Yaşar Cəfərli: «Heç vaxt kosmetik xarakterli dəyişikliklərin tərəfdarı olmamışam»
Parlamentin payız sessiyasında “Hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu, yeni hazırlanmış “Elm haqqında” qanun müzakirəyə çıxarılan zaman bu sənəddə hərbi xidmətdən möhlət hüququ ilə bağlı nəzərdə tutulmuş müvafiq müddəaya əsasən olacaq. “Elm haqqında” qanunda Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı yenilik avtomatik olaraq “Hərbi xidmət haqqında” qanunda da əksini tapmalıdır.
Müddəaya əsasən, bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunaraq bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra bu pilləni başa vurana qədər 2 il möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmət müddətinin azaldılaraq 6 aya endirilməsi təklifləri daxildir.
Hərbi sahə cəmiyyətin daima həssas nöqtəsi sayılıb. Hərbi çağırışçıların yaşıyla bağlı mübahisələr, bəzən ata ilə oğulun eyni vaxtda xidmətə çağırılması, evin tək uşağı kimi problemlər, ailənin təminatı məsələsi və s. bu sahəni diqqətdə saxlayan məqamlardır. Ümumiyyətlə, bu məsələlərə kompleks yanaşmanın vaxtı çatmayıbmı?
Hərbi ekspert Yaşar Cəfərli sözügedən məsələni şərh edərək kosmetik xarakterli dəyişikliklərin tərəfdarı olmadığını deyir. Ekspertə görə, birdəfəlik, köklü şəkildə islahatlar hazırlanaraq ictimai müzakirəyə çıxarılandan, insanların rəyi öyrəniləndən sonra o, mərhələli şəkildə, tədricən həyata keçirilməlidir: “Bu islahatlar hərbi sahədə həm çağırışı, səfərlik sistemini, hərbi xidmət dövrünü və s. əhatə etməlidir. Biz konkret olaraq NATO standartlarına uyğun ordunun qurulmasını yekunlaşdırmalıyıq. Hərbi sahədə əsgər, zabit və generallarımızın sayəsində müəyyən irəliləyişlər var. Amma dövlət tərəfindən ciddi islahatlar aparılmır, yalnız kosmetik işlər həyata keçirilir”. Ekspert vurğulayır ki, magistraturaya daxil olanlar üçün möhlət hüququnun verilməsi və onların təhsildən sonra cəmi 6 ay xidmət etməsi məsələsi hansısa dövlət məmuru və parlament üzvünün şəxsi marağında olan məsələdir. Yaşar bəy bunu birmənalı şəkildə, sübutlarla isbat etməyə hazır olduğunu deyərək sözügedən müddətin qəbul edilməsini zəruri hesab etmir: “Çünki hər şeydən əvvəl şəxsi təhlükəsizliyimizi düşünməliyik və bu yöndə islahatlar aparmalıyıq. Lakin hansısa dövlət məmuru təkcə öz vəzifəsini düşünməklə belə islahatların olmasına tərəfdar çıxır. Bügünkü vəziyyət onları qane etdiyi üçün belə dəyişikliklər edirlər. Biz ərazi bütövlüyümüzü təmin etmək istəyiriksə, tamam başqa islahatlar aparılmalıdır”.
Nigar