“Elmar Məmmədyarov plagiatlıqda ittiham oluna bilməz”

Türk dünyasının ən gənc elmlər doktoru ona yönələn ittihamları inkar edir

“Azadlıq” qəzetinin ötən sayında dərc olunan “Elmar Məmmədyarovun adı oğurluqda” başlıqlı yazı reaksiya doğurub.  Yazıda ittiham olunan tərəf, hüquq elmləri doktoru Hacı Xaliq Əhmədzadə cavab hüququndan istifadə etmək üçün “Azadlıq”a üz tutub.

Qarşılıqlı ittihamla çıxış edən Əhmədzadə deyir ki, Adıgözəl Məmmədovun müəllifi olduğu “Siyasilərin psixoloji portretləri” və “Baş tutmamış çevriliş” kitabları 2003-cü və 2007-ci illərdə çap olunub.

Adıgözəl Məmmədovun hallandırdığı və mənim müəllifi olduğum “Diktatorların bilinməyən sirləri” kitabı isə ilk dəfə 50 nüsxə olaraq 26 may 1998-ci ildə çapdan çıxıb.

Bu kitab təkrarən 2002 və 2009-cu illərdə 50 nüsxədən ibarət nəşr olunub. Müəllifi olduğum “Diktatorların bilinməyən sirləri” kitabı ilk dəfə 1998-ci ildə çapdan çıxmışdırsa, o halda mən yazar Adıgözəl Məmmədovun müəllifi olduğu, 2003-cü ildə çap olunmuş “Siyasilərin psixoloji portreti” və 2007-ci ildə çap olunmuş “Baş tutmamış çevriliş” kitablarındakı arxiv materiallarından necə istifadə və köçürmələr edə bilərdim?

Xaliq Əhmədzadə deyir ki, müəllifi olduğu “Diktatorların bilinməyən sirləri” kitabında istinad etdiyi arxiv materiallarının bir hissəsini keçən əsrin 90-cı illərində elmi rəhbəri olan, professor, Türkiyyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın MDB ölkələri üzrə siyasi müşaviri vəzifəsində çalışan mərhum Qeybulla Qeybullayev təqdim edib: “Digər materiallar isə tərəfimdən aparılmış araşdırmalar nəticəsində əldə edilmişdir. Bu kitabın yazılması zamanı mən Adıgözəl Məmmədovun müəlliflik hüquqlarına qətiyyən toxunmamış, ona məxsus kitablardakı məlumatlardan istifadə etməmiş, habelə hər hansı bir kitabından köçürmələr həyata keçirməmişəm.

Müəllifi olduğum “Diktatorların bilinməyən sirləri” əsərinin ərsəyə gətirilməsi zamanı istifadə etdiyim, professor, mərhum Qeybulla Qeybullayevin təqdim etdiyi mənbələri kitabımın sonunda qeyd etmişəm. Yazar Adıgözəl Məmmədovun müəllifi olduğu kitablardakı məlumatlardan istifadə etmiş olsaydım, o halda müəllifə hörmət və minnətdarlıq əlaməti olaraq, onun əməyinin nəticəsi olan kitablarını, istinad etdiyim mənbələrin siyahısına hökmən əlavə edərək, ona xüsusi təşəkkür bildirərdim”. 

“Adıgözəl Məmmədov tərəfindən qaldırılmış plagiatçılıq məsələsində özümü qətiyyən təqsirli bilmirəm, mənə ünvanlanmış ittihamları qəbul etmirəm və mənim ünvanıma söylənilmiş bütün fikirlərin hamısını özümə qarşı məqsədli şəkildə düşünülmüş qərəz, iftira və böhtan hesab edərək tamamilə rədd edirəm”- söyləyən müəllim əlavə edib ki,  Adıgözəl Məmmədov müxtəlif KIV-də, mətbuatda, elektron saytlarda ona qarşı yalan, iftira, böhtan kampaniyası apararaq onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, əvvəldən sonadək uydurma, qərəzli şəxsi fantaziyalarına əsaslanan mütəmadi olaraq şantaj xarakterli materialları birtərəfli qaydada dərc etdirir.

A.Məmmədovun onunla aparmış olduğu dindirmə zamanı verdiyi sualların cavabsız qalması barədə dedikləri də qarşı tərəfin etirazına səbəb olub.

“Adıgözəl Məmmədov özünü Baş Prokurorluğunun Dövlət Ittihamı Idarəsinin rəisi kimi apararaq sanki məni təqsirləndirilən şəxs qismində dindirmişdir. Tam səmimiyyətlə Sizi agah edirəm ki, A.Məmmədovun saytda göstərdiyi formada heç bir ”dindirmə prosesi” olmayıb. 

Əksinə, o məni şantaj edərək guya, kitabımda dövlət atributlarından sui-istifadə etməkdə suçlayıb. A.Məmmədovdan kitabımda “dövlət atributlarından sui-istifadə etmə” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu soruşduqda, o, kitabımın elmi məsləhətçisi olan xarici işlər naziri, cənab Elmar Məmmədyarovun, kitabıma rəy verənlər – deputatlar Hadı Rəcəblinin, Musa Quliyevin və tarix elmlər namizədi Əkrəm Abdullayevin adlarını çəkərək həmin şəxsləri dövlət atributları kimi qələmə vermişdir. Onun atributlar haqqında, ümumiyyətlə, anlayışı olmayan bu çılız və savadsız fikirlərinə gülərək bildirdim ki, adı çəkilən hörmətli şəxslərdən heç biri dövlət atributlarına aid deyil və ola da bilməz. Müəllif Hüquqları Agentliyinin hüquq departamentinin rəhbəri, cənab Xudayət Həsənlinin yanında ona bildirdim ki, kitaba rəy verənlərin hər üçünün rəsmi imzası Milli Məclisin Ümumi Şöbəsi tərəfindən tam təsdiq olunub, sonradan kitabımın elmi məsləhətçisi olmuş, nazir Elmar Məmmədyarovla isə elmi rəhbərim professor, mərhum Qeybulla Qeybullayev, özüm və təhsil aldığım AzIMU-nin sabiq rektoru, müəllimim, professor, cənab Bünyad Sərdarovla birlikdə görüşmüşük.

Sizə onu da bildirirəm ki, kitabım Türkiyyə Cümhuriyyətində elmi rəhbərim professor, mərhum Qeybulla Qeybullayevin təşkilatçılığı və dəstəyi ilə “RN” nəşriyyatında çap olunub”.

“Əlavə olaraq bildirirəm ki, kitabım nəşrə getməmişdən əvvəl Yazıçılar Ittifaqının məsul katibi Çingiz Abdullayev, ”Ulduz” jurnalının baş redaktoru, Yazıçılar Ittifaqının Gənclər Təşkilatının sədri Elçin Hüseynbəyli, Mir Cəfər Bağırovun həyat və fəaliyyəti haqqında 6 kitabın müəllifi olan Teyyub Qurban, filologiya elmlər doktoru, Dillər Universitetinin kafedra müdiri Arzu xanım Abdullazadə adı çəkilən kitabımı çox diqqətlə oxuyublar və kitabımın hansısa müəllifdən, yaxud kitablardan köçürmə olması barədə heç bir irad bildirməyiblər. Əksinə, kitabım haqqında rəsmi olaraq çox müsbət rəylər yazaraq öz imzaları ilə təsdiq ediblər.

Siyavuş