Bunun Azərbaycanın maşın bazarına mümkün təsiri nədən ibarət olacaq?
Avropada avtomobil sənayesi ciddi böhran yaşayır. Buna əsas səbəb qitədə hələ də məlum iqtisadi böhranın davam etməsidir. Avtomobil sənayesi böhrandan çıxış yollarını arasa da, hələ də işıq yolu görünmür. Nəticədə Avropa Birliyində avtomobil satışı azalaraq ötən illə müqayisədə son həddə, 17 ilin ən aşağı səviyyəsinə düşüb.
Avropa Avtomobil Istehsalçıları Assosiasiyasının verdiyi məlumata görə, avro bölgəsi daxilində ilin ilk yarısında satışlar ötən illə müqayisədə 6,6% azalaraq 6,44 milyon təşkil edib. Azalma Fransada 11,2, Italiyada 10,3, Almaniyada isə 8,1 faiz həddində olub.
Hamıya məlumdur ki, Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına salınması çox bahadır. Qiymət 17 ildə ən son səviyyəyə enibsə, güman ki, Azərbaycanda da qiymətlər aşağı düşəcək. Görəsən avtomobillərin ucuzlaşmasının Azərbaycanın maşın bazarına mümkün təsiri nədən ibarət olacaq?
Ekspert Qubad Ibadoğlu qeyd edir ki, ucuzlaşma alıcıların alman maşınlarına çıxış imkanlarını artıra bilər. Qubad bəyin qənaətincə, Azərbaycan bazarında Almaniyadan gətirilmiş işlənmiş maşınların çoxluğu orta və orta səviyyədən aşağı olan alıcıların alman maşınlarına tələbatını artıracaq. Nəticədə bu, alman maşınlarının sovet maşınlarını əvəz etməsində özünü göstərəcək: “Bu məsələ alıcıların alman maşınına marağının artmasına gətirib çıxara bilər. Rüsumlara gəlincə, bu məsələ gömrükdə onun necə hesablanmasından asılıdır. Belə ki, gömrükdə avtomobilin aşağı qiymətə rəsmiləşdirilməsi daxilolmaların da aşağı olacağına əsas verir”. Ekspert onu da qeyd edir ki, əlavə dəyər vergisi idxala əsaslandığından qiymətin aşağı həddə rəsmiləşdirilməsi onun həcminin azalmasına gətirib çıxarmalıdır.
Nigar