İranda Qom şəhərində iki avtobusun toqquşması nəticəsində ən azı 44 adam ölüb, yerli media xəbər verir.
Hadisə bazar ertəsi axşam saatlarında, bir avtobusun təkəri partlayanda baş verib. Avtobus sapıb yaxınlaşan maşınlara doğru tərpənəndə, başqa avtobusu qabaqdan vurub. Xəsarət alan onlarla sərnişin Qom şəhərindəki hospitallara aparılıb. Son illərdə vəziyyət yaxşılaşsa da, İran yolları dünyanın ən təhlükəlilərindən biri sayılır. 1990-cı illərdə, ölkədə 4 milyon maşın olan vaxtda ildə təxminən 28 000 min adam yol qəzalarında ölürdü, AFP agentliyi xəbər verir. Amma son iki il ərzində maşınların sayı 17 milyona çatsa da, ölənlərin sayı təxminən 20 000-dir. Xəbər agentliyinə əsasən bu, yollarda daha çox polisin olması və daha yüksək cərimələrlə bağlıdır. Bazar ertəsi baş verən hadisə yerli vaxtla təxminən 23:00-da, paytaxt Tehranla Qom şəhərini birləşdirən şosedə baş verib.