Aysel Xəlilbəyli
Həmişə adlarla bağlı problemim olub. Həmişə adları yadda saxlamaqda çətinlik çəkmişəm. Elə adını unutduğum bir müəllifin bu sözlərini isə yəqin heç vaxt unutmayacam: “Qarşınıza elə insanlar çıxa bilər ki, sizə oxuduğunuz kitablardan daha çox şey öyrətsin”.
Yerində söylənmiş bir cümlə. Nə əskiyi var, nə artığı. Həyatı gözündən vurmuş kimi. Çünki biz heç oxuduğumuz kitablardan dərs götürmədik. Bizə nə öyrətdisə, həyat və bu həyat boyu qarşımıza çıxan insanlar öyrətdi. Həyatımın müxtəlif dövründə qarşıma çıxan müxtəlif insanlar həyatımın təcrübəsi oldu. Amma düşünürəm ki, heç kim mənə Zaur Qurbanlı qədər gözəl həyat dərsi keçə bilməz. Çünki ömrü boyu ağrı yaşamış birinə qüruru, mübarizə aparmağı, həyatı Zaur Qurbanlı qədər dərk etdirən biri məncə, tapılmaz. Təsəvvür edin ki, sizi heç tanımayan biri bütün arqumentləri ortaya qoyaraq əslində sizin məninizin nə qədər dəyərli olduğunu, həyatda ən vacib məhz elə sizin olduğunuzu sizə anladır.ÿ
Azadlıq aşiqi birindən azadlığa olan eşqi dinləyirsiniz.ÿVə aciz, qürursuz biri olmaqdan vaz keçib həyatdan iki əllə yapışırsınız. Qarşınıza məqsədlər qoyursunuz. Həyatın gözünə dimdik baxmağa başlayırsınız. Nəinki baxmağa, həyatı görməyə səy göstərirsiniz. Kiminsə gözləri ilə deyil, öz şəxsiyyətinizin gözləri ilə…
Zaurun həbs xəbərini sosial şəbəkələrin birində oxumuşdum. Həmin vaxtÿ”Azadlıq” metrosunda idim. Dərsdən gəlirdim. Bilmirəm bu da təsadüfdür, ya yox, həbsini belə Azadlıqda eşitmişdim. Sakitcə yerə çöküb ağlamışdım. Heç cür qəbul edə bilmirdim bunu. Bəlkə indinin özündə belə qəbul edə bilmirəm. Təsəllini anası Səkinə xala ilə danışmaqdan alıram. Bir gün yenidən mesaj qutuna “xoş gəlmisən, bəy” yazmaq ümidilə.
Xəbər portallarının birində çalışarkən Zaurla bağlı xəbərlər hazırlayarkən əllərim əsirdi.ÿÇox dəyərli bir insanın həyatı əllərimdəymiş kimi. Hər xəbərdə azadlıq ümidlərim alışır və çox keçməmiş sönürdü. Hazırladığım xəbərlərə həmişə eyni şəkli qoyurdum. Nə isə, əziz gəlirdi o şəkil mənə. Şəklin tarixçəsi əziz idi mənə. Zarafatla demişdim ki, elə bil üçün dördə şəkil çəkdirirdin. Onda danışmışdı ki, Zaur paraşütdən yıxılıb ayağını sındırıbmış. Bu şəkil də həmin ərəfədə çəkilmişdi. Bir daha yəqin tullanmarsan, demişdim. Cavabında isə utandırmışdı məni. Yox, ayağım sağalsın, yenə tullanacam. Əslində bu cümlə onun mübarizə əzmini göstərmək üçün kifayət edirdi. Və mən hər dəfə o şəklə baxanda azadlıq “xəstəsi” Zauru görürdüm. Bilmirəm, bəlkə bu yazını oxuyarkən inanarsınız, ya yox, mən bu sözləri məhz həyatım boyu üzünü görmədiyim bir insan haqqında yazıram. Yazıram ona görə yox ki, yazmaq xatirinə, ona görə ki, bu yazını yazmaq mənim həyat borcum idi.
***
Ayselin köşəsinə cavab
Səkinə Qurbanova
Çox fikirləşdim. Çox götür-qoy etdim. Fikirləşdim ki, mən qəlbində böyük bir aləm yerləşən bu balaca, cılız qızcığaza necə cavab verim, bu yazını oxuyarkən keçirdiyim hissləri, duyduğum fərəh, qürur hissini necə bildirim?!
Qızım Aysel, sənin yazdığın yazını oxuduqdan sonra mən elə bil ki, səmalara qalxdım. Çox fərəhləndim, özümü dünyanın ən xoşbəxt anası sandım. Baxmayaraq ki, mənim ciyərparəm dörd divar arasındadır. Mən indi dərindən duydum ki, gör mən kimin anasıyam. Və mən dünyanın ən bəxtəvər anasıyam ki, mənim Zaur kimi vətənpərvər övladım var. Yox, mən daha ağlamayacağam. Buna mənim mənəvi haqqım yoxdur.
Mənim mehriban, ağıllı qızım Aysel! Sağ ol ki, sən məni duyğulandırdın, ayıltdın və sanki üzümə baxıb dedin ki, Səkinə xala, ağlama, niyə ağlayırsan. Heç Zaur kimi oğulun anası ağlayarmı?! Sağ ol, qızım, daha ağlamayacağam. Başımı dik tutaraq sanki hamıya qışqıracağam ki, bəli mən fəxr edirəm ki, mən ZAUR QURBANLININ anasıyam. Çox sağ ol, qızım. Sənə təşəkkür edirəm!