İlham Əliyevin vəkilləri ilə bağlı bir neçə siyahı var
Ilham Əliyevin seçkidə vəkillərinin kimlər olacağı hələ bəlli deyil. Ötən saylarımızda məlumat vermişdik ki, iqtidar daxili qruplaşmaların hərəsinin vəkilliyə öz namizədləri var. Bu da vəkillərin müəyyənləşdirilməsini müşkülə çevirib. Onu da qeyd etmişdik ki, qruplaşmaların vəkillik uğrunda seçkini nəzarətə götürmək istəyindən gəlir.
Dünən bu məsələ ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Ilham Əliyevin vəkilləri ilə bağlı 3 siyahı var. Siyahılardan biri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə məxsusdur. Ramiz Mehdiyevin siyahısında əsasən rektorlar yer alır. Yəni, PA rəhbəri ötən prezident seçkisində hazırladığı siyahıya ciddi dəyişiklik etməyib.
Digər siyahı isə Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi, PA rəhbərinin müavini Əli Əsədova məxsusdur. Əli Əsədovun siyahısını Paşayevlərin siyahısı hesab etmək olar. Bu siyahıda Paşayevlərə yaxın şəxslər yer alır. Üçüncü siyahı ortaq siyahı hesab olunsa da, bununla bağlı da ziddiyyətlər var. Təsadüfi deyil ki, YAP-ın icra katibi Əli Əhmədov Ilham Əliyevin vəkillərinin kim olacağı barədə mətbuata açıqlama verərkən qeyri-müəyyən danışıb. YAP rəsmisi deyib: “Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var və onların hər biri əslində özünü Ilham Əliyevin vəkili kimi dərk edir, bütün səy və bacarığı ilə seçki kampaniyasında iştirak edir. Yeni Azərbaycan Partiyasının üzvlərindən ötrü bu, əslində dərk edilmiş mənəvi tələbatdır”.
Göründüyü kimi Əli Əhmədov həm də Ilham Əliyevə vəkillik uğrunda rəqabətin olmasına işarə vurub.