Hər ilin sentyabr ayında əlillik komissiyasından keçmək vaxtım çatır. Növbəti il üçün pensiya məsələm bu komissiyanın qərarından asılıdır… Əsas qiymət “birinci imtahan”da yazılır. Ötən il üçüncü oldu, yaxın günlərdə dördüncü olacaq və bu şərtlərlə yaşamağa gücüm çatsa, növbəti “imtahanlar”a doğru bir az yolum qalıb. Həmin bu mürəkkəb oyunlardan qurtulmaq üçün komissiya adama bir rəy yazmalıdır ki, ömrünün sonuna qədər daşıyacağı dərdin birdəfəlik əlillik vəsiqəsini ala bilsin. Amma bilirəm ki, komissiya mənim kimi sıradan bir əlilə belə bir dəyərli rəy yazmayacaq. Çünki… yazmayacaq.
Yazının sonundakı qeydlər ilk həkim komissiyasındakı təəssüratımın tam səmimi ifadəsidir. O vaxtdan nə xəstə ayağım düzəlib, nə də ölkə. Sadəcə həkim komissiyasının sədri dəyişib. Mən yenə bir neçə il əvvəl anamı, bu günlərdə qəfil ölümüylə bütün həyatımı dəyişdirib alt-üst edən əziz qardaşımı itirdiyim sentyabr adlı ayda komissiyadan keçməliyəm. Əyilib qatlanmayan, təzəlikcə damarları şişib əndazədən çıxmış ayağımın doğrudan da sağlam olmadığına görə rəy almalıyam. Necə olacaq bu iş? Necə olacağını bilmirəm, bildiyim odur ki, ən azı bu dəfə komissiyanın rəyi məndən ötrü olum-qalım məsələsi olmayacaq. Yazılacaq aşağı-yuxarı əlillik dərəcəsinin itirdiklərimin yanında nə əhəmiyyəti var ki? Üstəgəl ölkədə əhalinin acından ölmək kimi bir dərdi yoxdu. Yəni artıq biz həmin mərhələni keçib qurtarmışıq. Ölənlər daha maddi sıxıntılardan deyil, bundan əmələ gələn mənəvi əzablardan ölürlər.
Ölkədə hər dəfə məvacib və pensiyaların quyruğuna artırılan gülünc rəqəmlər xalqı sadəcə ələ salmaqdır. O cümlədən mənim əlillik pensiyam da düçar olduğumuz həyat şərtlərinin qarşısında əcayib lətifəyə bənzəyir. Heç deyilsə, belə kütləvi lətifələrdən məzələnib bizə gülənlərin acığına bir az ayılmağa dəyməzmi? Qərarımızı xalq olaraq başımıza gələcəkləri düşünüb verməyin vaxtı çatmayıbmı?
Nədənsə ilk əlillik imtahanı barədəki düşüncələrimi bölüşmək istədim. Üstündən dörd il keçsə də sanki dünən idi kimi gəlir mənə, çünki onda da daha bir əzizimi təzəcə itirmişdim.
***
Təsəvvür edirsinizmi, qəzadan sonra çiliklənmiş sümükləriniz ətin içərisindən məftillə yarım metrəlik milə bağlanıb. Bu vəziyyətdə iki əsa ilə sürünə-sürünə əlillik kağızı almaq üçün birtəhər komissiyaya yollanırsınız. Sağlamların daha çox qatıldığı növbədən içəri keçirsiniz və… qaydasız oyun başlanır! “Müvafiq” siyahıda adınızı tapa bilməyən məmur həkim sizi şübhəli və istehzalı baxışlar altında elə “test”ə çəkir ki, qəzada ölmədiyinizə peşman olursunuz və yaxud xəstə olmadığınıza inanmaq istəyirsiniz. Darısqal otaqda qatlanmayan şişkin ayağınızın üstündən adlayan həkim bir qucaq xəstəlik kağızını kənara tullayıb sizi “ifşa” etmək üçün yenidən rentgenə göndərir. Başqa binadakı rentgen kabinetinə gedib-gələnə qədər yağışlı havada bir neçə dəfə real yıxılmaq “şansınız” var.
Komissiya heyətinə xəstə olduğunuzu sübut etmək üçün göstərdiyiniz bütün uğursuz cəhdlərdən sonra “hər ehtimala qarşı” borca girib topladığınız məbləği çantanın dərin küncündən çıxardıb stolun üstünə qoyursunuz. Və bu an onların üzünü görməmək üçün başınızı aşağı salıb dərhal özünüzü çölə atırsınız. Qapıda hələ xeyli adam var. Yetkililərdən kimsə tələsik addımlarla çatıb sizi rəsmi əlillik statusu almağınız münasibətilə təbrik edir?!! Növbədəkilər də xorla bu təbrikə qoşulurlar. Buradan tez uzaqlaşmaq üçün sizin sürətiniz yoxdu – çünki əlilsiniz. Bir də hara tələsirsiniz, bədəninizdəki yad və soyuq cisimlərdən, əlinizdəki əsadan xilas oluncaya qədər xeyli yolunuz var. Hələ inşallah, mentalitetimizə uyğun neçə təsdiqlərdən və təbriklərdən keçəcəksiniz.
Adamın hətta əlilliyə görə təbrik edildiyi nikbin, həyat dolu gözəl və özəl ölkədə yaşamaq nə böyük xoşbəxtlikdir! …Təsəvvür edin ki, həmin xoşbəxt adam mənəm, sənsən, bizik! Hər şeyin mümkün olduğu nağıllar ölkəsinin vətəndaşları… Bu yerdə rus şairi Mayakovskinin məşhur “Sovet pasportu” yada düşür:
“Alın a, yana-yana qalın a,
Mən sovet vətəndaşıyam!”.
Bütün hallarda belə, deyəsən, sovet vətəndaşları əlilliklə fəxr edəcək qədər xoşbəxt deyildilər…