Zakir Qaralovu Ramil Usubovun ayağına aparan nədir?
Bakının prokurorluq orqanlarında çalışan siyasi sifariş əsasında həyata keçirilən həbslərə görə paytaxtdakı iş yerlərini bölgələrə dəyişirlər. Bu barədə xəbəri “Reytinq” qəzeti adının çəkilməsini istəməyən Respublika Prokurorluğunun əməkdaşına istinadən yayıb. Xəbərdə deyilir ki, onların yerinə 23-30 yaşlı gənclər götürülür.
Karyera qurmaqda maraqlı olan bu gənclər isə canla-başla sifarişləri yerinə yetirir. Nəticədə prokurorluq orqanları nüfuzdan düşür. Prokurorluq əməkdaşı bildirib ki, Zakir Qaralov baş prokuror təyin ediləndən sonra prokurorluq orqanları polisdən asılı vəziyyətə düşüb. Polisə nəzarət funksiyasının yerinə yetirməli olan prokurorluq indi bu qurumun fəaliyyətinə müdaxilə edə bilmir. “Bunun nəticəsidir ki, son illər prokurorluq orqanları əməkdaşlarının təşəbbüsü ilə heç bir polis əməkdaşı haqda təhqiqat aparılmayıb. Ayrı-ayrı polis əməkdaşları isə məhz DIN rəhbərliyinin istəyinə uyğun olaraq cəzalandırılıb”, – deyə xəbərdə deyilir.
Məlumatda həmçinin bildirilir ki, polisin iş prosesində prokurorluq əməkdaşları ilə saymazyana davranması bu iki qurumun rəhbərliyinin şəxsi münasibətlərinə də sirayət edib. Bu işlə hər hansı vacib məsələ müzakirə olunanda həmişə Zakir Qaralov Ramil Usubovun ayağına gedir.