Rəsmilər təkzib edir və hər şeyin nəzarət altında olduğunu deyir
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) rejimə nəzarəti itirib. Bu barədə “Bizim yol” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, Penitensiar Xidmət bu CÇM-ə daxili qoşun qüvvələrinin yeridilməsini planlaşdırır. 2 saylı CÇM-də belə bir vəziyyət rəis dəyişikliyindən sonra başlayıb.
Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17 saylı CÇM-in sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəisin təyinatından sonra “zon”da əvvəlcə sərt qaydalar tətbiq edilib. Bundan sonra Eyvaz Əsgərov 2 saylı CÇM-də “oğru vəziyyəti”nin yaradılması üçün bir qrup dustaqla danışıqlara başlayıb, “vəziyyət”in qurulması üçün aylıq “haqq” təyin edilib. Amma “vəziyyət” qurulandan az sonra dustaqlar arasında narazılıq artmağa başlayıb. Bu yaxınlarda isə dustaqlar arasında “zon”da hökm sürən “oğru vəziyyəti”nə etimadsızlıq dalğası baş qadırıb. Adətən, dustaqlar cəza çəkdikləri “zon”da “oğru vəziyyəti”nin olmasını arzulasalar da, bu dəfə situasiya fərqli alınıb. Böyük bir qrup dustağın fikrincə, hazırda “zon”da mövcud olan vəziyyət heç də “oğru vəziyyəti” deyil və bu, daha çox “poqon”ların nəzarətində olan bir “vəziyyət”dir. Elə buna görə də bir qrup dustaq qanuni oğrulara 2 saylı CÇM-də baş verənlərlə bağlı “kurs qoyublar” (yəni onları məlumatlandırıblar). Bu günlərdə isə qanuni oğruların “zon”da yaranmış durumla bağlı “proqon”u CÇM-ə daxil olub (“proqon” qanuni oğruların hər hansı mövzuda qəbul etdikləri qərardır). “Proqon”da bildirilir hazırda 2 saylı “zon”da mövcud olan “vəziyyət”in oğru aləminə heç bir dəxli yoxdur.
Bundan sonra “zon”da durum daha da gərginləşib. Dustaqlar hazırda mövcud olan “vəziyyət”in təsisatlarına başçılıq edən dustaqları tanımaqdan imtina edirlər, “vəzifəlilər” isə “vəziyyət”i təhvil vermək istəmirlər. Mənbə bildirir ki, belə situasiyalarda qiyam ehtimalı artır. Ədliyyə personalı qiyamı önləmək üçün dustaqlarla ifrat dərəcədə ehtiyatla davranırlar, rejim qaydalarına qayıdış böyk riskə çevrilir və bu üzdən daxili qoşun qüvvələrinin “zon”a yeridilməsi zərurəti yaranır.
Hər hansı “zon”a daxili qoşunların yeridilməsi proseduruna gəlincə, bu, aşağıdakı kimi baş verir: Penitensiar xidmət daxili qoşunların rəhbərliyinə müraciət edir, “zon”da fəallığı ilə seçilən 50-60 dustağın siyahısı daxili qoşun qüvvələrinə təqdim edilir. Bundan sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç kimin gözləmədiyi anda daxili qoşunlar “zon”a daxil olur. Bu andan etibarən həmin “zon”da idarəçilik tam olaraq daxili qoşunların əlinə keçir. Bu reyd bir və ya bir neçə gün davam edə bilər.
“Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət stabildir”. Bunu APA-ya açıqlamasında Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
M.Sadıqov 2 saylı cəzaçəkmə müəssisəsində narahatlıq yaranması barədə yayılan məlumatların əsassız olduğunu bildirib: “Əvvəla deyim ki, Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan qurumdur. Penitensiar xidmətin özünün Mühafizə Alayı və müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyü var. Əgər hansısa müəssisədə məhkumun və yaxud əməkdaşın həyat və sağlamlığı üçün təhlükəli şərait yaranarsa, onların köməyindən istifadə oluna bilər. Cəzaçəkmə müəssisələrinə Daxili Qoşunların hansısa bir qüvvəsinin yeridilməsi absurd bir fikirdir. Əlbəttə, vaxtaşırı cinayətkar aləmin ideyalarına meyl göstərən şəxslər bu və ya digər formada cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətinə, məhkumların davranışına müəyyən təsir etmək cəhdləri edirlər. Lakin həm Penitensiar xidmətin, həm də tabe qurumların əməliyyat aparatları tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bütün lazımi profilaktik tədbirlər həyata keçirilir”.