Zahid Oruc narı özünə seçki simvolu seçdi

Prezidentliyə namizəd, deputat Zahid Oruc seçki simvolunu açıqlayıb.

O, “Media forum” saytına bildirib ki, simvolu nar olacaq: “Seçki simvolu kimi narı seçməyimiz təsadüfi deyil. Çünki nar həyat rəmzidir. Nar güc amili kimi də qəbul olunur. Nar –Qədim Şərqdə günəş emblemi olub. Qan həyat enerjisi daşıyıcısıdır. Buna görə də qırmızı nar həyat rəmzidir.

“Quran”da nar əbədiyyət rəmzidir. Müsəlman cənnətinin xurma və nar yetişən bağında ölməz imanlıların (müqəddəslərin) zövqünü oxşayıb. İranın mifik qəhrəmanı İsfəndiyar nar dənəsi udmaqla ölməzliyə qovuşub.

“İncil”də nar dünya birliyinin rəmzidir. Xristian ikonoqrafiyasında nar Xilaskarın əlində bir dirilmə rəmzidir. Müqəddəs kitablarda narın yetişdiyi yer bolluq məkanı, südün və balın axdığı torpaq hesab olunur.

Narın quruluşu çoxluğun, müxtəlifliyin vahidliyini və bütövlüyünü simvolizə edir. Nar həmçinin hərbi şücaətin, dinamizmin və mükəmməlliyin rəmzidir”.