«Azadlıq»ın bir neçə gün qabaq yaydığı xəbər təsdiqini tapdı
Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi bu yaxınlarda bir qrup gənci həbs edib. Ictimaiyyətdən gizlin saxlanılan bu həbsin şok təfərrüatları moderator.az-a daxil olub. Belə ki, “bandotdel” tərəfindən həbs edilən 4 nəfər gəncdən ikisi Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general Bəylər Eyyubovun yaxın qohumlarıdır.
Saytın araşdırmasına görə, generalın bacısı oğlu Osman Isayev, onun əmisi oğlu Rauf Isayev və daha iki gəncin həbsi ilə bağlı istintaq prosesi də artıq yekunlaşıb. 4 nəfər gəncin həbsinə səbəb isə “Yeni Həyat” yaşayış binasında Osman Isayevin liftdə bir nəfərlə mübahisə etməsi olub. Gənclər arasında mübahisə onların bir-birinə əl qaldırması ilə nəticələnib. Ortada heç bir xəsarətin, şikayətin və uzunmüddətli ictimai qaydanın pozuntusu olmasa da “bandotdel” generalın qohumunu və mübahisənin sonunda oraya gələn daha 3 nəfəri həbs edib.
Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə həbs edilən 4 gəncin məhkəmə prosesi keçirilib.
Proses 40-a yaxın məhkəmə nəzarətçilərinin və 30 polis əməkdaşının nəzarəti altında keçirilib. Prosesi izləmək istəyən curnalist polis və nəzarətçilər tərəfindən məhkəməyə buraxılmayıb.
Son prosesdə hakim həbs edilənləri son söz verib, lakin gənclər hələ buna hazır olmadıqlarını deyib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Həbs edilənlər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.
Xatıraladaq ki, Bəylər Əyyubovun Osman Isayev adlı qohumunun həbs edildiyi haqda bir neçə gün qabaq “Azadlıq” qəzeti məlumat vermişdi.