Sakinlər yenə də kompensasiyanın azlığından şikayətçidir
Azərbaycan Beynəlxalq Universitetinin də bir hissəsi söküntü altına düşür
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 31/26 ünvanında, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) arxasında olan mənzillər sökülür. Söküntünün nədəni isə Metropoliten üçün tikilən “Depo”dur. Ev sahibləri isə söküntüyə deyil, onlara verilən kompensasiyayanın azlığına etiraz edir.
ABU sökülür, ərazi sökülür…
Ötən gün sözügedən ünvana baş çəkdik. Ərazidə şıdırğı söküntü işlərinin getdiyinin şahidi olduq. Buldozerlər evləri bir-bir sökür.
ABU-nun da artıq bir hissəsi sökülüb. Düzdür, universitetin giriş qapısı sökülməsə də, emblemi yerində qalsa da, hələ ki, söküntü işləri içəridə gedir. Ərazi qazılır. Fəhlələr deyir ki, universitetin kiçik bir hissəsi “Depo”nun ərazisinə düşüb: “Həmin yerdə işlər gedir. O biri hissələr hələ ki sökülməyib”.
Burada 240 ailə yaşayırdı, çoxu köçüb, 10-12 ailə Metropolitenin verdiyi pulu qəbul etmir.
Zöhrab Məmmədov deyir ki, kimə nə qədər istəyirlər, o qədər də kompensasiya verirlər. Yəni konkret hesablama qaydası yoxdur: “Mənzillərin kvadratına 300-600 manat arası kompensasiya hesablayıblar. Bu qiyməti Metropoliten özü müəyyənləşdirib. Guya idarənin qiymətləndirmə komitəsi bura gəlib, evə baxış keçirib və belə bir qənaətə gəlib. Ancaq elə ailələr var ki, 800-1000 manat arası pul alıblar. Əvvəl köçənlərin evlərinin sahəsini 1300-1400 manatdan hesablayıblar”.
Zöhrab Məmmədovun evinin sahəsi 82 kvadrat metrdir. Ona verilən kompensasiyanın məbləği isə 44 min manatdır: “Kvadrat metrinə 500 manat da vermirlər. Kimin adamı var, onu yaxşı yola salırlar. Çanaq kasıbın başında çatlayır”.
Sakinlərdən Nəzakət Məmmədovanın mənzilinin sahəsi 167 kvadrat metrdir. Əvvəlcə ona da kompensasiya 500 manatdan nəzərdə tutulub. Bu 83 min 500 manat edir. Ancaq sonradan məlum olub ki, sənədləşmədə 75 min manat yazılıb: “Heç bir razılaşma olmadan pulu banka köçürüblər”.
Iş icraçısı vətəndaşla razılaşmır
Bu ərazinin sakinləri də ölkə başçısının məlum sərəncamını dilə gətirirlər. Deyirlər ki, Ilham Əliyevin 1500 manatlıq ədalətli kompensasiyasını Metropoliten onlara çox görür: “Ilin əvvəlindən burada qiymətləndirmə olub. Yüz dəfə bizə bildiriş gəlib ki, sabah söküləcək, köçün. Biz də narazıyıq deyə, evimizi tərk etmirik. Razılığımız alınmadan alğı-satqı aktına imza atılıb. Heç bir məhkəmə qərarı yoxdur. Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Bakı Şəhər Icra Hakimiyyətinə, Metropoliten rəhbərliyinə dəfələrlə müraciət etsək də, heç bir cavab gəlməyib”.
Evi sökülən sakinlərdən biri deyir ki, mənzilinin sahəsi 250 kvadratmetrdir. Buna görə də ona 120 min manat kompensasiya verilib. Onunla söhbət etdiyimiz zaman söküntü işlərinə başçılıq etdiyini deyən, ancaq özünü təqdim etməyən iş icraçısı vətəndaşların söylədiklərilə razılaşmır. Bildirir ki, hər şey vətəndaşların razılığı ilə olub.
Mülkiyyət toxunulmazdırmı?
Söküntü işlərini həyata keçirən şəxslərin qarşısına “Azərbaycan Respublikasının Konstitusiyası” adlı kitabça ilə çıxan Asim Əhmədovun evinin sahəsi 96 kvadrat metrdir: “Həyətim sahəsi 3 sotdur. 36 meyvə ağacı var. Mənzilimi hasara almışam, qapı qoymuşam. Bu qədər işlərin qarşısında mənə verilən kompensasiya 40 min manatdır. Bu, bir kvadratmetrə 421 manat deməkdir. Bu pulla Bakının ən ucqar ünvanında tikilən binada təmirsiz mənzil almaq mümkün deyil. Burada torpağın bir sotu 25 min manatdır. Bu, dövlət qiymətidir. Maklerlər daha baha satırlar. Bəs, bizim evimizi niyə bu qədər aşağı dəyərləndirirlər? Metropoliten rəhbərliyi deyir ki, hara istəyirsiniz, şikayət edin.
Konstitusiyada da yazılıb ki, mülkiyyət toxunulmazdır. Ancaq buna baxan yoxdur”.
Sakinlər iddia edir ki, söküntü işlərinə rəhbərlik edən şəxslər ərazidəki boş sahələri qohumlarının adına yazdıraraq, böyük məbləğdə kompensasiya alıblar.
Vaqonlarda gecələyənlər…
Sakinlərdən Zülfü Quliyev deyir ki, paytaxtda sökülən ərazilər arasında ən az kompensasiya buradakı vətəndaşlara verilir: “Hər kəsin sənədi var. Heç kim icazəsiz ev tikməyib. ”Kupça” almaq istəsək də, verməyiblər. Əgər bu ərazilər söküləcəkdisə, əvvəldən bizə deyərdilər”.
Zülfü Quliyevin mənzilini 32 min manat dəyərləndiriblər: “Evimin sahəsi 48 kvadrat metrdir. Hasarı, həyətyanı sahəni, hamam-tualeti nəzərə almırlar”.
Başqa bir sakin Gülyaz Əliyevanın evinə 63 min manat kompensasiya yazılıb. Evinin sahəsinin 114 kvadratmetr olduğunu deyən vətəndaş qeyd edir ki, heç bir razılıq əldə olunmadan pulu banka köçürüblər.
Ərazidə məcburi köçkünlər də yaşayır. Onların əksəriyyəti vaqonlarda gecələyirlər.
Evindən didərgin düşən Səidə Hümmətovaya bir neçə il əvvəl Mehdiabadda iki otaqlı ev veriblər. Beş nəfərlik ailə ilə orada yaşamağın mümkünsüz olduğunu görüb, yenidən bura pənah gətirən sakini indi ikinci dəfə yurd-yuvasından ayrı salmaq istəyirlər. Özü də bir qara qəpik vermədən. Bir sözlə, ona heç bir yardım edilməyəcək.
Ramin DEKO