“Milli Şuranı parçalamaq niyyətləri nəticə verməyəcək”
Həsən Kərimov: «Namizədimizə xalqın böyük dəstəyinin şahidi olduq»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatıb. Seçki qərargahının ekspertləri imza vərəqələrinə baxış keçirdikdən sonra onlar MSK-ya təqdim olunub. Müsahibimiz AXCP Ali Məclisinin sədri, Seçki Qərargahının həmsədri Həsən Kərimovla söhbətimizə imzatoplama kampaniyasının yekunlarına qiymət verməklə başladıq. Milli Şuranın namizədinə imza verən vətəndaşların C.Həsənliyə münasibəti necə idi?
– İmzatoplama kampaniyası uğurla başlayıb, uğurla da sona yetdi. Əvvəlki illərlə müqayisədə bir-iki nöqsan istisna olmaqla imzatoplama kampaniyasına heç bir maneçilik törədilmədi. Milli Şuranın namizədi Cəmil Həsənli üçün 45 min imzalıq vərəqə götürülmüşdü. Imzatoplama kampaniyası sentyabrın 6-sı səhər saatlarından başa çatdırılmışdı. Imzalar Seçki Qərargahına daxil olan andan AXCP və Müsavatdan müəyyən edilən ekspert qruplarının yoxlanışına təqdim edilmişdi. Həmin ekspert qrupları yoxlamalarını sentyabrın 6-sı günün ikinci yarısı başa çatdırıraq, müəyyən edilmiş 44 mindən çox imzanı tam qüsursuz qiymətləndirmişdi. Həmin imzalar MSK-ya təqdim olunmaq üçün artıq hazırdır. Imzatoplama kampaniyası zamanı biz Milli Şuranın namizədinə böyük bir dəstəyin, sevginin şahidi olduq. Hətta bir çoxları Seçki Qərargahına gələrək qərargahda vərəqələrə imza atırdılar. Imza atmaqla yanaşı vətəndaşlar Cəmil Həsənliyə olan sevgi və dəstəklərini ifadə edirdilər.
– Həsən bəy, MSK-da 21 namizəd qeydiyyatdan keçib. Bu namizədlərin hərəsi qanunverciliklə onlardan tələb olunan 40 min imzanı toplayaraq MSK-ya təqdim ediblərsə, o zaman bu bir milyona yaxın imza deməkdir. Bu isə o deməkdir ki, ölkədə hər iki qapıdan biri döyülməli idi. Amma biz bir neçə namizəd istisna olmaqla imza toplama kampaniyası ilə bağlı bu aktivliyi müşahidə etmirik?
– Bizim imzatoplama kampaniyası zamanı apardığımız müşahidələr, üzvlərimizin gəldiyi qənaət bundan ibarətdir ki, Cəmil Həsənli, Ilqar Məmmədov və müəyyən qismdə Iqbal Ağazadənin imza toplayanları əhaliyə müraciət ediblər. Digər namizədlərdən heç kim imza üçün əhaliyə müraciət etməyib. Bunun səbəbi bu namizədlərin öz istəkləri ilə namizədliklərini irəli sürməmələriylə bağlıdır. Bu şəxslərin qanunvericilikdə tələb olunan imzanı yığmağa belə potensialları yoxdur. Bu şəxslərin imzalarını yalnız icra başçılarının göstərişi ilə dövlət strukturları toplayırlar. Imzatoplama kampaniyası elə bir təbliğatdır ki, imza üçün hər hansı bir kəndə, məhəlləyə üz tutanda bunun əks sədası həmin ərazidə yayılır. Digər tərəfdən biz insanlardan imza almamışdan öncə başqa birinə imza verib-vermədiyini soruşurduq. Cavab bir idi ki, Cəmil Həsəlinin təmsilçilərindən başqa onlara müraciət edən olmayıb. Vətəndaşlar böyük məmmuniyyətlə Milli Şuranın namizədinə imza verərək, seçkiyə gedərək ona səs verəcəklərini vurğulayırdılar. Ödənişsiz efir vaxtından real müxalifətin mümkün qədər az istifadə etməsi üçün hakimiyyət əlindən gələni edir. Çünki hakimiyyət bilir ki, bu seçkilərin favoriti məhz Milli Şuranın vahid namizədidir.
Təbliğat üçün nəzərdə tutulan vaxt az olduğuna görə namizədin özünün iştirakı ilə bütün rayonlarda seçicilərlə görüş keçirmək mümkün deyil: “21 günə bütün rayonları gəzmək, mitinqlər keçirmək problemdir. Ona görə də regional mitinqlərin, görüşlərin keçirilməsini planlaşdırırıq. Cəmil Həsənli 12 iri şəhər və rayonda görüş keçirəcək. Görüşlərə hansı rayondan başlayacağımızı açıqlaya bilmərəm. Bu, seçki kampaniyası sirridir.
Cəmil Həsənlinin vəkilləri namizədin özünün gedə bilmədiyi rayonlarda seçicilərlə görüşərək onun platformasını, məram və məqsədini insanlara çatdıracaqlar. Ilham Əliyev anlayır ki, Milli Şura kimi böyük güclə üz-üzədir və bu dəfə bütün resurslarını işə salsa da Cəmil Həsənliyə qalib gələ bilməyəcək. Ona görə seçkidə qalib gəlmək problemi yoxdur. Hakimiyyətin belə çox namizədli seçki texnologiyası keçirməsinin səbəbi aydındır. Hakimiyyət bir tərəfdən cəmiyyəti çaşdırmağa, digər tərəfdən isə ölkədə demokratik mühitin olduğuna dair fikir formalaşdırmağa çalışır.
“Əyalətlərdə mitinqlərə hazırlıq göstərişi verilib”
– Milli Şuranın namizədinin seçki kampaniyasının dövründə hansı rayonlara səfərləri nəzərdə tutulub, görüşlərlə bağlı hansı taktika sərgiləyəcəksiniz?
– Artıq rayonlarda görüşlərə hazırlığın başlamasıyla bağlı yerli rayon şöbələrimizə göstərişlər vermişik. Təbliğat üçün nəzərdə tutulan vaxt az olduğuna görə namizədin özünün iştirakı ilə bütün rayonlarda seçicilərlə görüş keçirmək mümkün deyil. Qanunvericilikdə təbliğata 21 gün ayrılıb. Bu müddətə isə bütün rayonları gəzmək, mitinqlər keçirmək problemdir. Ona görə də regional mitinqlərin, görüşlərin keçirilməsini planlaşdırırıq. Cəmil Həsənli 12 iri şəhər və rayonda görüş keçirəcək.
– Cəmil bəy əyalətlərdə keçirilən bütün görüşlərdə özü iştirak edəcək, yoxsa namizədin səlahiyyətli nümayəndələri, partiya sədrləri də seçki kampaniyasında fəal iştirak edəcəklər?
– Təbliğat üçün qanunvericiliklə müəyyənləşdirilən vaxt çox məhduddur. Cəmil Həsənlinin vəkilləri, partiya rəhbərləri namizədin özünün gedə bilmədiyi rayonlarda seçicilərlə görüşərək onun platformasını, məram və məqsədini insanlara çatdıracaqlar. Tanınmış şəxslərin qrupu da yaradılacaq və onlar Azərbaycanı gəzərək Milli Şuranın namizədinin təbliğatını aparacaqlar. Bakıda da görüşlərin keçirilməsi nəzərdə tutulur. Seçki Məcəlləsinə görə, ölkənin bütün rayonlarında həm açıq havada, həm də qapalı zallarda görüşlərin keçirilməsi üçün yer ayrılmalıdır.ÿMilli Şura olaraq seçki kampaniyasına Bakıda iri bir mitinqin keçirilməsi ilə başlamaq fikrindəyik. Bundan başqa paytaxtda və regionlarda tanıtım materiallarından, bukletlərdən, istifadə etmək niyyətimiz var. Namizədin plaforması yazılan təbliğat materialları hər bir ailəyə təqdim olunacaq.
– Seçki kampaniyasının vacib şərtlərindən biri kampaniya üçün maliyyənin olması da vacib şərtdir. Bu istiqamətdə durum nə yerdədir?
– Artıq Gəncə və Ağstafada vətəndaşların namizədin bank hesabına maliyyə köçürülməsinə maneə yaratmalarına baxmayaraq, bu proses gedir. Eyni zamanda vətəndaşlar seçki qərargahına müraciət edərək Cəmil bəyin bank hesabını götürürlər. AXCP olaraq əhali ilə işləyərək Cəmil Həsənlinin seçki kampaniyası üçün gərəkli olan maliyyənin əldə olunmasına köməkliyimizi göstərəcəyik. Yeri gəlmişkən, Rüstəm Ibrahimbəyovun seçki kampaniyası üçün “bir manat” kampaniyası öz təsirini göstərir.
“İlham Əliyevin xalqa deməyə sözü yoxdur”
– Hakimiyyət təmsilçiləri bəyan edir ki, Ilham Əliyev seçki kampaniyası zamanı öz iş qrafikinə dəyişiklik etmək niyyətində deyil. Amma dünya praktikasından o da məlumdur ki, tanınmış dövlət başçıları belə seçki kampaniyasına qatıldıqları zaman seçki təbliğatında bilavasitə yaxından iştirak edirlər. Azərbaycan hakimiyyətinin bu prinsipə əks getməsi nəyi sübut edir?
– Bu onu sübut edir ki, Ilham Əliyev xalqın içinə çıxa bilmir. Çünki onun xalqa deməyə sözü yoxdur. Çünki vətəndaşlarla görüşən namizəd onları dinləmələri, problemlərin həlli istiqamətində fikirlərini bildirməlidir. Bundan başqa prezidentliyə namizədlər debatlarda iştirak etməlidirlər. Amma biz Ilham Əliyevin rayonlara səfərləri zamanı açlışını etdiyi müəssisədə məhdud sayda şəxslərlə görüşməklə kifayətləndiyini görürük. Ilham Əliyev xalqa göstərdiyi “xidməti”, hakimiyyətin uğursuzluqlarını nəylə izah edəcək. Xalqın həyat səviyyəsi hər ötən il pisləşir, işğal altında olan torpaqların azad olunması istiqamətində addımlar atılmayıb. Hakimiyyətin heç bir seçkiöncəsi təbliğatı yoxdur. Sadəcə olaraq hakimiyyət ilin əvvəlində büdcə təşkilatlarında çalışanların əmək haqlarını qaldırmaq əvəzinə bunu ilin sonunda edir. Nəticədə bunu özünün təbliğatı kimi təqdim edir. Bu seçkiyə hesablanmış addımlardır. Bu cür cüzi artımlarla xalqın problemlərini həll etmək mümkün deyil. Ona görə Ilham Əliyevin iş qrafikini pozmamağının ən mühüm səbəbi onun xalqın üzünə çıxa bilməməsiylə bağlıdır.
– Bu ərəfədə hakimiyyətyönlü bəzi KIV-lər Milli Şuranı ögeylərə və doğmalara bölməyə çalışır və təşkilat daxilində ciddi problemlərin olduğunu sübut etməyə çalışır. Bu təbliğatı necə qiymətləndirmək olar?
– Hakimiyyət ciddi qüvvə ilə üz-üzə olduğunu bilir. Bu üzdən də bu cür çirkin kampaniya aparır. Hazırda son iyirmi ildə Azərbaycan müxalifətinin nail olmadığı birlik modeli mövcuddur. Cəmiyyətin sosial sifarişi olaraq meydana çıxan birlik iqtidarı narahat edir. Hakimiyyət nəzarətində olan media orqanları vasitəsilə Milli Şuranın daxilinə təfriqə salmağa çalışır. Milli Şurada hazırda olduqca işgüzar şərait mövcuddur. Milli Şuranın rəhbərliyində təmsil olunanlar ümumi məsləhətləşmələrdən sonra müəyyən məsələləri təşkilatın ümumi müzakirəsinə təqdim edirlər. Seçki yaxınlaşdıqca belə addımlar, belə təxribatla tez-tez üzləşəcəyik. Milli Şura birdir, Milli Şuranı parçalamaq niyyətləri nəticə verməyəcək.
“Saxtakarlığın qarşısını almağın yolu mübarizədən keçir”
– Hakimiyyətin seçki saxtakarlığının qarşısını almaq, saxtakarlıqla bağlı faktları qeydə almaq üçün böyük müşahidəçi ordusu lazımdır. Bu istiqamətdə hansı addımlar atmağı düşünürsünüz?
– Cəmil bəy qediyyata alınandan sonra müşahidəçilərin irəli sürülməsi prosesi başlayıb. Biz artıq indidən müşahidəçilərin müəyyənləşdirilməsi prosesinə başlamışıq. Biz eyni zamanda beynəlxalq təşkilatlarla əlaqə yaradırıq ki, seçki prosesinin izlənmə prosesində onlar da yaxından iştirak etsinlər. Bizim topumuz, tüfəngimiz yoxdur. Biz yalnız doğru, düzgün müşahidə aparmaq yolu ilə mübarizə apara bilərik. Biz seçki başa çatdıqdan sonra bütün məntəqələrdən protokolları əldə edərək saxtakarlıq faktlarını sübut etməyə çalışacağıq. Məqsədimiz seçki saxtakarlığı barədə beynəlxalq aləmi məlumatlandırmaqdır. Saxtakarlığın qarşısını almaq üçün çıxış yolu seçicilərin səslərinin arxasında durması, haqlarını aktiv formada müdafiə etməsidir.
– Cəmil Həsənlinin seçkidə təxmini neçə faiz səs toplayacağını düşünürsünüz? Çünki elə Cəmil Həsənlinin namizədliyini irəli sürən Milli Şuraya daxil olan partiyaların üzvlərinin, tərəfdarlarının sayı yüz minlərlədir?
– Seçkidə əsas mübarizə Milli Şura ilə hakimiyyət arasında gedəcək və hakimiyyətin tərəfdarı olan namizədlərin də toplaya biləcəyi səs faizlərini nəzərə alarıqsa, Milli Şura qarşıdan gələn seçkidə 75 faiz səsə iddialıdır.
Xəyal