Adil İsmayılov sabiq rektor barədə çıxarılan həbs qərarından danışdı
“Elşad Abdullayevlə bağlı orqan alveri, transplantasiya ittihamı ilə bağlı sənədlərlə mümkün olan qədər tanış oldum. Elşad Abdullayev barədə Nəsimi Rayon Məhkəməsinin həbs qərarı ilə bağlı bir neçə məqam var. Bu məqamlar həmin qərarın ləğv edilməsi üçün kifayət qədər əsas verir. Çünki o qərar əsassız və qanunsuzdur”. Bu sözləri “Yeni Müsavat”a müsahibəsində Elşad Abdullayevin vəkili Adil Ismayılov sabiq rektorun orqan alverində ittiham olunmasına münasibət bildirərkən deyib.
Adil Ismayılov daha sonra bildirib: “Elşad Abdullayevi ona görə ittiham edirlər ki, 2009-cu ildə ABU-nun Tibb Mərkəzində qeyri-qanuni transplantasiyalar, konkret desək, böyrəklərin köçürülməsi əməliyyatı olub. Əsas kimi də onu qoyurlar ki, guya Elşad Abdullayev tərəfindən insan orqanları və toxumalarının transplantasiyası haqda Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Sözügedən qanun 28 oktyabr 1999-cu ildə qəbul olunub. 2000-ci ilin 15 yanvarında prezidentin həmin qanunun tətbiq edilməsi ilə bağlı fərmanı olub. Fərmanda göstərilir ki, Nazirlər Kabinetinə 2 ay müddətində transplantasiyanın qayda və şərtləri, eləcə də bu əməliyyatları keçirəcək müəssisələrin siyahısının hazırlanması tapşırılsın. Nazirlər Kabineti həmin fərmanı 17 noyabr 2011-ci ildə yerinə yetirib, 187 saylı qərar qəbul olunub. Bu qərarla qaydalar və şərtlər, eyni zamanda siyahı təsdiq olunub. Bunun 2011-ci ildə qəbul olunmasının səbəbi nədir? Həmin sənədlərdə məlum olur ki, 2011-ci ildə Ukrayna Prokurorluğundan bizə bu materiallar daxil olub. Yalnız bundan sonra Nazirlər Kabineti əl-ayağa düşüb və sözügedən sənədləri təsdiq ediblər”.
Adil Ismayılovun sözlərinə görə, 2011-ci ilə qədər bu əməliyyatların keçirilməsinə qadağa olmayıb: “Istənilən müəssisə bu əməliyyatları həyata keçirə bilərdi. Yəni bu da təsdiqləyir ki, Elşad Abdullayevin də, məhkəməyə verilən ABU-nun Tibb Mərkəzinin baş həkimi Dilarə Ismayılovanın da haqqında heç bir cinayətdən söhbət gedə bilməz. Əgər bunların etdiyini cinayət hesab edirlərsə, o zaman 2011-ci ilin 17 noyabrına qədər nə qədər tibb müəssisələrində bu əməliyyatlar həyata keçirilibsə – bilirik ki, o dövrdə Azərbaycanda bu əməliyyatlar çox olub – demək, onların hamısı cinayət ediblər”.
Vəkil Elşad Abdullayev barəsində verilən həbs qərarından danışarkən maraqlı bir məqamı diqqətə çatdırıb: “Qərarda qeyd olunub ki, guya məhkəmədə Elşad Abdullayevin vəkili iştirak edib. Bir nəfərin adı qeyd olunur, 14 saylı hüquq məsləhətxanasından Allahmanov Şöhrət. Nə Elşad Abdullayev, nə də qohum-əqrəbası bu adamla müqavilə bağlayıb. Belə çıxır ki, ona vəkili dövlət hesabına veriblər. Dövlət hesabına vəkil vermək mümkündür, amma bunu Elşad Abdullayev üçün etmək gülüncdür. Birincisi, onun maddi imkanları var ki, özünə vəkil tutsun. Ikincisi, Respublika Prokurorluğunda və mən hesab edirəm ki, bütün Azərbaycanda hamı bilir ki, Elşad Abdullayevin vəkili var və bu, Adil Ismayılovdur. Ən azından bizə xəbər verə və məni dəvət edə bilərdilər.
Dövlət hesabına gələn vəkillə bağlı qanunun tələbləri də maraqlıdır. Qanunun tələbi odur ki, dövlət hesabına vəkil vermək olar. Amma bu halda təqsirləndirilən şəxsin özünün fikrini soruşmaq lazımdır ki, bu vəkilin iştirak etməsini istəyir, ya yox. Kimi istəyirsən gətir ki, bu adam sənin vəkilindir, buna qanun icazə vermir. Bizim apelyasiya şikayətində bütün bu şikayətlər öz əksini tapıb. Mən inanmıram ki, Apelyasiya Məhkəməsi bizim bu şikayəti təmin etsin. Çünki münasibət göz qabağındadır. Amma istənilən halda bu məsələ davam edəcək. Biz həbs qərarından şikayət edəcəyik, Apelyasiya Məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət edəcəyik”.