Sabah Qurban Məmmədovun məhkəməsidir

Qondarma ittihamlarla həbs olunan tanınmış vəkil Qurban Məmmədovun məhkəməsi başlayır. Yaxınlarının verdiyi məlumata görə, sabah – sentyabrın 11-də saat 10.00-da Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Məhkəmə açıq olacaq. Media nümayəndələrinin məhkəmə prosesini izləmək imkanı olacaq.

Qurban Məmmədov iyunun 4-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham olunur. Avqustun 1-də Qurban bəyin həbs müddəti daha 1 ay uzadılıb.

Vəkilləri isə bu həbsi siyasi sifariş sayır.