abs-azerbaycan2

Hakimiyyətlə ABŞ arasında qarşıdurma

Tomas Melianın Bakıya dəvəti niyə təxirə salınıb?

ABŞ dövlət katibinin köməkçsinin müavini Tomas Melianın Bakıya gözlənilən səfərinin təxirə salınmasının ardınca “Azad Avropa” radiosunda Azərbaycan hakimiyyətinin PKK ilə ilişgilərinə dair material yayımlanması iqtidarı narahat edib. Hakimiyyət mətbəxindən sızan məlumatlara görə, iqtidar bunu Tomas Melianın səfərinin təxirə salınmasına cavab hesab edir. Məlumat üçün deyək ki, ABŞ rəsmisinin səfəri Azərbaycan tərəfinin istəyilə təxirə salınıb. Bakı bunu qarşıdan gələn prezident seçkisi ilə əlaqələndirib. Bildirilib ki, Tomas Melia seçkidən sonra Azərbaycana gələ bilər.
Azərbaycan hakimiyyətinin bu addımı iqtidarın Obama administrasiyasının yüksək rütbəli təmsilçisi ilə seçki məsələlərini müzakirə etmək niyyətində olmadığının göstəricisi kimi dəyərləndirilir. Tomas Melianın səfəri məhz seçki ilə bağlı idi. O, bundan əvvəl də Azərbaycana səfər etmişdi və Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi ilə “qırmızı xətti” keçməsinə işarə vurmuşdu. Eyni zamanda yenidən Bakıya səfər edəcəyini bildirmişdi.
Yeri gəlmişkən, ABŞ-ın prezident seçkisi ilə bağlı ümumi mövqeyi bundan ibarətdir ki, Ilham Əliyev 3-cü dəfə namizədliyini irəli sürürsə belə, seçki şəffaf keçirilməlidir. Əgər Melianın birinci səfərinin məqsədi Ilham Əliyevi 3-cü dəfə namizəd olmaq niyyətindən daşındırmaq idisə, (onun “qırmızı xətt”i keçməsinə işarə vurulması belə deməyə əsas verir) bu dəfə güman ki, iqtidarın qarşısında şəffaf seçki tələbi qoyulacaqdı. Və əslində birinci səfərdə Azərbaycan hakimiyyətinə düşünmək üçün vaxt verilmişdi.
Görünür, Azərbaycan hakimiyyəti Tomas Meliyanın seçki ilə bağlı deyəcəklərini əvvəlcədən təxmin edib. Ona görə də onunla müzakirə aparmaq istəməyib.
Bu açıq-aşkar ABŞ-la konfrantasiya xəttini tutmaqdır. Elə bu səbəbdəndir ki, Melianın Azərbaycana gəlməyəcəyi bəlli olandan sonra “Azad Avropa” radiosunda məlum materialın yayılması iqtidar düşərgəsində Vaşinqtonun cavabı sayılır. Yeri gəlmişkən, bu ərəfədə nəqliyyat naziri Ziya Məmmədovun Istanbulda verdiyi bəyanat da maraqlıdır. Nəqliyyat naziri iranlı həmkarı ilə görüşündə bildirib ki, Azərbaycan və Iranın dəmiryolları birləşdirilə bilər. Bu Bakının Iranı izolyasiyadan çıxarmaq cəhdi kimi dəyərləndirilə bilər. Və Ziya Məmmədovun indiki ərəfədə belə bir bəyanat verməsi təsadüfi deyil. Bəzi ehtimallara görə, Azərbaycan hakimiyyəti bununla Qərbi şantaj edir. Məqsəd təbii ki, ABŞ-ın seçki ilə bağlı mövqeyinə dəyişiklik edilməsinə nail olmaqdır.