“ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşü faydalı hesab edirəm”. Milli Şura Aparatının rəhbəri Eldar Namazov “Media forum” saytına açıqlamasında belə deyib.
Sentyabrın 11-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, EL hərəkatının sədri Eldar Namazov, Liberal Demokrat Partiyanın sədri Fuad Əliyev və REAL hərəkatının Məclis sədri Erkin Qədirli ilə görüşüb.
Eldar Namazovun sözlərinə görə, görüşdə Azərbaycanda keçiriləcək prezident seçkisi kampaniyasının gedişi geniş müzakirə olunub: “Bir necə gündən sonra başlayacaq təbliğat-təşviqat kampaniyası, səsvermə günü də daxil olmaqla seçkinin bütün mərhələləri müzakirə olundu. Çox açıq və səmimi müzakirələr oldu”.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli isə “Media forum” saytına bildirib ki, görüşü faydalı sayır: “Səmərəli müzakirələrimiz oldu”.
***
12:40
ABŞ-ın Azərbaycan səfirliyində bir qrup partiya sədri və prezidentliyə namizədlə görüş keçirilir. APA-nın məlumatına görə, səfir Riçard Morninqstarın təşəbbüsü ilə keçirilən görüşə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, həmçinin prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak edir.
Görüşdə Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər müzakirə ediləcək.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən isə APA-ya bildirilib ki, YAP-ın görüş barədə məlumatı yoxdur.