AXCP sədri müşavirini təbrik etdi

İstedadlı alim, AXCP  sədrinin müşaviri, Qarabağ müharibəsi qazisi, keçmiş vicdan məhbusu Məhəmməd Məcidlinin 40 yaşı tamam olub. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib.
Partiya sədri Məhəmməd Məcidlinin 2011-ci ildə həbs edilərək 1 il 2 ay saxta ittihamlarla məhbəs həyatını yaşadığını xatırladaraq onun həbsdə olduğu müddətdə də yaradıcı işini davam etdirməklə bərabər, təkcə özünü düşünmədiyini, digər dustaqların  hüquqlarının müdafiəsi üçün də çarpışdığını bu səbəbdən də cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən cəzalandırıldığını, dustaqlar arasında isə nüfuzunun yüksəldiyini qeyd edir.
“Vicdanlı, ləyaqətli insan hər zaman, hər yerdə  ədalətin  keşiyində, haqq uğrunda savaşda, hüququ pozulanların, məzlumların yanında  olur. Hazırda siyasi fəaliyyətini uğurla davam etdirən M.Məcidlinin partiyanın yerli strukturlarının təşkilatlanmasında, AXCP ideyalarının həyata keçməsində xidmətləri danılmazdır.  
Hörmətli Məhəmməd bəy! Sizi, partiyamızın fədakar, dönməz əqidəli, vətəninə, xalqına sadiq, gənc yaşlarından həyatını demokratiya uğrunda mübarizəyə həsr edən  cəfakeş insanı yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun sağlıqlı ömür, müqəddəs amallarınızın gerçəkləşməsini, şərəfli mücadilə yolunda daha böyük uğurlara imza atmanızı arzulayıram. Sizin kimi vətənpərvər, dəyanətli, təşəbbüskar ziyalılarımızın partiyamızın rəhbərliyində olmasından qürur duyuram”, – deyə AXCP sədri təbrikində bildirir.