Mənim indi 33 yaşım var. Az deyil. Söhbət 33 ildən gedir. “Bir igidin ömrü”ndən də artıqdır.
Şəxsi hisslərimlə, intuisiyalarımla çox yazılar yazdım.
Amma heç vaxt inanmadığım, əmin olmadığım bir şeyi yazmadım.
Çox doğrular yazdım. Ancaq bu daim doğruları yazdığım anlamına gəlməz.
Etiraf edirəm:
Az aldanmadım.
Hansı “yuvanın quşu” olduğunu bilə-bilə sadəcə, haqsız mühakimə olunub, qanunsuz həbs edilib deyə xeyli adamı da müdafiə etdim.
Indi onlar bir vaxtlar haqlarında ədalətsiz və əxlaqsız hökm çıxaran sistemlərin yanındadırlar. Onların kirli, çirkin sifarişlərini yerinə yetirirlər.
Nə vaxtsa – dəmir barmaqlıqlar ardında ikən, ən eybəcər yollarla sındırılmağa çalışarkən onların haqlarını qoruduğuma görə peşmanammı?
Bəli, peşmanam!
Itdən peşmanam həm də!
Heç vaxt bu sadə, adi həqiqəti anlamadığıma görə peşmanam: bir dəfə Əliyevçi rejimin yanında olanlar bir də heç vaxt xalqın yanında ola bilməzlər.
Bu sistemin nəfəsi bircə dəfə üzünə dəyənlər, onunla yaxından-uzaqdan əməkdaşlıq, sövdələşmə içində olanlar bir də heç vaxt bu sistemə qarşı ola bilməzlər.
Əvvəl-axır onun qılıncı altında boyunlarını bükməyə…
Gec-tez onların bığı altından keçməyə məcburdurlar.
Məhkumdurlar.
Bu sistemlə hər hansı formadla anlaşma, bağlaşma, əməkdaşlıq içində olanlar bir gün mütləq onun qarşısında diz çökəcəklər.
Boyun əyəcəklər.
Təslim olacaqlar.
Heç vaxt “Keçmiş YAP-çı” olmur.
“Keçmiş heydərçi”…
“Keçmiş ilhamçı” heç vaxt olmur.
Onlar əvvəl-axır çıxdıqları yerə dönəcəklər. Gəldikləri qapıya dönəcəklər.
Bu sistemin nəfəsi dəyən heç kim haqla, hüquqla, ədalətlə bir yerdə addımaya bilməz.
Heydər Əliyevlə bircə dəfə üz-üzə oturan, onun əlini sıxan, onun üzünə gülümsədiyi, onun üzünə gülümsəyən heç kim açıq, ədalətli cəmiyyətdən bir şey anlaya bilməz.
Hüquqi-demokratik dövlətdən bir şey anlaya bilməz.
Çağdaşlıqdan, sivilizasiyadan bir şey anlaya bilməz.
Əgər onlar bu gün demokratik, müasir, modern, uyğar bir Azərbaycan uğrunda mübarizəyə qoşulublarsa, əmin olun ki, bu məsələdə çox qeyri-səmimidirlər, çox riyakardırlar, oyun oynayırlar, sizi barmağınıza dolayıblar.
Məqsəd suyu bulandırmaqdan ibarətdir. “Müxalifətçi” qiyafəsinə bürünərək hər kəsi bir-birinə düşmən etməkdən, bir-birinə qırdırmaqdan ibarətdir.
Uşaq deyiləm artıq. 33 yaşım. Nə qədər fərqli proseslərə şahid olmuşam. Hər dəfə də sonunda məlum olub ki, Əliyevçi sistemlə hər hansı formada əlaqədə olanlar əvvəl-axır mübarizəmizi sırtından vuracaqlar. Söhbət yalnız bu rejimin mandat verdiyi adamlardan da getmir.
Onun qəzetlərində yazmaq…
Onun saytlarına müsahibə vermək…
Onun dəftərxana müdiri, dövlət katibi olmaq…
Onun toyuqlarının yumurtalarını saymaq…
Bir sözlə, ondan hər hansı formada faydalanmaq heç vaxt təsadüfi baş vermir. Bu rejimdən alınan qara qəpik belə, gec-tez qarşımıza çıxır.
Məni o yandırmır ki, biz 9 oktyabrda bu ölkəni yenə də oğru, talançı, saxtakar rejimə uduza bilərik.
Məni o yandırır ki, Əliyevlər hakimiyyətini bu xalqa, bu məmləkətə yamayanlar…
Onun 20 illik irtica, istibdad siyasətini bizim əynimizə biçənlər…
Bu çağdışı, quldur sistemi “xilaskar” kimi bizə sırayanlar indi “müxalifətçi” olaraq tragikomik bir tamaşanın iştirakçılarına çevriliblər. Onlar bir tayfanın, bir klanın, bir ailənin vaxtilə at oynatması üçün meydan yaratmaqlarına kor olmaq…
Bundan xəcalət hissi keçirmək, utanmaq əvəzinə Azərbaycan xalqının “demokratiya mübarizəsi”nin liderləri kimi çıxış edirlər.
Müşfiq necə deyəirdi: “Adamın üzündə həya gərəkdi”.
Amma dərd orasındadır ki, onlar “liderdilər”, adam deyillər.
Artıq yetər! Artıq bəsdir! Artıq bıçaq sümükdədir.
Bu oğru, talançı, yalançı, əxlaqsız və hüquqsuz rejimin əsasını qoyub, onun yaranmasında və möhkəmlənməsində bu, ya da digər formada iştirak edib utanmadan, qızarmadan xalqa əxlaq, həqiqət, hüquq dərsi keçmək yetər!
Biz çörəyi qulağımıza yemirik. Gedin o nağıllarınızı nəvələrinizə danışın.
Ya da ayıbınıza kor olun, plov dəmləməklə, dana basdırmaqla, dolma bükməklə, kabağ çəkməklə məşğul olun.
Yaxşımı?!