Əlövsət Osmanlı vəfat etdi

Tanınmış təhsil eksperti, “Pedaqoqika Nəşriyyatı”nın direktoru Əlövsət Osmanlı dünən axşam saatlarında ürək tutmasından qəflətən dünyasını dəyişib. 

Ə.Osmanlının oğlu Dilqəm Osmanov APA-ya bildirib ki, atası dünən Milli Parkda gəzişərkən anidən ürək tutması olub. Dərhal həkim çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əlövsət Osmanlı Hövsan yaxınlığındakı qəbiristanlıqda dəfn olunacaq. ANS PRESS-in məlumatına görə, mərhumun yas mərasimi “28 may” metrosunun yeni tikilmiş çıxışı yaxınlığında veriləcək.

Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. Onun son kitabları “Təhsil tariximizin qara ləkələri”, “Təhsilimiz hara gedir?” və “Təhsilimiz bu gün” olub.

Ailəli idi. 1 oğlu, 1 qızı var.