Milli Şura İlham Əliyevdən MSK-ya şikayət edəcək

Anar Məmmədli: «Seçki qanunvericiliyini pozan namizədlə bağlı MSK öz mövqeyini bildirməlidir»

 

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı iqtidarın namizədinin seçki təbliğat kampaniyası başlamadan öncə televiziyada çıxışlarının geniş yayımlanmasını monitorinq edir və bunu qanun pozuntusu kimi qiymətləndirir.

Cəmil Həsənlinin Seçki Qərargahının Müsavat partiyasından olan rəhbəri Arif Hacılı “BBC Azərbaycanca”ya bu barədə öz fikirlərini bildirib.

“Çox güman ki, gələn həftə hüquqşünaslarımızla məsləhətləşdikdən sonra televiziyada Ilham Əliyevin qanunsuz olaraq seçki təbliğatının aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyik”.

Ilham Əliyevin təbliğat kampaniyası başlamadan öz təbliğatını aparması nə qədər düzgündür. Hüquqi baxımdan bunun izahı nədir?

Hüquq müdafiçisi Anar Məmmədli hesab edir ki, Cəmil Həsənlinin seçki qərargahı düzgün addım atır və MSK öz vəzifəsini yerinə yetirməlidir: “Təşviqat kampaniyasının təyin olunmuş vaxtdan tez başlanması yolverilməzdir və bu hal seçki qanunvericiliyində nəzərdə tutulub. Bu cür hallarla bağlı MSK araşdırma aparmalıdır və qanun pozuntusuna yol vermiş namizəd xəbərdar edilməlidir. Ilk olaraq Cəmil Həsənlinin seçki qərargahının belə bir addım atması təqdir olunan haldır və hər bir namizədin seçki prosedurunun pozulmasına görə şikayət etmək hüququ var. Qanunlar hamı üçün eyni dərəcədə icra olunmalıdır və hər bir namizəd öz rəqiblərinə hörmətlə yanaşmalıdır”.

Ilham Hüseyn