Azərbaycan Rusiya ilə anlaşsa, uduzacaq

Xəzərin təhlükəsizliyi ilə bağlı anlaşmanın Putinin səfəri ilə nə əlaqəsi var?

Cəsur Sümərinli: «Deyilənlər reallaşarsa, bu, faktik olaraq Azərbaycanın hərbi-siyasi baxımdan Rusiyanın boyunduruğuna daxil olması demək olacaq»

Rusiya Sərhəd Xidmətinin rəhbəri Vladimir Kuleşov Xəzərdə təhlükəsizliyin təmin olunması məsələsinə yanaşmada Rusiya, Azərbaycan və Qazaxıstanın mövqelərinin tam üst-üstə düşdüyünü açıqlayıb. O, MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən toplantısında Xəzərdə təhlükəsizlik mövzusunun müzakirə olunduğunu və müvafiq qərar qəbul olunduğu deyib.

Belə bir açıqlamanın Putinin Bakıya səfərindən qısa müddət sonra verilməsi təsadüfi görünmür. 

Səfərdən dərhal sonra “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Rusiyadakı hərbi mənbələrə istinadən Putinun səfəri çərçivəsində Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın detallarını açıqladı. 

Mərkəzin rəhbəri Cəsur Sümərinli hərbi sahədə əldə edilən digər razılaşmalarla yanaşı Azərbaycanın Xəzərdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ABŞ və NATO ilə 2011-ci ildən güclənməkdə olan əməkdaşlığını dayandıracağını, eyni zamanda Xəzərin təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan-Rusiya dialoqunun bərpa olunacağına dair razılığn əldə olunduğunu bildirdi. 

Qeyd edək ki, o zaman bununla bağlı rəsmi açıqlama verilmədi. Eyni zamanda deyilənlər təkzib də edilmədi. Razılaşmalar barədə məlumat yayılandan sonra isə C.Sümərinli müəyyən təzyiqlərə məruz qaldı. 

“Azadlıq”a açıqlama verən C.Sümərinli bildirdi ki, qeyd edilən məsələlər reallaşarsa, bu, faktik olaraq Azərbaycanın hərbi-siyasi baxımdan Rusiyanın boyunduruğuna daxil olması demək olacaq. Bu proses Azərbaycanın milli təhlkəsizlik maraqları üçün ciddi təhdidlər yaradacaq. Faktik olaraq Azərbaycan NATO ilə onsuz da zəif olan əməkdaşlığını dayandırmağa məcbur olacaq. Bu razılaşmaların həyata keçməsi Azərbaycanın müstəqil dövlət siyasətinin, hərbi-siyasi prioritetlərinin itirilməsi anlamına gələ bilər. 

Rusiya Sərhəd Xidmətinin rəhbərinin son açıqlaması ekspertin dediklərini təsdiqləyir. Görünür, rəsmi Bakı Rusiya ilə Xəzərin təhlükəsizliyinin təmin olunması məsələsində tam razılığa gəlib. 

Politoloq Vəfa Quluzadə Xəzərin dibinin artıq sektorlara bölündüyünü və Irandan başqa digər Xəzəryanı dövlətlərin, o cümlədən Rusiyanın bununla razılaşdığını deyir. Xəzərin səthinə gəldikdə, burda müstəqil dövlətlərin su sərhədləri olmayan yerdə Rusiya hökmranlıq edir. Rusiyanın hərbi donanmasının Bakıya gəlişi də buna eyham idi: “Xəzərdə yalnız Rusiyanın hərbi donanması var. Ona görə bu məsələdə Rusiya udur və bütün ölkələri hərbi baxımdan hədələyə bilər. Buna razılıq verməyimiz maraqlarımıza uyğun deyil. Əgər biz Xəzərin səthinin ümumi olmasına razılıq versək, Rusiyanın hərbi donanması tamamilə qanuni surətdə istədiyi vaxtda gəlib Bakı ilə üzbəüz dayana və raketləri ilə hədələyə bilər”.

Ekspertin sözlərinə görə, Rusiyanı Xəzərin səthi ilə yanaşı suyun dərinliyi problemi də maraqlandırır. Çünki Rusiya suyun dərinliyi məsələlərində hökmran olmaq istəyir. Əgər Xəzərin statusu Rusiya istədiyi kimi həll olunsa, Xəzərin dərinliyində məsələ konsensusla həll olunacaq. Bu da o deməkdir ki, Azərbaycanla Qazaxıstan, yaxud Türkmənistan suyun altı ilə qaz, neft ötürmək istəsə, Rusiya ona veto qoya bilər. Əgər Rusiya buna nail olsa, biz uduzuruq”. 

Fizzə