Lalə Şövkət ittihamları dayandırdı

Müsavatdan qərara reaksiya gəldi

Liberal Partiyanın sədri Əvəz Temirxan Müsavat Partiyası ilə qarşılıqlı ittihamlara son qoymaq barədə öz tərəflərindən qərar qəbul etdiklərini bildirib. Modern.az-ın məlumatına görə, Ə.Temirxan bununla bağlı açıqlamasında bildirib:
“Əldə olunmuş razılığa görə, birinci gün ALP lideri, professor Lalə Şövkət və Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli görüşəcəklər.
Cəmil bəyin istəyini nəzərə alaraq, biz bu andan Müsavat başqanı Isa Qəmbərin və onun tərəfdarlarının bizim ünvanımıza böhtanlarına cavab verməyə birtərəfli qaydada məhdudiyyət qoyuruq.
Inanmıram ki, Isa Qəmbər və onun tərəfdarları da eyni addımı atacaqlar.
Mətbuatı izləyin və buna əmin olun”.
Ə.Temirxanın sözlərinə görə, bu günlərdə bir neçə televiziya onu efirə çağırıb və Isa Qəmbərlə münasibətləri haqda danışmağı təklif edib.
“Bu günlərdə bir neçə iqtidar televiziyası məni efirə çağırdı və Isa Qəmbərlə münasibətimiz haqda danışmağı təklif etdi. Mən imtina etdim, amma Rauf Arifoğlu…
Cəmil Həsənliyə verdiyimiz sözə sadiqik. Ona görə susuram”.
ALP sədri öz tərəfdarlarına da müraciət edib: “Bütün Lalə Şövkət və ALP tərəfdarlarından xahiş edirəm, Isa Qəmbər və onun tərəfdarlarının ünvanımıza söylədikləri ittihamlara cavab verməyin. Çünki Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin istəyini nəzər alaraq və onun xatirinə biz bu ittihamlara cavab verməyə birtərəfli qaydada məhdudiyyət qoymuşuq”.
Məsələylə bağlı “Azadlıq”a danışan Rauf Arifoğlu baş verən olaylara dair şərh vermək, yazı yazmaq, tənqid etmək işinin bir parçası olduğunu deyir: “Konkret Əvəz Temirxana, Liberal partiyaya dair yazılara gəldikdə, bunların böyük əksəriyyəti cavab xarakterli olub. Əvəz Temirxan ağır şəkildə, məni, ”Yeni Müsavat” qəzetini təhqir etmişdi və buna uyğun da cavab verildi. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə təşəkkür edirəm ki, bu cür məsələlərdə narahat olaraq Əvəz Temirxana müraciət edib. Bir daha təkrar edirəm ki, yazılarımızın böyük bir hissəsi cavab xarakterli olub. Təhqir, ünvanımıza böhtan olmayacaqsa, təbii ki, cavab da olmayacaq. Lakin proseslərə münasibət və təhlillər işimizin bir parçasıdır”.
Müsavat partiyasının Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı “Azadlıq”a açıqlamasında bildirdi ki, nə Müsavat partiyasının, nə də “Yeni Müsavat” qəzetinin Əvəz Temirxan adlı problemi olmayıb, indi də yoxdur.

Ramin