CNN Suriya ilə bağlı dəhşətli kadrlar yaydı

ABŞ hücum planına dəstək almaq üçün bu kadrlardan istifadə edəcək

Xamneyinin məsləhətçisi Obamanı qızı Nataşanı oğurlamaqla hədələdi

“Avropa Birliyinin əlindəki məlumatlarda Suriyada kimyəvi silahların tətbiqinə dair güclü dəlillər var”. Belə bir bəyanatla Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton çıxış edib.

Avropa Birliyi Əsədi günahlandırır

Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən AB xarici işlər nazirlərinin toplantısında Suriyadakı vəziyyət və AB-nin atacağı addımların müzakirə olunduğunu deyən K. Eşton artıq birliyə üzv olan 28 dövlətin kimyəvi hücumla bağlı əldə olan məlumatları qəbul etdiyini vurğulayıb. Eştonÿ qeyd edib ki, Avropa Birliyi belə bir cinayətə reaksiya verməyə bilməz. Ancaq hələlik Avropa ölkələri arasında Suriya rejiminə qarşı gücdən istifadə ilə bağlı ümumi razılıq yoxdur. AB ölkələri Suriyada olmuş BMT ekspertlərinin yekun rəyini gözləyirdlər və yalnız bundan sonra qərar qəbul edə biləcəklərini bildirirlər.

Obama konqresmenləri inandıra biləcəkmi?

Suriyada mindən çox insanın olümü ilə nəticələnmiş kimyəvi silah tətbiqinə dair videokadrlar ələ keçib. Bu barədə CNN kanalı məlumat yayıb. Kanalın məlumatına görə, ABŞ Senatının Kəşfiyyat Komitəsi avqustun 21-də Suriyada kimyəvi hücumun nəticələrini təsvir edən 13 videofakt əldə edib. Bu kadrlarda insanların ağrılar içində qıvrandağı və uşaqların dəhşətli ölümü fonunda vahiməli qışqırıqlar əksini tapıb. Kadrların  Senat üzvlərinə və hərbi əməliyyatlara başlamaq planına dəstək verməsi üçün konqresmenlərə nümayiş etdiriləcəyi bildirilir. Ağ Ev kadrların həqiqiliyinin kəşfiyyat orqanları tərəfindən təsdiq olunduğunu iddia edir. CNN-ə görə, bu videolar daha əvvəl Youtube-da yayılıb. Görüntülərin həqiqiliyi kəşfiyyat orqanları tərəfindən sübut olunmadıqca diqqətləri üzərinə çəkmirdi. Bununla belə Ağ Evin konqresmenləri bu görüntülərlə inandırmasının çətin olacağı gözlənilir. ABŞ Konqresinin və ictimaiyyətinin Suriyaya qarşı hərbi əməliyyatları dəstəkləməsi üçün bu videoların müstəsna xidmətləri olacağını düşünən ABŞ-ın BMT-dəki sabiq səfiri Bill Riçardson bu vəhsiliyin qarşını almaq üçün güc tətbiqini zəruri hesab edib. CNN özü yaydığı videokadrların həqiqi olduğunu iddia etməyib: “CNN müstəqil bir telekanal olaraq bu videoların həqiqiliyini təsdiq edə bilməz. Amma rəsmi dairələrin bu kadrların orijinal hesab etməsi üçün səbəbləri var”(“Anspress”).

“ABŞ əsgərlərini başqalarının savaşına soxmayacam”

Öz növbəsində, ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Obama ölkəsini nəticələri ağır olacaq bir duruma aparmayacağını bildirib. Amerika saytlarına və radiolarına verdiyi açıqlamada B.Obama Suriya ətrafındakı vəziyyəti şərh edib: “Bu başqa bir Iraq, ya da Əfqanıstan olmayacaq. Ediləcək müdaxilə həm zaman, həm də əhatə baxımından məhdud olacaq. Hərbi müdaxilə olacaq, ancaq Amerika əsgərlərini başqalarının savaşına soxmayacağam. Biz Amerikayıq, Suriyada yaşanan dəhşətlərə gözümüzü qapada bilmərik”. Hərbi müdaxilə ilə bağlı Konqresdən dəstək gözləyən Ağ Ev sahibi Suriyada mindən çox insanın ölümü ilə nəticələnmiş kimyəvi silah hücumunu XXI əsrin ən böyük faciəsi sayıb. Bəşər Əsəd rejiminin dinc insanlara qarşı kimyəvi silah tətbiqinin tək Suriyanın deyil, bütün bəşəriyyətin problemi olduğunu və bu hadisələrin ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini bildirib: “Bu səbəbdən ali baş komandan olaraq Suriyaya hərbi müdaxilə edilməsinin lazım olduğu qərarına gəldim. Bu asanlıqla aldığım qərar deyildi. Hərbi qüvvələrdən istifadə edilməsi qərarı ölkə olaraq alacağımız ən ciddi qərardır”.

Amerikalılar və almanlar Suriya ilə müharibə istəmirlər

ABŞ-ın bir sıra iri şəhərlərində Suriyaya hərbi müdaxilə əleyhinə etiraz aksiyaları keçirilib(“Anspress”). Aksiyalar Nyu-York, Vaşinqton, Indianapolis, Çikaqo və Boston şəhərlərində baş tutub.  Aksiya iştirakçıları “Suriya ilə müharibəyə yox!”, “Yalan üzərində qurulmuş daha bir müharibə istəmirik!” kimi şüarlar səsləndiriblər.  Polis dinc aksiyaya müdaxilə etməyərək aksiya iştirakçılarını müşayiət edib. Ancaq aksiya iştirakçıları mərkəzi yolları bağlamaq istəyərkən polis bunun qarşısını alıb.
Almaniya hökuməti Suriyaya müdaxilə məsələsində Obamanı dəstəkləsə də, almanların çoxu buna qarşı çıxıblar. Onlar  Suriyadakı hərbi əməliyyatların əleyhinə çıxış ediblər. Fransa Ictimai Rəy Institutu tərəfindən Almaniyada aparılmış sorğuya görə, rəyi soruşulanların 63%-i Suriyaya qarşı əməliyyatların keçirilməsinin əleyhinədir. 77% isə bu əməliyyatlarda Almaniyanın iştirakına qarşıdır. Fransada isə qurum tərəfindən rəyi soruşulanların 68%-i Suriyaya hərbi müdaxilənin əleyhinə olub. Bu sorğu  “Le Figaro”nun sifarişi ilə Fransada 4-6, Almaniyada 2-5 sentyabrda keçirilib. Sosioloqlar 972 fransızı və 1003 almanı sorğuya cəlb ediblər.

Kerri dəstək arayışında

ABŞ Suriyaya hərbi müdaxilə məsələsində özünə dəstək axtarmaqda davam edir. Dövlət katibi Con Kerrinin Fransada keçirdiyi rəsmi görüşlərin nəticəsi Birləşmiş Ştatların xeyrinə yekunlaşıb. Qərbi Avropaya səfər edən Con Kerri Parisdə Fransanın xarici işlər naziri Loran Fabiusla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Kerri növbəti dəfə Suriya rejiminə qarşı ritorikanı işə salaraq qətllərə qarşı sərt mesajın göndərilməli olduğunu vurğulayıb. ABŞ dövlət katibi insanların vəhşicəsinə qətlinə  “lal-dinməz seyrici” qalmağın düzgün olmadığını deyib: “Yer üzündə ən qorxulu silahlardan istifadəyə yol vermək olmaz. Bəşər Əsəd kimi diktatorlara törətdiyi qırğınlara görə açıq və effektiv cavab verməyin vaxtıdır”. Daha sonra çıxış edən  xarici işlər naziri Loran Fabius siyasi həll yolu ilə Suriya rejimini cəzalandırmağın mümkünsüzlüyündən söz açaraq, Bəşər Əsədin özünün məğlub olduğunu anlayacağı günə qədər heç bir danışıqlarda iştirak etməyəcəyini vurğulayıb: “Müstəqil ekspertlər yekdilliklə kimyəvi hücumun baş verdiyini bildirib. Onlar məhz, müstəqil ekspert olduqlarından dedikləri bizim dediklərimizdən daha tutarlıdır”. Qeyd edək ki, əsas güc dövlətlərindən biri olan Fransa Suriyaya hərbi müdaxilə məsələsində Birləşmiş Ştatların mövqeyini müdaifə edir.

Rəfsəncani Əsəd barədə dediklərini təkzib etdi

Iranın keçmiş prezidenti Ələkbər Haşimi-Rəfsəncani Suriyadakı rejiminÿbaşçısı Bəşər Əsədi mühakimə edən fikrilər söyləmədiyini bildirib(lent.az). O, yerli jurnalistləri söyləmədiyi fikri adından yazdıqları üçün qınayıb. Rəfsəncani bunun “düşmən əlinə oynadığını” söyləyib. Bununla belə, keçmiş prezident qeyd edib ki, istər ayrıca şəxslər, istərsə də təşkilatlar və ya dövlətlər olsun, Islam bütün növ kütləvi qırğın silahının tətbiqinə, o cümlədən kimyəvi silahın istifadəsinə qarşıdır.ÿXatırladaq ki, sentyabrın 2-də Rəfsəncaninin adından onun Bəşər Əsədin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etdiyinə inandığı haqda xəbər yayılmışdı.

Roma Papası müsəlmanlar üçün dua etdi

Vatikanda Roma Papasının Suriyada sülhə həsr etdiyi ibadəti baş tutub. Əvvəlcədən tədbirin siyasi deyil, dini xarakter daşıdığı bəyan edilmişdi. Buna baxmayaraq kütlə içində Suriyanın bayraqları və anti-müharibə şüarları yazılmış plakatlar görünürdü. Roma-Katolik kilsəsinin başçısı Fransiskonun Suriya konfliktinin sülh yolu ilə həllinə həsr etdiyi ibadətini 100 mindən çox insan izləyib. ABŞ 1 sentyabrda Suriyada hərbi əməliyyatlar keçirəcəyini bəyan etdikdən sonra Fransisko bütün dünyanı bir günlük oruc və ibadətə çağırmışdı. Onun bu çağırışına nəinki sadə keşişlər, eləcə də Venesuela və Boliviya kimi katolik ölkələrin liderləri səs vermişdi. Fransisko 5 saat sürmüş ibadəti zamanı, “Bu axşam mən Allahdan xahiş edirəm ki, xaçpərəstlər və digər din qardaş və bacılarımız var gücü ilə qışqırsın: dünyada təcavüz və müharibə heç vaxt olmasın. Müharibə birlikdə yaşaya bilməməyin təzahürüdür. Bu da insanlığın məhvi deməkdir”(“Anspress”).

Türkiyə Suriya ilə sərhəddə hərbi hissə qurur

Türkiyə Suriya sərhəddində gərginlik davam edir. Sərhəddəki keçid məntəqəsinin yaxınlığına raket zərbəsi olub. Raket Suriyanın Bab-ul Heva sərhəd məntəqəsindən bir necə metr aralı atılıb. Baş verən partlayış Hatayın Reyhanlı rayonundan belə eşidilib. Hücum nəticəsində yaralıların olduğu bildirilir. Reyhanlı Dövlət Xəstəxanası yaralılar gətirilə biləcəyi ehtimalına qarşı hazır vəziyyətə gətirilib. Gərginliyi nəzərə alaraq Türkiyə Suriya ilə sərhəddə hərbi hissə qurur. Məlumata görə, hərbi hissə Hatayda, Suriyanın Lazkiyə şəhəri ilə üzbəüz olan Keldağının zirvəsində qurulur. Iki gün ərzində adıçəkilən əraziyə hərbi avadanlıqlar gətirilib. Suriya sərhədinə yaxın yerdə dənizdə də təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, sahilyani ərazilərə kiçik ölçülü hərbi gəmilər yerləşdirilib.

“ABŞ-ın vəzifəli şəxslərinin yaxınları oğurlanacaq”

Iranın ali dini lideri ayətullah Əli Xamneyinin məsləhətçisi Əli Reza Forqani şəxsi bloqunda yazdığı məqalədə ABŞ-a və Ağ evin sahibi Barak Obamaya hədələr ünvanlayıb. O bildirib ki, ABŞ Suriyaya hücum edəcəyi təqdirdə, prezident Obamanın qızı Nataşa oğurlanacaq və təcavüzə məruz qalacaq. Eyni zamanda, 21 saat ərzində bütün dünyada Amerikanın yüksək vəzifəli şəxslərinin övladları və yaxınları oğurlanacaq. 18 saat sonra isə ABŞ oğurlanmış adamların məhvini sübut edən çəkilişləri əldə edəcək. Forqani bildirib ki, bununla da bütün dünya əhalisi görəcək ki, zorakılığa Obama özü layiqdir. “Obama, əgər hücuma keçsən, cəhənnəmə düşəcəksən. Ona görə də, zəhmət olmasa, hücuma keç ”, – deyə Forqani bildirib(newsru.com).

Gültəkin