ABŞ-ın təkliflərinə müqavimət göstərənlər anlayıblar ki, onların addımları effektiv deyil
Vəfa Quluzadə: «ABŞ regionda yaranan Rusiya-Iran-Hizbullah-Suriya ittifaqına qarşı durur»
Suriya ətrafında baş verənlər dünya mediasında baş xəbər olaraq qalmaqdadır. Bugünlərdə Bəşər Əsəd ətrafında daralan halqa Suriyaya qarşı hərbi əməliyyatların bir neçə gün ərzində reallaşacağını deməyə əsas verirdisə, hazırda situasiya bir qədər fərqli görünür. Belə ki, Suriyada baş verənlərin fonunda beynəlxalq birliyin Əsəd rejiminə qarşı dərhal addımlar atmaq əzmi hazırda nisbətən səngiyib. Mövzu ilə bağlı yaranan bu və başqa sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.
– Suriya ətrafında yaranan bugünkü vəziyyət ondan xəbər verir ki, ABŞ-ın təkliflərinə müqavimət göstərənlər anlayıblar ki, onların addımları effektiv deyil. Onların ABŞ-ın qəbul etdiyi qərarlara təsir imkanı sıfra bərabərdir. Iran çox gözəl anlayır ki, ABŞ Suriyaya zərbə endirməkdə qərarlıdır. Ona görə Tehran başa düşür ki, Suriyanı sona qədər müdafiə etsə, o zaman Amerikanın zərbəsinə məruz qala bilər. Rusiya da Obamanın qərarına təsir etmək üçün əlindən gələni etdi. Amma “G-20″ sammitində Putinin bütün səylərinə rəğmən, ABŞ mövqeyindən geri çəkilmədi. Məsələn, əsas iclaslarda Suriya ilə bağlı problemə toxunulmadı. Dünya liderləri Suriya məsələsini yalnız gecə naharı zamanı müzakirə etdilər. Bu müzakirələr də qərar səviyyəsində deyildi. ”G-20″nin qərar vermək səlahiyyəti olmayan bir toplantıdır. Suriya rejiminin kimyəvi silaha sahib olması və onu tətbiq etməsi Amerikanın milli maraqlarına təhlükə yaradır. ABŞ-ın regiondakı müttəfiqlərindən biri Israil Suriya ilə gərgin münasibətlərdədir. Ona görə hazırda Suriya ətrafında yaşananlar əslində baş verənlərdə müəyyənlik yaranmasıdır. Çünki artıq hamı anlayır ki, Suriya ilə bağlı Amerikanın planlarına mane olmaq mümkünsüzdür.
Suriya məsələsi nədən uzanır?
– Ümumiyyətlə, indiyə qədər Suriya probleminin həllini tapmaması nə ilə bağlıdır? Suriya probleminin hələ də tam həll edilməməsinin bir səbəbi kimi Iran amili qeyd edilir. Bu fərziyə nə dərəcədə əsaslıdır?
– Suriya problemi ilə bağlı müxtəlif rəylər vermək olar. Birincisi, onu nəzərə almaq lazımdır ki, Obama fikirlərini açıq formada ifadə etməsə də baş verənlərə görə Rusiyanı ittiham etdi. Amerika KIV-ləri də BMT-nin Təhlükəsizlik Şurasını iflic etmələrinə görə Rusiya və Çin suçlanır. Bu iki dövlət Suriya ilə bağlı qərar qəbul ediləndə, Dəməşqə qarşı sərt addımların atılmasının zəruri olduğu vurğulananda bu qərara veto qoydular. Bu isə qərarın qəbul edilməsini bir qədər də yubandırdı. Başqa bir fərziyə isə ondan ibarətdir ki, Suriyada vətəndaş müharibəsində birləşmiş müxalifət və döyüşçü dəstələri Əsəd rejiminə qalib gəlmək üzrədir. Yəni bir çox şəhərlər, strateji mövqeləri müxalifət ələ keçirmişdi. Döyüşlər artıq Dəməşqin mərkəzində gedirdi. Yəni belə ümid var idi ki, müxalifət bu məsələni özü həll edə bilər. Bundan başqa, Suriya məsələsinə görə beynəlxalq konfrans da çağırılmışdı. Orada da Əsəd rejiminə təklif olundu ki, hakimiyyətdən getsin. Müxalifət bu müddətdə dialoqa hazır idi. Lakin danışıqların əli hələ qana bulanmamış Əsədin ətrafı ilə aparılmasını təklif edirdilər. Bu təklifi də Əsəd rədd etdi. Bu zaman sülh yolu ilə problemin həlli ümidləri tamamilə yox oldu. Bu üzdən Suriya məsələsi uzandı. Digər tərəfdən, əlbəttə, son zamanlar Rusiyanın Suriyanı güclü surətdə silahlandırması amili də var. Əsədin tərəfində “Hizbullah”ın da döyüşlərə qatılması situasiyanı gərginləşdirən amillərdəndir. Bundan başqa, “Sepah”ın da dəstələrinin Əsəd tərəfində vuruşması barədə məlumatlar yayılmaqdadır. Bu vaxt artıq hiss olunmağa başladı ki, Əsəd mövqelərini möhkəmlədir, alınmış strateji mövqeləri bir-bir geri gətirir. ABŞ baş verənlərə göz yumsaydı, Əsədin hakimiyyətini qorumaq naminə kütləvi qırğına getməsinə, müxalifət qüvvələrinə qarşı adekvat mübarizə aparmamasına da susmalı idi. ABŞ regionda yaranan Rusiya-Iran-Hizbullah-Suriya ittifaqına qarşı durur. ABŞ strateqləri də məhz bu məsələdən çıxış edərək addımlar atırlar.
– Bir çox ekspertlər Suriyadan sonra növbənin məhz Iranda olduğunu düşünür. Amma Iranlı general dəyişikliklər üçün növbədə Iranın yox, Cənubi Qafqazın olduğunu vurğulayıb…
– Iranın hazırkı rəhbərliyi Suriyada baş verənlərlə bağlı təmkinli mövqe sərgiləyib. O bildirib ki, Iran nüvə proqramı ilə bağlı danışıqlara hazırdır. Uzun müddət Iranın nüvə proqramı ilə bağlı danışıqlar aparılmırdı. Amma hazırda Iran proqramı şəffaf etməyə hazırdır. Iran bununla üzərindəki təhlükəni ya tamam götürəcək, ya da uzaqlaşdırmağa nail olacaq. Ona görə növbədə Iranın və ya Cənubi Qafqazın olduğunu indidən dəqiq söyləmək çətindir. Bu bəyanatlar bir növ spekulyasiyadır. Cənubi Qafqazda qüvvələr balansı çoxdan dəqiqləşib. Cənubi Qafqazda baş verənlər Qərbin nəzarətindədir və Qərb baş verənlərin nəzarətdən çıxmasına heç cür razılaşa bilməz.
– Kremlin Suriyada nümayiş etdirdiyi dirəniş Rusiyanın dövlət maraqlarından irəli gəlir, yoxsa atılan addımlar sadəcə olaraq Putinin öz istəyindən irəli gəlir? Çünki Rusiyadakı avtoritar rejim bir gün növbənin ona çatacağından narahatdır…
– Putin ikibaşlı siyasət aparır. Bir yandan Putin Amerikaya “dostlarımız” deyə müraciət edir. Rusiya ABŞ-a müraciətdə hələki təcavüzkar sözünü işlətmir. Amma Putin onu da anlayır ki, Rusiyanın vəziyyəti olduqca zəifdir. Putin hakimiyyətə gəldiyi gündən ölkənin tənəzzülü davam edir. SSRI çökdükdən sonra Rusiyanın iqtisadiyyatı və ordusu çöküb. Rusiyanın bütün müttəfiqləri Kremli tərk edərək NATO-ya daxil olublar. Rusiya özünü müdafiə etmək üçün özünə hansı formada təhlükəsizlik qalxanının yaradılmasını düşünür. Ona görə Rusiya tərəfindən irəli sürülən Avrasiya Ittifaqı bu böyük planın tərkib hissəsidir. Amma bu ideyalar bir nəticə vermir. Ermənistanın Avrasiya Ittifaqına daxil olması əslində Rusiyanın regiondakı mövqelərini möhkəmləndirməkdən daha çox zəiflədir. Çünki Azərbaycan onunla müharibə şəraitində olan bir dövlətlə eyni birlikdə təmsil olunmaq istəməz. Hələ Azərbaycanın ilk dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəvət edilməsi baş verən zaman rəsmi Bakı Qarabağ problemi həll olunmayana qədər Ermənistanla heç bir birliyə üzv olmayacağını açıqlamışdı. Görünür, Rusiya Azərbaycandan əlini çəkib ki, Ermənistanı bu ittifaqa daxil edib. Diqqət yetirin, Putin dövlət başçısı olandan sonra ilk səfərlərini hansı ölkələrə etdi. Bu dövlətlər Çin, Kuba, Şimali Koreya, Iran idi. Rusiya çalışırdı ki, bu dövlətlərlə bir ittifaqda birləşsin. Indi Putin düşünür ki, bəlkə iqtisadi vasitələrlə gömrük ittifaqını genişləndirə və müəyyən güc ortaya qoya bildi.
Rusiya Azərbaycanı Avrasiya Ittifaqına çəkir
– Ermənistanın Avrasiya Ittifaqına daxil olması region üçün nə vəd edir? Çünki regionumuzda Rusiya ilə yanaşı Qərbin, ABŞ-ın da maraqları var. Toqquşan maraqlar Cənubi Qafqazda hansı proseslərə səbəb ola bilər?
– Əslində Rusiyanın bu addımları regionda durumu dəyişmir. Rusiya olduqca pis durumdadır. SSRI çökdükdən sonra Rusiya demokratikləşməyib və hələ ki, bu istiqamətdə heç nə görünmür. Hazırkı Rusiya Leninin bir zamanlar “xalqlar zindanı” adlandırdığı çar və sovet imperiyasının qalığıdır. Və hazırkı Rusiya ABŞ-a qarşı birmənalı siyasət yürütmür. ABŞ bunu gözəl anlayır. Amma Amerikanın siyasəti gücə deyil, daha çox beynəlxalq siyasətə əsaslanır.
– Putinin Bakı səfərindən öncə MDB-nin icraçı katibi Lebedev müsahibəsində belə məqam vurğulamışdı ki, Azərbaycanın Avrasiya Ittifaqına tam hüquqlu üzvlüyünə ehtiyac yoxdur. Rusiya Azərbaycanla Avrasiya Ittifaqının proqramları çərçivəsində aktiv əməkdaşlıq edə bilər. Belə əməkdaşlıq nə dərəcədə mümkündür?
– Lebedev çox gözəl anlayır ki, Azərbaycan tamamilə müstəqilliyini Rusiyaya verə bilməyəcəkdir. Rusiya regionda vahimə salan, Gürcüstanın torpaqlarını işğal edən bir dövlət kimi Azərbaycandan qazanmaq istəyir. Amma bu siyasət o deməkdir ki, Rusiya Azərbaycanı tam ələ keçirə bilməyəcəyini anlayır.
– Ukrayna prezidenti Yanukoviç Avrasiya Ittiafqına üzvlüklə bağlı məsələnin referenduma çıxarıla biləcəyini istisna etməyib. Azərbaycanda necə belə hal ola bilərmi?
– Düşünürəm ki, Yanukoviç Rusiyadan zaman udmaq üçün belə bir cavab verib. Çünki Yanukoviç bəyan edib ki, Avrasiya Ittifaqı Ukraynaya sərf etmir. Ukrayna onun yalnız bəzi şərtlərini qəbul edə bilər. Putin isə bəzi maddələrlə deyil, Ukraynanı tam nəzarətinə almağı düşünür. Ona görə Yanukoviçin də yanaşması Rusiyanın maraqlarına uyğun deyil. Ermənistan ictimaiyyəti açıq bəyan edir ki, onlara avrointeqrasiyanı sürətləndirmək daha məqbul olardı, nəinki Avrasiya Ittifaqına üzv olmaq. Azərbaycanda da Avrasiya Ittifaqına münasibətdə baxış tamamilə qeyri-populyardır. Gərək Putin sübut etsin ki, Azərbaycan və başqa ölkələr Avrasiya Ittifaqına daxil olsalar, qazancları nə olacaq. Azərbaycan öz gömrüyünə özü nəzarət edir. Amma Rusiya gömrüklə bağlı razılığı Azərbaycanla bağlasa, o zaman burada Azərbaycanın maraqları tapdanır. Amma Rusiyanın bu gedişləri uğurlu deyil. Çünki Rusiya bir dövlət kimi çöküş yaşayır.
– Hazırda ərəb baharına qarşı bir antitəbliğat kampaniyasına başladılıb. Oxşar təbliğatı Azərbaycanın yerli kanalları da edir. Onların rəyinə görə, ərəb dünyası inqilablardan sonra təlatüm yaşayır. Yəni vurğu bir qayda olaraq mənfi məqamın üzərində qoyulur. Bəs bu inqilabları doğuran səbəblər nə idi?
– 47-48-ci illərdə Israil dövləti yarananda ərəblərin kral rejimləri Fələstini dəstəkləmək üçün Israilə müharibə elan etdilər və məğlub oldular. Bu da ərəb ictimaiyyətində qəzəb oyatdı və bu rejimlərə qarşı əsgəri çevrilişə yol açdı. Misirdə çevriliş nəticəsində Nasirin, Liviyada Qəzzafinin, Suriyada Hafiz Əsədin diktaturası gəldi. Bu rejimlər xalq tərəfindən dəstəklənmirdi. Xalq yalnız əvvəlki rejimdən qurtulmaq üçün ortaya çıxan bu şəxslərə bir vasitə kimi baxırdı. Hazırda baş verən ərəb inqilabları əslində əhalinin narazılığının, qəzəbinin ifadəsidir.
Xəyal