MTN və Lənkəranskinin adı qətl qalmaqalında

İstanbulda öldürülən Əli Həmidovun qətl sifarişi Azərbaycandan verilib

“Haberturk” saytı Türkiyə MIT-ində olan qaynaqlara istinadən, ilginc məlumat yayıb. Sayt azərbaycanlı iş adamı Əli Həmidovun 2013-cü il avqustun 17-də Istanbulun Baxçaşəhər bölgəsində lüks bir binanın hovuzunda döyüldükdən və işgəncələrə məruz qaldıqdan sonra güllələnərək öldürülməsini araşdırıb.
Qətli binanın mühafizəsini aldadıb avtobusla içəri girən 6 şəxs törədib. Qatillər iş adamı Əli Həmidovun yanındakı sevgilisi Asiyət Alaşovanı da ağır yaralayıb və bir anın içində yoxa çıxıblar.
Ağır yaralanan Asiyət Alaşovanın ilk yardımdan sonra özünə gələndə türk polisinə verdiyi ifadəsində ən önəmli ipucu əldə edilib. Alaşova Həmidovun son nəfəsində “Rövşən” adını qulağına pıçıldadığını deyib.
Alaşova məşhur kriminal avtoritet Rövşən Lənkəranski ilə bağlı polisə bu məlumatları verib: “Əli bir neçə il əvvəl narkotik cinayətinə görə Rusiyada həbs olunmuşdu. Türmədə daha əvvəldən tanış olduğu Azərbaycan əsilli kriminal avtoritet Rövşən Lənkəranski ilə birlikdə qumar oynayıb. Ikisi birlikdə çoxlu pullar qazanıblar. Əli 7-8 ay sonra həbsdən çıxdı. Ancaq bir müddət sonra arxasınca adamlar düşdü və qumarda uduzulan pullarını istəməyə başladılar. Axırıncı dəfə ona zəng vuran Rövşən Lənkəranskiyə Əli, ”Bütün qumar pullarını uşaq evlərinə verdim, məndə pul yoxdu”, – dedi. Sonra təhdidlər almağa başladı. Iyul ayında Türkiyəyə gəldik. Məqsədimiz iş yeri açmaq idi. Vurulanda Əlinin başını qucağıma aldım. Son nəfəsində “Rövşən” dedi”.
Türk polisinin apardığı istintaqda bir nömrəli şübhəli Rövşən Lənkəranskidir. Araşdırma nəticəsində Lənkəranski ilə bağlı maraqlı məlumatlar əldə olunub. Rusiya mafiyasının ən önəmli adlarından olan Lənkəranskinin başına bəzi mafiya qrupları tərəfindən 5 milyon dollar qoyulub. 16 aprel 2013-cü ildə “rus mafiyasının atası” kimi tanınan kürd əsilli “Ded Xasan”ın (Aslan Usoyan) qatili kimi də Lənkəranski günahlandırılır. Lənkəranskinin başına milyonlar bu hadisədən sonra qoyulub.

“Haberturk”un bu iddiası isə Azərbaycanda bomba effekti yarada bilər. Sayt Türkiyə polisindəki qaynaqlarına dayanaraq, Lənkəranskinin Həmidovu Qafar adlı azərbaycanlı kəşfiyyatçının əliylə tapdığını yazır.
Bildirilir ki, Qafar adlı kəşfiyyatçı Əli Həmidovun yerini müəyyənləşdirib və bundan sonra Lənkəranski Istanbula gəlib. Əməliyyat planını da Qafarın hazırladığı iddia edilir.

AzNews.az yazır ki, Əli Həmidov əslində, “Qoca” ləqəbli Əlibala Həmidovdur. Əgər türk polisinin yaydığı məlumat doğru olsa, yəni “Qoca”nın Lənkəranski tərəfindən öldürülməsi təsdiqlənsə, bu, kriminal aləmdə şok effekti yarada bilər.
“Qoca”nın ölmü ilə bağlı Rusiyanın məşhur “Praym Kraym” agentliyinin xəbərində “Qoca Bakinski” kimi tanınan “qanuni oğru”nun “Ded Xasan”ın klanı və Rövşən Lənkəranskinin tərəfdarları arasındakı mübarizənin qurbanı olduğu bildirilirdi.
Milli Təhlükəsizlik Nazirliyinin Ictimaiyyətlə əlaqələr mərkəzi publika.az saytına “Biz belə cəfəng iddialara cavab vermirik” cavabını verib.