriyyəti seçkiyə hakimiyyətə dəstək məqsədi ilə gedir.

Nə qədər Heydər parkı açmaq olar?

– Seçki kampaniyasının başlamasına bir həftə qalıb və bu ərəfədə büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının, pensiyalarının artırılması istiqamətində addımlar atıldı. Bu addımın seçkiyə az qalmış atılmasıyla cəmiyyətdə hakimiyyət barəsində formalaşan mənfi fikri dağıtmaq mümkün olacaqmı?
– Sözsüz ki, bu addımın atılması qanuna ziddir. Bu, seçicilərin ələ alınması deməkdir. Axı əmək haqlarının, pensiyaların 4-5 faiz artırılması ilə nəyə nail olmaq olar. Bir ölkədə ki ərzaq məhsullarının qiyməti getdikcə qalxır, 5-10 manatla nə əldə etmək olar. Bu, Azərbaycan büdcəsinin istədikləri formada dağıtmaqdır. Əgər hökumət niyyətlərində ciddiydisə, əmək haqlarını seçkiyə xeyli qalmış, ilin əvvəlində artıra bilərdi. Və ya ən azı bu addım seçkidən sonra atıla bilərdi.

– Hazırda Ilham Əliyev dövlət başçısı səlahiyyətlərini icra etsə də, o, eyni zamanda namizəddir. Seçki kampaniyasının başlamasına bir həftə qalmış Ilham Əliyev dövlət başçısı kimi rayonlara səfər etsə də, oradakı çıxışları seçki təbliğatı xarakteri daşıyır…
– Hakimiyyət bəyan etsə də ki, onlar seçki kampaniyası aparmırlar. Bu kampaniya çoxdan başlayıb və tam sürəti ilə aparılır. Hakimiyyətin bu təbliğatı gözdən pərdə asmağa xidmət edir. Işsizliyin real şəkildə qarşısının alınması üçün son zamanlar hansı zavod-fabrik açılıb? Nə qədər Heydər parkı açmaq olar. Nə qədər infrastruktur layihələrinə pul ayırıb, daha sonra onları mənimsəmək olar?! Ona görə bu cür səfərlər zamanı söylənilən fikirlərlə əhalinin başını aldatmaq olmaz. Abadlıq lazımdır. Amma insanların güzəranı ağırdırsa, onları ciddi sosial problemlər narahat edirsə, o zaman dövlət büdcəsinin bu cür xərclənməsinin heç bir gərəyi yoxdur. Saysız-hesabsız Olimpiya Kompleksləri nəyə lazımdır? Gəlin hesablayaq, son dövrlər Azərbaycanda nə qədər Olimpiya Kompleksləri açılıb və bu komplekslərin sayına uyğun olaraq nə qədər Olimpiya çempionumuz var? Ilham Əliyev rayonlara səfəri zamanı Heydər Əliyevin heykəlini ziyarət edir. Bəs bu rayonların şəhid övladlarını kim ziyarət edəcək. Axı Azərbaycanın torpaqlarının müdafiəsi uğrunda şəhid olan bu şəxslər Azərbaycanın bu gününə görə həyatlarından keçiblər. Nəyə görə başqa ölkələrdə olduğu kimi şəhidlərə, Qarabağ əlillərinə hörmət yoxdur.

– Dövlət başçısı Ilham Əliyev rayonlara səfəri zamanı görüşdüyü insanların sayı maksimum 30 nəfər olur. Seçki kampaniyasından əvvəl bu tip görüşlərin keçirilməsi, geniş kütlələrin qarşısına çıxılmaması nədən xəbər verir?
– Təəssüf ki, başqa ölkələrin rəhbərlərinə baxanda Azərbaycanın çox acınacaqlı halda olduğunu görürük. Demokratik ölkələrin rəhbərləri vətəndaşlarla sərbəst görüşür, onların problem və qayğıları ilə maraqlanırlar. Bizdə isə Ilham Əliyevin rayonlara səfəri zamanı əvvəlcədən insanlara xəbərdarlıq edilir ki, evlərini tərk etməsinlər. Hansı ölkədə belə hal olur? Dövlət başçısının qarşısına öyrədilmiş adamları çıxarırlar və belə təsəvvür yaradırlar ki, guya məhz bunlar ictimaiyyətin fikrini ifadə edirlər. Əgər sən xalqın prezidentisənsə, əhalinin içinə çıx, rayonlarda geniş kütlələrlə görüş, onların problemləri ilə maraqlan, vətəndaşların soyducusunu aç və bir ora nəzər sal.

Hakimiyyət vətəndaşların gözünə kül üfürür

– Son zamanlar hakimiyyət yenə müxalifəti dövlət çevrilişində, iğtişaşların törədilməsində ittiham edir. Bu cür ittihamlar hazırkı dönəmdə işə yarıya bilərmi, bütün bunlara cəmiyyəti inandırmaq mümkün olacaqmı?
– Hakimiyyət hər zaman seçki öncəsi bu cür kampaniyalardan istifadə edib. Bu artıq bir ənənə halını alıb. Əhali artıq bu addımların hamısının yalana əsaslandığını çox gözəl görür. Müxalifət rəhbərlərinin hər biri açıq bəyan edib ki, onlar Azərbaycanda dəyişikliklərin Konstitusiya çərçivəsində həyata keçirilməsini istəyir. Əslində dövlət çevrilişini bu hakimiyyət edir. Hakimiyyət zor yolu ilə, polisin gücündən istifadə edərək insanları itaətdə saxlayır və sonra da bildirir ki, hamı ondan razıdır. Azərbaycanda insanların heç bir şikayətinə normal baxılmır. Şikayətlər məntiqsiz olaraq şikayət olunan ünvana araşdırılmaq üçün göndərilir. Bundan başqa, hazırda məmurların rayonlara səfərlər edərək əhalinin problemləri ilə maraqlandığı barədə apardığı kampaniya da real əsaslara söykənmir. Bu, vətəndaşların qəbulu yox, gözə kül üfürməkdir.

Xəyal