Navalnının seçkisindən çıxan dərslər

Bütün dünyada diqqətlə izlənilən Moskva mer seçkiləri – şərti olaraq, Navalnının seçkiləri başa çatdı. Nəticələr Milli Şuranın namizədi Cəmil Həsənli ilə seçkiyə qatılan bizlərə müəyyən dərslər çıxarmağa imkan yaradır. Oxşarlıqlar çoxdur. Rusiyada da “YAP rejimi”dir, orada da müxalifətin uzun illər apardığı mübarizə nəticə vermir, üstəlik, ölkələrimiz arasında tarixi keçmişin eyniliyi və indiki eyniliklər nələrisə müqayisə etməyə münbit zəmindir. 

Artıq rəsmi nəticələr açıqlanıb. Müxalifətçi Aleksey Navalnı məğlub elan edilib. Əvəzində Rusiya “YAP”ının dəstəklədiyi  Sergey Sobyanin qalib sayılıb. Moskva Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, Sobyanin 51,37%, Aleksey Navalnı isə 27,24% səs toplayıb.ÿ

Navalnıy saxtalaşdırmanın olduğuna və ikinci tura keçdiyinə iddia edir, hər halda qalib gəldiyini də elan etmir. Amma bu nəticəni sadəcə məğlubiyyət saymaq olarmı? Məsələ bundadır… 

Birincisi, söhbət təkcə ondan getmir ki, bu qələbə iqtidara baha başa gəlib. Ictimai rəy, ümumiyyətlə, nəticəni təmiz qələbə saymır. Sobyaninin səslərinin azı 2% artırılaraq ikinci turun qarşısının alınması bir yana qalsın, Navalnının  37 faizə iddia etməsi də kənara qoyulsun, axı seçkilər ümumilikdə ədalətli keçməyib. Qeyri-bərabərlik olub, Sobyanin dövlətin resurslarından faydalanıb, müxalifət basqılarla üzləşib. Bir sözlə, avtoritar Putin hakimiyyətinin demokratik seçki görüntüsü yaratmaq cəhdi baş tutmayıb və onun namizədinin təmiz qələbə əldə etməsi niyyəti boşa çıxıb.

Ikincisi, bu “birtəhər qələbə” indiki iqtidara münasibəti ortaya qoyur və hər şeydən öncə Putin rejiminin özünə olan münasibətdir. Onu da nəzərə alanda ki, 37 yaşlı bloqçu hakimiyyəti bu cür divara sıxışdıra bilib, “konstrukiv” müxalifəti də çox arxada qoyub, bu zaman Navalnının məğlubiyyətini qələbə sayanlar da var. Uğurlu və ümidverici böyük irəliləyiş kimi!

Çıxaracağımız nəticələr nə ola bilər? 

Aleksey Navalnının nəhəng Putin rejiminə qarşı seçki yolu ilə mübarizəsini çoxları mənasız və faydasız hesab edirdi. Dəlil də bu idi ki, onsuz da seçkilər saxtalaşdırılacaq. Bu yanaşma seçki iştirakçılarının sayında da özünü göstərdi. Doğrudan da məlum oldu ki, Moskva seçicilərinin böyük əksəriyyəti, ümumiyyətlə, seçkiyə inanmır və onlar səsverməyə gəlmədi. Rəsmi rəqəmlərə görə, seçicilərin yalnız 32%-i seçkidə iştirak edib. Deməli, əksəriyyət Putin rejiminə qarşıdır, lakin seçkinin özünə də inanmır, səsverməni faydasız sayır, saxtalaşdırmanın olacağını əsas götürür. Eynən bizdəki kimi. 

Lakin sübut olundu ki, bütün hallarda vətəndaşların seçkiyə gəlib müxalifət namizədinə səsverməsi ciddi fayda gətirir. Bu səslərin üzərində mübarizənin çox uğurlu mərhələsini qurmaq olur. Dünən Moskvada keçirilən mitinqdə Novalnıy “əsl müxalifətin yarandığını” elan edib. O deyib ki, Putinin “Vahid Rusiya” partiyasını əzəcək siyasi maşının düzəldilməsinin yolunu artıq görür.  Novalnıy öz “məğlubiyyətini” qələbə adlandırıb və bir çox Rusiya ekspertləri də artıq bunu deyirlər. Cəmiyyətdə Navalnının nəticələrini böyük uğur sayır, sevinclə qarşılayırlar. 

Bizə gəldikdə, indiyədək keçirilən seçkilər göstərib ki, müxalifət həmişə səsverməni udur. Hətta ən ağır şərtlər altında davam edən seçkilərdə də. Belə olmasaydı, Ilham Əliyev qorxmadan demokratik seçki mühiti yaradardı. Ona görə də biz indi də əminik ki, Cəmil Həsənli səsvermədə Navalnıdan fərqli olaraq parlaq qələbə çalacaq. Ikinci tura ehtiyac olmadan. Eyni zamanda bilirik ki, onun da qələbəsi saxtalaşdırılacaq. Amma biz də həvəsdən düşmədən sonacan inamla getməliyik və bu seçkini mənəvi və siyasi qələbəyə çevirməliyik. Cəmil müəllim də, onun müdafiə edənlər də daha inamlı olmalıdır. Seçicilərə də bunu aşılamalıyıq.

Çünki bütün hallarda bizə uğur və üstünlük gətirəcək nəticə əldə edə bilərik.