Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənli sentyabrın 9-da “EL” Hərəkatının Milli Məsələlər üzrə sədr müavini, MŞ-nın üzvü Mehdibəy Səfərovla görüşüb. Bu barədə məlumatı “EL” Hərəkatının mətbuat xidməti yayıb. Məlumata görə, görüşdə ölkəmizdə demokratik vətəndaş cəmiyyəti quruculuğunda insan hüquq və azadlıqlarının qorunması barəsində fikir mübadiləsi aparılıb. M.Səfərov ölkəmizdə insan hüquq və azadlıqlarının əsas tərkib hissələrindən biri olan vətəndaşlarımızın milli özünüifadə hüquqlarının hal-hazırkı durumu ilə bağlı onu narahat edən fikirləri söyləyib. O, bu hüquq və azadlıqların addımbaşı pozulduğunu,
eləcə də, ölkəmizdə bərabərhüquqlu vətəndaş cəmiyyətinin əsas atributlarından biri olan
milli hüquqların özünüifadə sahəsində mövcud olan nöqsanlardan və çatışmazlıqlardan
söhbət açıb.
C.Həsənli bildirib ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları ölkə Konstitusiyasında təsbit olunmuş maddələr əsasında yüksək səviyyədə qorunmalıdır. “Bizim ən böyük milli sərvətimiz olan Azərbaycan vətəndaşları ali həyat səviyyəsinə layiqdirlər! Ölkəmizin insanları hazırda hakimiyyətin apardığı reqionçuluq, yerliçilik, tayfabazlıq kimi bölücülük mərəzlərdən əziyyət çəkirlər və bundan xilas olunmalıdırlar”, deyə C.Həsənli vurğulayıb.
C.Həsənli qeyd edib ki, Azərbaycanda yaşayan xalqların hər biri sahib olduqları ümumazərbaycan milli-mənəvi dəyərlərindən savayı özünəməxsus dilləri, mədəniyyətləri, adət-ənənələri, mətbəxləri, xalq sənətkarlığı nümunələri və s. zəngin mənəvi irsə malikfir: “Azərbaycan kimi, bu dərəcədə milli-mənəvi dəyərlərin inteqrasiya etdiyi, eləcə də xalqların bir-birlərinə ehtiramla yanaşdığı, çoxmillətli ölkə azdır. Amma, təəsüf ki, insan hüquq və haqları ilə bağlı hər sahədə olduğu kimi burda da çoxlu nöqsanlar mövcuddur”.
İnformasiya şöbəsi