ABŞ Suriyadakı münaqişəni diplomatik yolla həll etməyə hazırdır
Konqres hərbi müdaxiləyə dair səsverməni təxirə saldı
Birləşmiş Ştatlar Suriyadakı münaqişəni diplomatik yolla həll etməyə hazırdır. Bunu “Fox News”a müsahibəsində ABŞ prezidenti Barak Obama deyib: “Biz diplomatik yolla hərəkət edəcəyik. Mən çox ümid edirəm ki, bu münaqişəni qeyri-hərbi yolla həll etmək mümkün olacaq”.
Obama xalqa müraciət edəcək
Obama Suriyadakı vəziyyətlə bağlı xalqa müraciət etməyi də planlaşdırır. Əslində ABŞ prezidenti Konqresin hərbi əməliyyatın başlanılmasına razılığını almağa çalışır. Sadəcə, Ağ ev Konqresdə səs çoxluğuna malik deyil.
Digər tərəfdən sosioloji sorğular ictimai rəyin yeni müharibəyə qarşı olduğunu göstərir. Bu arada, ABŞ Konqresində Suriyaya hərbi müdaxilə ilə bağlı səsvermə təxirə salınıb. Konqresdə səs çoxluğuna malik demokrat senatorların lideri Harri Rid məsələyə dair səsvermənin keçirilməsindən imtina edib. Səsvemə sentyabrın 11-də keçirilməli idi.
“Röyter” agentliyinin yaydığı xəbərə görə, bazar ertəsi səhər Rid prezidentin sorğusuna əsasən Suriyaya hərbi müdaxiləyə dair ilk səsvermənin sentyabrın 11-də keçiriləcəyini desə də, bir neçə saatdan sonra Senata qayıdıb və səsvermənin olmayacağını bəyan edib. Bu, Rusiyanın Suriyadakı kimyəvi silah arsenalının beynəlxalq nəzarət altına keçməsi ilə bağlı təklifi fonunda baş verib.
Ridin köməkçiləri səsvermənin bu həftənin sonunda keçiriləcəyini istisna etməyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə ABŞ dövlət katibi Con Kerrinin “Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər” bəyanatını belə şərh edib: “Suriya xarici işlər naziri Valid Müallemlə danışıqlar apardıq. Danışıqlar bitdikdən sonra məlum oldu ki, ABŞ dövlət katibi Con Kerri ”Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər” bəyanatı ilə çıxış edib. Suriya Ərəb Respublikasının bununla razılaşıb-razılaşmayacağını bilmirik. Əgər bu ölkədə kimyəvi silahlar üzərində beynəlxalq nəzarət tətbiq olunarsa, biz dərhal Dəməşqlə işə başlayırıq. Suriya hökumətini təkcə kimyəvi silahlar üzərinə beynəlxalq nəzarətin tətbiq olunması ilə deyil, həmin silahların məhv edilməsi, hətta Kimyəvi silahların qadağası Təşkilatına tam qoşulmağa razılıq verməyə çağırırıq”.
Rusiyanın təklifinin hal-hazırda Moskvada olan Suriya xarici işlər naziri Valid Muallemə verildiyini deyən Lavrov tez bir zamanda Dəməşqdən müsbət cavab gözlədiklərini bildirib.
Qeyd edək ki, dünən ABŞ dövlət katibi Con Kerri britaniyalı həmkarı Uilyam Heyqlə görüşdən sonra Suriya probleminin yalnız siyasi yollarla həllinin mümkün olduğunu anladıqlarını bildirib: “Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər. Hərb yol yoxdur, biz bu barədə illüziya qurmuruq”.
“Rusiyanın təklifi diqqətlə araşdırılmalıdır”
Öz növbəsində Fransa da hesab edir ki, Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə götürülməsi təklifi diqqətlə araşdırılmalıdır. Fransa xarici işlər naziri Loran Fabius hesab edir ki, bu, müəyyən şərtlərə əməl olunacağı təqdirdə mümkündür: “Bəşər Əsəd kimyəvi silahı operativ şəkildə beynəlxalq nəzarət altına verməli və onun məhv edilməsinə imkan yaratmalıdır. Bu əməliyyat BMT Təhlükəsizlik Şurasının razılığı və təyin etdiyi vaxtda keçirilməlidir, habelə avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi hücumun günahkarları beynəlxalq məhkəmə qarşısına çıxmalıdır”.
Loran Fabius onu da bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim etməyi düşünür. Qətnamədə Suriyanın öz kimyəvi silah arsenalını aşkara çıxarması tələb olunur: “Bu ölkə kimyəvi silahların saxlanması və tətbiqi şərtlərini pozubsa, bunun ciddi nəticələri olacaq. Bizim məqsədimiz kimyəvi silah təhlükəsinin ləğvi və Suriya xalqının müdafiəsidir”.
“Terrorçular arasında Qafqaz və Çeçenistandan gələnlər var”
Moskvada bir sıra görüşlər keçirən Suriya xarici işlər naziri Valid Muallem Rusiyanın kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı təklifini qəbul etdiklərini açıqlayıb. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşən Valid Muallem Sergey Lavrovla çox məhsuldar görüş keçirdiyini söyləyib: “O, bizə kimyəvi silahlarla bağlı təklif verdi. Biz də bu təklifi qəbul etdik”.
Suriya XIN başçısı Suriyada döyüşən terrorçuların Türkiyədə silahlandırıldığını və təlim keçdiklərini də bildirib: “Terrorçular arasında Qafqaz və Çeçenistandan gələnlər də var. Türkiyə 83 ölkədən gələn terrorçuların təlim keçməsinə yardım edir. Ankara ilə Dəməşq arasında tarixi dostluq əlaqələrinə baxmayaraq, Türkiyə qarşı tərəfə düşmən mövqeyi sərgiləyir”.
Kimyəvi hücumla bağlı foto və videolar saxta çıxdı
BMT Insan Haqları Şurasının 24-cü sessiyasının gedişində beynəlxalq ekspertlər avqustun 21-də Dəməşq ətrafında kimyəvi hücumun qurbanı olanların foto və videolarının saxtalaşdırıldığını sübuta yetiriblər. Bu bəyanatla Rusiya XIN çıxış edib. Açıqlamada deyilir ki, avqustun 21-də baş vermiş hadisənin qabaqcadan saxtalaşdırıldığı haqda inandırıcı dəlil-sübutlar mövcuddur: “Çoxsaylı şahidlərin ifadələri nümayiş etdirildi, onların hamısı birmənalı bildirdi ki, kimyəvi silah Şərqi Quta rayonunda silahlı qruplar tərəfindən tətbiq olunub. Insidentin aktivistlər tərəfindən aparılmış təhqiqatının nəticələri və şahid ifadələri Suriya üzrə müstəqil komissiyaya təqdim olundu”.
Kimyəvi silahdan istifadə məsələsi ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında da müzakirə mövzusu olub. Bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Mari Harf deyib: “Əlbəttə ki, söhbət zamanı Suriyada kimyəvi silah mövzusundan danışılıb”. Bununla belə Harf Moskvanın Suriyanın kimyəvi silah arsenalını beynəlxalq nəzarətə götürülməsi təklifinin müzakirə edilib-edilmədiyini dəqiqləşdirməyib.
Kemeron: “Böyük Britaniya hərbi əməliyyatda iştirak etməyəcək”
Böyük Britaniyanın baş naziri Devid Kemeron bir daha bəyan edib ki, ölkəsi Suriyaya qarşı hərbi əməliyyatda iştirak etməyəcək. O qeyd edib ki, rəsmi London BMT çərçivəsində Bəşər Əsəd rejiminə siyasi təzyiqlərin artmasına nail olmağa çalışacaq: “Britaniya Suriyaya qarşı hansısa hərbi əməliyyatda yer almayacaq. Biz Dəməşqə təziyq göstərməkdə davam edəcəyik”.
“ABŞ-ın ardınca gedəcək ilk ölkə olmaq istəmirik”
Azad Demokratlar Partiyasının üzvü, Hamburqu təmsil edən deputat Burkxardt Müller-Zenksen bildirib ki, Suriyada hər gün həlak olan insanların taleyi barədə düşünmək lazımdır. Suriyada kimyəvi silahdan istifadə olunması ilə bağlı şərh verən deputat bildirib ki, Almaniya bu silahdan kimin istifadə etdiyini dəqiq bilmir: “Biz BMT mütəxəssislərinin rəyini öyrənməliyik. Eyni zamanda Almaniya Suriyada hərbi əməliyyatların keçirilməsində israrlı olan ABŞ-ın ardınca gedəcək ilk ölkə olmaq istəmir. Biz iki dünya müharibəsində uduzmuşuq və bir daha işğalçı kimi görünmək istəmirik. Bu cür məsələlərə həssaslıqla yanaşırıq. Ümid edirəm ki, BMT-də Rusiya və Çinlə birgə ortaq bir qərar qəbul olunacaq”.
Iran Suriyanı çörəksiz qoymur
Iran prezidenti Həsən Ruhani isə bildirib ki, son iki həftədə Suriyaya hərbi müdaxilə edilməməsi üçün bütün güclərini səfərbər ediblər: “Allah eləməmiş, müharibə baş versə, onun ziyanlarının daha az olmasına çalışacağıq. Düşmənlər müharibəni davam etdirsələr, tezliklə peşman olacaqlar. Biz bu müddət ərzində Suriya siyasətini diqqətlə izləmişik. Özüm Suriya məsələsi ilə bağlı bu ölkənin rəsmiləri ilə danışmışam. Iran Xarici Işlər Nazirliyi də bu sahədə fəal olub və müxtəlif ölkələrlə müzakirələr aparıb”.
Prezident vurğulayıb ki, Suriyada xalqın zəruri ərzaq məhsulları ilə təmin edilməsi sahəsində problemlər var: “Ona görə də dostcasına humanitar yardım üçün mövcud problemlərə baxmayaraq, Suriyanın ərzaq məhsulları xüsusilə unla təmin edilməsi üçün əlaqədar orqanlara göstəriş verirəm. Çünki hansısa islam ölkəsində çörək probleminin olması bizi narahat edir”.
H.Ruhani bildirib ki, Iran müharibənin baş verməməsi üçün bütün səylərini ortaya qoyub: “Biz müharibənin baş verməyəcəyinə ümid edirik. Əks təqdirdə, müharibə tərəfdarları bunun üçün yüksək qiymət ödəməlidirlər. Dünya ictimaiyyəti müharibənin əleyhinədir. Elə Qərb ictimaiyyəti də müharibəyə qarşı çıxır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniyanın parlamentinin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinə səs verməsinin şahidi olduq”.
“Suriyadan Israilə hücum ola bilər”
Iran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan isə Suriyaya qarşı hərbi müdaxilənin bütün bölgədə sabitliyi pozacağını söyləyib: “Çox böyük ehtimalla Suriyada bəzi qruplar tərəfindən Israilə qarşı hücum gerçəkləşdirilə bilər. Israilə qarşı hücum Suriyaya hərbi müdaxiləni provokasiya edə bilər”. Iranlı diplomat hansı qrupların Israilə qarşı hücum gerçəkləşdiriləcəyini isə açıqlamayıb.
Qeyd edək ki, Rusiyanın “Russia Today” telekanalı önəmli hərbi mənbələrə istinadən Suriyada hökumətin nəzarətində olan bölgələrdən Israilə qarşı kimyəvi silahdan hücum təşkil olunacağı barədə məlumat yayıb(APA).