Məhəmməd Talıblı: «Azərbaycanın reytinqdə yaxşı yer tutmamasının əsas səbəbi ölkədə uğurlu və keyfiyyətli sosial siyasətin həyata keçirilməməsidir»
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən xoşbəxt ölkələrinin reytinqini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, 156 ölkənin yer aldığı siyahıda Azərbaycan 116-cı yerdə qərarlaşaraq Iraq, Iran Hindistan, Fələstin, Monqolustan, Zimbabve, Tunis, Qana kimi ölkələrdən geridə qalıb. Ilk beşlikdə yer alan dünyanın ən xoşbəxt ölkələri isə Danimarka, Norveç, Isveçrə, Niderland, Isveç, Kanada seçilib.
Siyahıda həmçinin Rusiya 68, Türkiyə 77, Iran 115, Ermənistan 128-ci yerdə qərarlaşıb.
Reytinq siyasi azadlıq, əhalinin sosial müdafiəsi, korrupsiyanın mövcudluğu kimi kriteriyalar əsasında tərtib olunub.
Azərbaycan hökuməti ölkəyə gələn neft pullarının vətəndaşların rifahının yüksəlməsinə yönəldiyini desə də, beynəlxalq təşkilatların hesabatları bunun tam əksini göstərir. Lakin hər belə bir hesabatdan sonra iqtidar nümayəndələri bunu həmin təşkilatların qərəzli olması ilə izah etməyə çalışır. Budəfəki hesabat isə rəsmi Bakının bu qurumda ölkəmizin böyük nüfuzu olduğunu iddia etdiyi BMT tərəfindən hazırlanıb. BMT-nin açıqladığı reytinqdə acınacaqlı yer tutan Azərbaycanın xoşbəxt ölkələr sirasında yer almasına nə mane olur?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı ölkəmizin yüksək reytinq göstərə bilməməsinin bir neçə səbəbinin olduğunu deyir. Bu reytinqlərdə ölkədə sosial rifah, əhalinin yaşam tərzi, orta aylıq əmək haqqı əsas götürülür: “Ingiltərədə belə bir tədqiqat aparılmışdı ki, hər bir insanın xoşbəxt olması üçün ildə 74 min funt sterlinq səviyyəsində gəlirə sahib olmalıdır. Bundan sonra xoşbəxt olmağın maliyyə təminatını əldə etmiş olur. Amma o tədqiqatın paradoksal tərəfi ondan ibarət idi ki, 74 min funt sterlinqdən sonra 150 min funt sterlinq qazanmaq xoşbəxtliyin iki dəfə artması anlamına gəlmir. Digər amillər vətəndaşların siyasi azadlıqlarının təmini, sosial hüquqların hansı səviyyədə olmasıdır. Həmin ölkədə seçmək və seçilmək hüququnun təminatı nə yerdədir. Hüquq mühafizə orqanlarının vətəndaşlara münasibəti, məhkəmələrin ədalətli qərarları insanların xöşbəxtliyinə təsir edə bilər. Insan özünü dörd divar arasında xoşbəxt hiss edə bilər, amma cəmiyyətə inteqrasiya olunanda tələb edilən xoşbəxtlik meyarı dəyişir. Cəmiyyətin öz qaydaları və qanunları var. Qanunlar cəngəllik qanunlarına uyğun olanda ölkədə insanların xoşbəxtliyindən danışmaq yerinə düşmür”. Ekspertin sözlərinə görə, Azərbaycanın reytinqdə yaxşı yer tutmamasının əsas səbəbi ölkədə uğurlu və keyfiyyətli sosial siyasətin həyata keçirilməməsi, vətəndaşların aylıq istehlakından bir neçə dəfə yüksək əmək haqqına malik olmaması, eyni zamanda digər gəlir mənbələrinin məhdud olmasıdır. Bu amillər isə ciddi rol oynayır. Eyni zamanda ölkədə hüquqi nihilizm hökm sürürsə, ölkədə seçmək və seçilmək azadlığı məhdudlaşdırılırsa, media azadlığı boğulursa, bu zaman insanlar üçün problemlər yaranır. Bu baxımdan ölkəmizin bu reytinqdə tutduğu yer əslində sosial siyasətlə bərabər həm də hüquqi, siyasi və sosial hüquqların kifayət qədər yüksək səviyyədə təmin olunmaması ilə bağlıdır. Ölkədə demokratik təsisatlar inkişaf etsə, vətəndaşlarımız hüquqlarından yararlansa, insanlar mənəvi, hüquqi, siyasi baxımdan da özünün ifadə imkanları əldə edə bilər. Bu da nəticədə Azərbaycanın hesabatlarda layiqli yer tutmasına gətirib çıxarar.
Fizzə