“Azadlıq” qəzetinin kollektivi Milli Şuranın Seçki Fonduna yardım edib. “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, Cəmil Həsənlinin seçki kampaniyasında iştirak etmək qəzetin kollektivi üçün ikiqat mənəvi borcdur: “Ölkədə dəyişiklik istəyən hər kəs kampaniyada iştirak etməlidir. Çünki Cəmil müəllim fəaliyyətini ölkənin demokratikləşməsinə, gerçək tarixi ilə tanınmasına həsr edib. İstənilən obyektiv müşahidəçi təsdiq edər ki, bu gün prezidentliyə iddialılar arasında ən layiqlisi Cəmil Həsənlidir. Ona görə də qəzetin əməkdaşları öz imkanları hesabına Cəmil müəllimin seçki kampaniyasına az da olsa maddi kömək göstərmək isətyir.
Cəmil müəllim həm də “Azadlıq” qəzetinin dostudur. Belə bir deyim var – “Dar günün dostu”. Cəmil müəllim “Azadlıq”da dar günün dostu sayılır. “Azadlıq”ın ən çətin günlərində – istər redaksiyadan çıxarılanda, istər əməkdaşlarımız döyüləndə, təqiblərə məruz qalanda, istərsə də bağlanmamaq üçün cəmiyyətdən, ictimaiyyətdən yardım istəyəndə həmişə Cəmil Həsənlini yanımızda hiss etmişik. Bu baxımdan da biz onun kampaniyasına təkcə maddi deyil, bütün imkanlarımızla dəstək verməyimizi özümüzə mənəvi borc sayırıq”.
Ramin